
İranın xarici işlər naziri Abbas Əraqçi Tehranın ABŞ ilə danışıqları davam etdirib-etdirməmək barədə qərarı Vaşinqtonun niyyətlərinin ciddiliyini qiymətləndirdikdən sonra verəcəyini bildirib.
Yeniavaz.com “Mehr” agentliyinə istinadən xəbər verir ki, nazirin sözlərinə görə, əgər danışıqların davam etdirilməsi barədə qərar qəbul olunarsa, müzakirələr yalnız nüvə məsələlərinə fokuslanacaq. O, mümkün növbəti danışıqlar raundunun vaxtı və yerinin daha sonra müəyyən ediləcəyini qeyd edib.
“İran həm əvvəlki müharibədən, həm də danışıqlardan mühüm dərslər çıxarıb və indi baş verən hər şeydən tam xəbərdar olaraq danışıqlar aparır”, – deyə nazir vurğulayıb.
Onun sözlərinə görə, bu mərhələ bir çox cəhətdən qarşı tərəfə nə dərəcədə etibar edilə biləcəyinin sınağı olub.
Xarici işlər naziri cümə günü Amerika nümayəndə heyəti ilə birbaşa görüşün baş tutmadığını, lakin diplomatik nəzakət çərçivəsində qısa bir təmasın olduğunu bildirib.
Əraqçi həmçinin vurğulayıb ki, İranın raket imkanları və regional məsələlər danışıqların gündəliyində olmayıb və olmayacaq.
“Danışıqlar yalnız nüvə məsələsinə aiddir və eyni çərçivədə davam edəcək”, – deyə o bildirib.
ABŞ-nin əvvəlki raundlarda irəli sürdüyü şərtlərlə bağlı suala cavab verən nazir əsas tələbin İran üçün qəbuledilməz olan uranın sıfır səviyyədə zənginləşdirilməsi olduğunu deyib. O qeyd edib ki, Tehran zənginləşdirmənin davam etməli olduğunu açıq şəkildə bəyan edib.