AZ

Gürcüstanda Şərq-Qərb magistralı 2030-cu ilin sonunadək hazır olacaq

Gürcüstanın Baş naziri İrakli Kobaxidze ölkənin strateji mövqeyindən maksimum istifadə etmək üçün hökumətin ardıcıl addımlar atdığını bildirib.

"Ölkə.az" "Report"a istinadla xəbər verir ki, bu barədə siyasətçi "POSTV"yə müsahibəsində danışıb.

Baş nazir qeyd edib ki, əsas prioritetlərdən biri Gürcüstanın əlaqə və tranzit funksiyalarının gücləndirilməsidir: "Ölkəmizin strateji mövqeyindən istifadə etmək üçün əlimizdən gələni edirik. Vəzifələrimizdən biri bağlantı və tranzit funksiyalarını inkişaf etdirməkdir".

Onun sözlərinə görə, bu istiqamətdə genişmiqyaslı infrastruktur layihələrinə böyük investisiyalar yönəldilir.

Baş nazir bildirib ki, mövcud plana əsasən, 2030-cu ilin sonunadək əsas magistral yolun ( "Orta Dəhliz"in bir hissəsi olan və Asiyanı Avropa ilə birləşdirən Şərq-Qərb magistralı) demək olar ki, bütün hissələri Türkiyə sərhədindən Azərbaycan və Ermənistan sərhədlərinədək tamamlanacaq.

Kobaxidze qeyd edib ki, bu layihələr Gürcüstanın regional nəqliyyat və logistika mərkəzi kimi rolunu daha da gücləndirəcək, həmçinin ölkənin iqtisadi inkişafına və beynəlxalq ticarət imkanlarının genişlənməsinə mühüm töhfə verəcək.

Şərq-Qərb magistralı və ya Avropa Tranzit Yolu (E-60) Gürcüstanın Azərbaycanla sərhədindən başlayır və Qara dəniz sahilində, Poti limanı yaxınlığında bitir. Gürcüstan ərazisində dəhlizin uzunluğu 392 kilometrdir. Qırmızı Körpüdən (Azərbaycanla sərhəd) Sarpiyə (Türkiyə ilə sərhəd) qədər olan yolun bütün hissələrinin tikintisi başa çatdıqdan sonra isə bu məsafəni avtomobillə 8 saat əvəzinə 4-4,5 saata getmək mümkün olacaq.

Seçilən
37
3
olke.az

4Mənbələr