AZ

ABŞ vitse-prezidentinin səfəri: Bakı-Vaşinqton münasibətlərində yeni mərhələ  

Çağdaş dövrdə ölkələr arasında münasibətlər ənənəvi qəliblərdən çıxaraq daha dinamik, praqmatik və şəxsi liderlik faktorunun ön planda olduğu yeni mərhələyə qədəm qoyur. Bu gün ABŞ-Azərbaycan arasındakı əlaqələr də qarşılıqlı etimada və strateji mənfəətə söykənən sarsılmaz tərəfdaşlıq modeli üzərində qurulur. 

ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensin 9-11 fevral tarixlərində regiona planlaşdırılan səfəri yeni arxitekturanın təməl daşlarını yerinə oturtmaq və TRIPP kimi nəhəng layihələri praktiki müstəviyə keçirmək məqsədi daşıyır. ABŞ Dövlət Departamentinin məlumatına əsasən, dövlət katibinin iqtisadi məsələlər üzrə müavini Ceykob Helberq də 9-11 fevral tarixlərində Milan, İrəvan və Bakıya səfər çərçivəsində vitse-prezident Vensə qoşulacaq. Məlumata görə, Vens və Helberqin Ermənistan və Azərbaycana səfəri ABŞ administrasiyasının sülh səylərinin, eləcə də “Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu” (TRIPP) təşəbbüsünün təşviqinə yönəlib. 

      Vensin bölgəyə gözlənilən səfəri Vaşinqtonun Cənubi Qafqazdakı prioritetlərinin rəsmən dəyişdiyinin elanıdır. Xüsusilə dövlət katibinin müavini Ceykob Helberqin səfərdə iştirakı Amerikanın bölgəyə milyardlarla dollarlıq investisiya və texnoloji yeniliklər gətirmək niyyətini təsdiqləyir. Helberq adətən texnologiya sahəsində rəqabət və təhlükəsizliklə bağlı fəaliyyəti ilə tanınır. Bu nüans bölgədə rəqəmsal infrastruktur və enerji dəhlizləri ilə bağlı konkret təkliflərin masada ola biləcəyinə işarədir. 

      ABŞ vitse-prezidentinin Azərbaycana nəzərdə tutulan səfəri ikitərəfli münasibətlərin gücləndirilməsi və regionda sülh prosesinə dəstək baxımından böyük əhəmiyyət kəsb edir. Səfər çərçivəsində Azərbaycan-Ermənistan arasında sülhün, regional təhlükəsizlik və iqtisadi əməkdaşlığın əsas müzakirə predmeti olacağı vurğulanır. Vens Tramp administrasiyasının “öncə Amerika” doktrinasının əsas daşıyıcılarından biridir. ABŞ rəsmisinin səfəri o deməkdir ki, Cənubi Qafqazda sülh artıq ABŞ-nin milli təhlükəsizlik və iqtisadi maraqları çərçivəsində dəyərləndirilir. 

      Ümumən, Azərbaycan və ABŞ arasındakı münasibətlərin keyfiyyətcə yeni müstəviyə keçdiyi və bu prosesdə şəxsi liderlik faktorunun həlledici rolu göz önündədir. Liderlər arasındakı dialoqun xronologiyasına baxdıqda görünür ki, Davosdan Misirə qədər uzanan bütün təmaslar Azərbaycanı qlobal sülhün və enerji təhlükəsizliyinin mərkəzi qovşağına çevirib. Dövlət başçılarının görüşlərində, məktublaşma və telefon zənglərində əksini tapan səmimiyyət ABŞ-nin Azərbaycanı sadiq və güclü tərəfdaş kimi gördüyünün bariz nümunəsidir. 

      Azərbaycan-ABŞ münasibətlərinin hazırkı mərhələsi xüsusilə Donald Trampın hakimiyyətə qayıdışından sonra şəxsi diplomatiya və iqtisadi sülh modelinə əsaslanan yeni strateji dərinlik qazanıb. Trampın xarici siyasəti uzunmüddətli bürokratik danışıqlardan daha çox, birbaşa liderlər arasındakı anlaşmalara söykənir. Məhz iki lider arasındakı təmaslar münasibətlərin dinamikasını müəyyən edən əsas amillərdir. Tramp administrasiyası üçün Azərbaycan artıq sadəcə enerji tərəfdaşı deyil, Avrasiyanın geosiyasi arxitekturasında mərkəzi oyunçu və ABŞ-nin regiondakı əsas strateji sütunudur. Bu kontekstdə, 8 avqust 2025-ci ildə Vaşinqtonda baş tutan tarixi görüş münasibətlərdəki durğunluğa son qoyaraq, “Strateji Tərəfdaşlıq Xartiyası”na gedən yolu açan əsas dönüş nöqtəsi oldu. 

      Liderlər arasındakı dinamik əlaqələr ikitərəfli görüşlərlə məhdudlaşmır, həm də mühüm beynəlxalq platformalarda davamlı təmaslarla möhkəmlənir. 2026-cı ilin yanvarında Davos İqtisadi Forumu çərçivəsində keçirilən dialoq və Misirdəki səmimi təmaslar göstərdi ki, Vaşinqton və Bakı qlobal təhlükəsizlik və iqtisadi rifah məsələlərində eyni dildə danışır. Bu görüşlərdə Azərbaycanın Sülh Şurasına dəvət edilməsi, ölkəmizin regionda sülhün və sabitliyin əsas qarantı kimi qəbul edilməsinin örnəyidir. TRIPP vasitəsilə ABŞ Azərbaycanın nəqliyyat-logistika potensialına, xüsusilə Zəngəzur dəhlizi və Orta Dəhliz layihələrinə milyardlarla dollarlıq dəstək vədi verir ki, bu da regionu qlobal ticarətin yeni mərkəzinə çevirmək məqsədi daşıyır. Azərbaycan-ABŞ münasibətlərinin hazırkı mənzərəsi, sadəcə, iki dövlət arasındakı rəsmi əlaqələri deyil, həm də qlobal siyasətdə ən uğurlu diplomatiya modelinin nümunələrindən birini təşkil edir. 

     Vitse-prezident Vensin səfəri çərçivəsində imzalanacaq sənədlər və TRIPP layihəsinin icrasına dair atılacaq konkret addımlar Azərbaycanın regional liderliyini beynəlxalq səviyyədə bir daha təsdiqləyəcək. Bu prosesin sonunda Azərbaycan-ABŞ strateji müttəfiqliyi daha da güclənəcək. 

İsmayıl QOCAYEV,

“Azərbaycan”

Seçilən
25
azerbaijan-news.az

1Mənbələr