AZ

Ağ Ev Venesuela müxalifətinin lideri Maçadodan narazıdır

Vaşinqton Maria Korina Maçadonun açıqlamalarını ABŞ-nin milli təhlükəsizlik məqsədlərinə zidd sayır...

ABŞ administrasiyası Venesuela müxalifətinin lideri Maria Korina Maçadoya münasibətdə artan məyusluq yaşayır.

Poliqon xəbər verir ki, bu barədə Politico nəşrinə danışan Ağ Evdəki mənbələr bildiriblər ki, xüsusilə Maçadonun ölkədə seçkilərin bir ildən də az müddətdə keçirilə biləcəyi ilə bağlı son açıqlamaları Vaşinqtonda ciddi narazılıq doğurub.

ABŞ administrasiyasının müşavirlərindən biri nəşrə açıqlamasında Maçadonun davranışını kəskin tənqid edib: “Maria Korina Maçado administrasiyanın bütün bu səylərini heçə endirməyə çalışır… o, eqoistdir”, deyə mənbə bildirib. 

Mənbənin sözlərinə görə, görülən işlər heç bir halda Maçadonun adına bağlana bilməz.

“Bu, ‘Maria Korina Maçado əməliyyatı’ deyil. Bu, ABŞ-nin milli təhlükəsizliyinin təmin edilməsi üzrə əməliyyatdır və onunla heç bir əlaqəsi yoxdur. O, destruktiv amildir və ABŞ-nin milli təhlükəsizlik məqsədlərinə qarşı işləyir”, deyə Ağ Ev rəsmisi vurğulayıb.

Mənbə həmçinin Maçadonu prezident administrasiyasının Venesuela siyasəti çərçivəsində əldə etdiyi nailiyyətləri sarsıtmaqda ittiham edib. Bildirilib ki, siyasi məhbusların azad olunması, iki ölkə arasında birgə hüquq-mühafizə əməliyyatları və digər təşəbbüslər Maçadonun özünü Venesuela müxalifətinin “yeganə ulduzu” kimi təqdim etmək cəhdləri fonunda kölgədə qalır.

Politico-ya danışan və Ağ Evə yaxın olan digər bir şəxs də seçkilərin vaxtı ilə bağlı proqnozlara ehtiyatla yanaşıb. Onun fikrincə, real vaxt çərçivəsi daha uzundur.

“İyirmi dörd ay daha real müddətdir, lakin strateji baxımdan onun vaxt məsələsi ilə bağlı açıq fikir bildirməsi düzgün deyil”, deyə mənbə qeyd edib.

Analitiklərin qənaətinə görə, Vaşinqton Maçadonun ritorikasını Venesuelada mərhələli siyasi proseslərin və ABŞ-nin regiondakı maraqlarının risk altına düşməsi kimi qiymətləndirir və bu da tərəflər arasında münasibətlərin daha da gərginləşməsinə səbəb ola bilər.

Poliqon.info

Seçilən
7
poliqon.info

1Mənbələr