ABŞ-də beynəlxalq təhsil siyasəti ətrafında müzakirələr intensivləşib. Xarici mediada yayılan məlumatlara görə, son dövrlər ali təhsil müəssisələrinə qəbul, tələbə vizaları və xarici tələbələrin ölkədə qalma imkanları ilə bağlı yanaşmalar yenidən gündəmə gətirilib.
AzEdu.az xarici KİV-ə istinadəxəbər verir ki, xüsusilə beynəlxalq tələbələrin ABŞ universitetlərinə cəlb olunması, onların məzuniyyətdən sonra iş imkanları və viza prosedurlarının sadələşdirilməsi məsələləri akademik dairələrdə və təhsil ekspertləri arasında fikir ayrılığı yaradıb. Bir sıra mütəxəssislər mövcud siyasətin ABŞ-ın qlobal təhsil rəqabətində mövqeyinə təsir göstərə biləcəyini vurğulayırlar.
Qeyd olunur ki, beynəlxalq tələbələr ABŞ ali təhsil sisteminin həm elmi potensialına, həm də iqtisadiyyatına mühüm töhfə verirlər. Bu baxımdan, bəzi universitet rəhbərləri və təhsil təşkilatları daha çevik və açıq beynəlxalq təhsil siyasətinin formalaşdırılmasının vacibliyini önə çəkirlər.
Digər tərəfdən, təhlükəsizlik və miqrasiya məsələlərini əsas gətirən çevrələr isə xarici tələbələrlə bağlı nəzarət mexanizmlərinin gücləndirilməsinin tərəfdarıdır.
Müşahidəçilərin fikrincə, ABŞ-da beynəlxalq təhsil siyasəti ilə bağlı qərarlar təkcə ölkədaxili deyil, eyni zamanda qlobal ali təhsil mühitinə də təsir göstərəcək.