Ukraynanın xarici işlər naziri Andrey Sibiqa bildirib ki, sülh sazişinin ən mürəkkəb bəndlərinin razılaşdırılması üçün Ukrayna və Rusiya liderlərinin şəxsi görüşü zəruridir.
KONKRET.az xəbər verir ki, o, bu barədə Reuters agentliyinə müsahibəsində deyib.
Nazirin sözlərinə görə, Kiyev, Moskva və Vaşinqton arasında danışıqların əsasını təşkil edən 20 maddəlik sülh planında cəmi bir neçə məsələ açıq qalır.
Sibiqa vurğulayıb ki, Ukrayna müharibənin dayandırılması prosesini sürətləndirməkdə maraqlıdır və ABŞ Konqresində noyabrda keçiriləcək aralıq seçkiləri kimi xarici amillər danışıqlara təsir göstərməzdən əvvəl mövcud impulsdan istifadə etmək niyyətindədir.
“Bu müharibəni yalnız Tramp dayandıra bilər”, – deyə o qeyd edib.
Nazir bildirib ki, Kiyev və Moskva arasında Donbas və Zaporojye AES məsələlərində prinsipial fikir ayrılıqları qalır. Onun sözlərinə görə, Rusiya Donetsk vilayətinin Ukraynanın nəzarətində qalan hissəsinin verilməsində israrlıdır, Kiyev isə bunu qəbul etmir. Eyni zamanda Ukrayna Avropanın ən böyük atom elektrik stansiyası üzərində nəzarətin bərpasını tələb edir.
“Mənim qiymətləndirməmə görə, həqiqətən impuls var. Bu sülh səylərini konsolidasiya etməli və sürətləndirməliyik. Biz buna hazırıq”, – deyə Sibiqa vurğulayıb.
Nazirin sözlərinə görə, ABŞ Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin Konqresdə ratifikasiyasına hazır olduğunu təsdiqləyib. Bu zəmanətlər gələcək sülh sazişi çərçivəsində müvafiq dəstəyi təmin edə bilər. O, həmçinin NATO-nun 5-ci maddəsinə bənzər, kollektiv müdafiəni nəzərdə tutan mexanizmə ehtiyac olduğunu bildirib. Təhlükəsizliyin əlavə elementi kimi Ukraynanın Aİ-yə üzvlüyü də nəzərdən keçirilir.
“Bu mərhələdə amerikalılar olmadan hər hansı təhlükəsizlik infrastrukturu və ya arxitekturasına inanmıram. Onlar bizim yanımızda olmalıdır və artıq prosesdə iştirak edirlər. Bu, çox böyük nailiyyətdir”, – deyə XİN rəhbəri əlavə edib.
Müşviq Tofiqoğlu
KONKRET.az