AZ

Müəllimi güllələyən şagirdin “kumir”i terrorçu olub?

Bakıda fəaliyyət göstərən “İdrak” liseyində müəllimin güllələnməsi ilə nəticələnən hadisəni törədən şagirdə aid olduğu deyilən “TikTok” paylaşımları sosial mediada müzakirələrə səbəb olub.

AzEdu.az Modern.az-a istinadən xəbər verir ki, həmin “TikTok” hesabında paylaşılan və yenidən yayımlanan materialların əhəmiyyətli hissəsi 2018-ci ildə Krımın Kerç şəhərində kollecdə silahlı hücum həyata keçirən Vladislav Roslyakovla bağlı olub.

Xatırladaq ki, Kerç Kollecində baş verən hücum nəticəsində azı 19 nəfər həyatını itirib, onlarla insan yaralanıb. Hücumu törədən 18 yaşlı tələbə əvvəlcə ətrafındakılara atəş açıb, daha sonra intihar edib.

Bu fakt bir daha göstərir ki, yeniyetmələrin sosial şəbəkələrdəki fəaliyyəti valideynlərin və yaxınlarının daimi diqqətində olmalı, onların maraqları və izlədikləri məzmunlar nəzarətsiz buraxılmamalıdır.

Qeyd edək ki, Bakı şəhəri Binəqədi rayonunda yerləşən özəl “İdrak” liseyində baş verən silahlı insident zamanı 10-cu sinif şagirdi Ə.Ş. atasına məxsus ov tüfəngini məktəbə gətirib. Şagird sinif otağında 1997-ci il təvəllüdlü riyaziyyat müəllimi Şəhla Kamilovaya atəş açaraq onu yaralayıb. Hadisədən sonra şagird saxlanılaraq həbs edilib.

Məlumata görə, hadisədən əvvəl şagird sosial şəbəkələrdə zorakılıq və silah mövzulu paylaşımlar edən onlayn oyunlar və qruplarda aktiv iştirak edib. Məktəb rəhbərliyi bu səbəbdən dəfələrlə ailəni xəbərdar edib.

Həmçinin şagirdin silahlarla bağlı paylaşımları digər məktəblilərin də üzv olduğu qruplarda yayılıb. Lakin bu paylaşımlar onun həmyaşıdları tərəfindən real təhlükə kimi qiymətləndirilməyib.

Seçilən
13
1
azedu.az

2Mənbələr