Alimlər dərinlikdə nadir rast gəlinən Stygiomedusa gigantea növünü lentə alıblar...
Poliqon xəbər verir ki, alimlər Argentina sahilləri yaxınlığında nadir və sensasion tapıntı qeydə alıblar. Tədqiqatçılar nəhəng Stygiomedusa gigantea meduzasını sualtı kameranın obyektivinə salıblar. Çəkiliş Buenos-Ayresdən Odlu Torpaq istiqamətində hərəkət edən “Falkor” elmi-tədqiqat gəmisindən, təxminən 250 metr dərinlikdə aparılıb.
Schmidt Ocean Institute mütəxəssislərinin qiymətləndirməsinə görə, aşkar edilən meduzanın ölçüləri kiçik bir avtobusla müqayisə oluna bilər. Bildirilir ki, bu canlı növünün şüaları on metrədək uzana bilir ki, bu da onu okeanın ən iri və ən sirli meduzalarından birinə çevirir.
Qeyd olunur ki, Stygiomedusa gigantea son dərəcə nadir hallarda müşahidə olunur və ümumilikdə dünya okeanının böyük hissəsi hələ də kifayət qədər öyrənilməyib. Ekspedisiya zamanı təkcə bu möhtəşəm görüntü ilə kifayətlənməyən alimlər bir neçə mərcan rifi də aşkar ediblər. Bundan əlavə, ilkin ehtimallara əsasən, qurdlar, ilbizlər və dəniz anemonları daxil olmaqla 28-dək yeni növün müəyyən edildiyi bildirilir.
Ekspedisiyanın rəhbəri, Buenos-Ayres Universitetinin nümayəndəsi Mariya Emiliya Bravonun sözlərinə görə, komanda bu qədər zəngin biomüxtəlifliklə qarşılaşmağı gözləmirdi. Onun fikrincə, əldə edilən nəticələr dərin dəniz ekosistemlərinin hələ nə qədər az öyrənildiyini bir daha nümayiş etdirir və gələcək tədqiqatlar üçün yeni imkanlar açır.
Poliqon.info