AZ

"İsrail bəşəriyyətin ortaq düşmənidir" - BMT-nin xüsusi məruzəçisi

"İsrail Qəzza bölgəsində əsl soyqırım törədib..."

BMT-nin işğal olunmuş Fələstin ərazilərində insan hüquqları üzrə xüsusi məruzəçisi Françeska Albanese 7 fevral axşamı "Əl-Cəzirə"nin təşkil etdiyi forumda videoəlaqə vasitəsilə çıxış edib.

Moderator.az xəbər verir ki, bu barədə "vesty.co" nəşri yazıb.

Albanese çıxışında bildirib ki, "bəşəriyyətin artıq ortaq düşməni var və bu, İsraildir". Qeyd olunur ki, Dohada keçirilən və rəsmi adı "Formalaşan çoxqütblü dünyada Fələstin məsələsi və regional güc balansı" olan forumda HƏMAS rəhbərlərindən Xalid Məşəl və İranın xarici işlər naziri Abbas Araqçı da iştirak edib.

"Bu, beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır'

Albaneseyə görə, Qərb mediası uzun müddət "soyqırım narrativini" gücləndirib və bu, beynəlxalq hüququn ciddi şəkildə zədələnməsi deməkdir. Onun fikrincə, mövcud vəziyyət beynəlxalq hüququn faktiki olaraq iflasa uğradığını açıq göstərir.
"İndi ortaq düşmən var. Biz onun qarşısında dayanmalı və düzgün olanı etməliyik", - o, vurğulayıb.

Forumda çıxış edən İranın xarici işlər naziri Abbas Araqçı da İsrailə qarşı sərt ittihamlar səsləndirib. O, Fələstin məsələsini "qlobal ədalətin əsas sınağı" adlandırıb və Qəzzada baş verənləri "mülki həyatın məqsədli şəkildə kütləvi məhvi" və "soyqırım" kimi xarakterizə edib. Araqçı İsrailə qarşı sanksiyalar tələb edib və fələstinli qaçqınların qeyd-şərtsiz geri qaytarılmasını istəyib.

İsrailin reaksiyası və hiddəti

Albanesenin çıxışına cavab olaraq İsrailin BMT-dəki daimi nümayəndəsi Dani Danon sosial "X" şəbəkəsində yazıb ki, Albanese BMT mandatından "terrorçuların və antisemit dairələrin təbliği üçün" istifadə edir. Onun sözlərinə görə, Albanesenin HƏMAS lideri Xalid Məşəllə eyni forumda çıxış etməsi vəziyyəti daha da ağırlaşdırır.

İsrailin Avropa İttifaqındakı səfiri Avi Nir-Feldkleyn isə BMT baş katibi Antonio Quterreşə müraciət edərək sual edib ki, necə olur, BMT-nin xüsusi məruzəçisi "Əl-Cəzirə" kimi "Müsəlman Qardaşları" ilə əlaqələndirilən platformada İran rəsmisi və HƏMAS lideri ilə birlikdə çıxış edir.

Albanesenin keçmişi və ardıcıl mövqeyi

Xatırladaq ki, 2025-ci ilin iyulunda ABŞ Dövlət Departamenti Françeska Albaneseyə qarşı sanksiyalar tətbiq edib və onun ABŞ və İsrailə qarşı siyasi fəaliyyətini "qəbuledilməz" adlandırıb. 

HƏMAS hücumlarının hələ davam etdiyi saatlarda Albanese baş verənləri "daha geniş kontekstdə dəyərləndirmək" çağırışı edib. 2023-cü ilin 7 oktyabrından sonra isə HƏMAS-ın törətdiyi vəhşilikləri sistemli şəkildə ya inkar edib, ya da "İsrailin təzyiqlərinə cavab" kimi təqdim edib.

Albanese 2022-ci ildən BMT-nin xüsusi məruzəçisi vəzifəsini tutur, 2025-ci ilin aprelində isə mandatı daha üç il uzadılıb. O, daha əvvəl İsrail rəhbərliyini nasistlərlə müqayisə edib, 7 oktyabr hadisələri ilə bağlı məlumatları şübhə altına alıb. 2024-cü ilin fevralında isə İsrail onun ölkəyə girişini qadağan edib.

Seçilən
61
1
moderator.az

2Mənbələr