AZ

İcra başçısının müavini ilə dalaşan şəxs yenidən məhkəmə qarşısında: Təzyiq göstərirlər

Qaynarinfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

Qəbələ Rayon İcra Hakimiyyətində keçirilən qəbul zamanı icra başçısının müavini Arif Allahverdiyev tərəfindən boğulduğunu iddia edən rayon sakini İqrar Əhmədov onunla bağlı verilən qərardan narazı qaldığı üçün Şəki Apellyasiya Məhkəməsinə müraciət edib.

O, bununla bağlı Musavat.com-a açıqlamasında bildirib ki, hadisənin iştirakçıları məhkəmədə şahid qismində göstərilir ki, bu da yolverilməzdir: "İş üzrə əsas fiqur olan Arif Allahverdiyev şahid deyil, birbaşa hadisənin iştirakçısıdır. Məhz o, mənə qarşı fiziki zor tətbiq etməyə cəhd göstərib, məni boğmaq istəyib. Bu baxımdan onun şahid qismində göstərilməsi hüquqi baxımdan yolverilməzdir və işin obyektiv araşdırılmasına ciddi maneə yaradır.

Hadisənin baş verdiyi ərazidə yerləşən təhlükəsizlik kameralarının görüntüləri mütləq açılmalı və məhkəmədə araşdırılmalıdır. Kameraların açılmaması hadisənin real gedişinin gizlədilməsinə və sübutların qəsdən ört-basdır edilməsinə xidmət edir. Xüsusilə bildirirəm ki, aktda imzası olan 3 nəfərin hamısı Qəbələ Rayon İcra Hakimiyyətinin əməkdaşlarıdır. Rəsmi qəbul prosesinin təşkili zamanı isə faktiki olaraq yalnız bir icra əməkdaşı – vətəndaşların qeydiyyatını aparan və növbə ilə içəri buraxan məsul şəxs olur. Bu, icra hakimiyyətlərində qəbul prosesinin standart və dəyişməz qaydasıdır. Bu baxımdan, qəbul zamanı eyni vaxtda 3 icra əməkdaşının bir yerdə olub hadisəni müşahidə etməsi həm faktiki, həm də təşkilati baxımdan mümkün deyil. Bu hal aktda göstərilən məlumatların formal, sifarişli və saxta xarakter daşıdığını açıq şəkildə sübut edir. Qeyd edirəm ki, Arif Allahverdiyevin rəsmi qəbul günü yalnız həftənin ikinci günüdür. Hadisənin baş verdiyi tarix isə həftənin beşinci gününə (cümə) təsadüf edir. Bu halda ciddi sual yaranır: əgər həmin gün Arif Allahverdiyevin rəsmi qəbul günü deyildisə, o, hansı hüquqi əsasla qəbul aparıb? Bu qəbul kim tərəfindən və hansı göstəriş əsasında təşkil edilib? Bu fakt hadisənin sonradan süni şəkildə qurulduğunu göstərir.

Əgər iddia edildiyi kimi, guya mən "çöldə qəbul olunmuşamsa”, bu halda aşağıdakı suallar açıq qalır: nə üçün dövlət məmuru vətəndaşı rəsmi qəbul otağında deyil, çöldə qəbul edib? Əgər qəbul çöldə baş veribsə, icra hakimiyyətinin əməkdaşlarının hamısı nə üçün həmin vaxt çöldə olub? Rəsmi qəbul prosesinin binanın daxilində aparılması məcburi olduğu halda, prosesin çöldə keçirilməsi hansı normativ hüquqi aktla əsaslandırılır? Bu ziddiyyətlər bir daha göstərir ki, hadisənin real gedişi qəsdən təhrif olunur və süni ssenari qurularaq ört-basdır edilir.

Xüsusilə vurğulayıram ki, ümumi şöbənin müdiri Fuad Zəkəriyev hadisənin yeganə real və birbaşa şahididir. Aktlarda imzası olan digər şəxslər hadisəni faktiki olaraq görməmiş, sonradan formal qaydada sənədlərə imza atmış şəxslərdir”.

İ. Əhmədov iddia edir ki, A. Allahverdiyev sabahkı məhkəmədə geri çəkilmək üçün ona dəfələrlə zəng edib: "Əgər mən həqiqətən təqsirli şəxs olmuşamsa, bu halda dövlət məmuru tərəfindən mənə zəng edilməsi hansı hüquqi zərurətdən irəli gəlib?

 Hadisədən sonra Fuad Zəkəriyev tərəfindən də mənə dəfələrlə telefon zəngləri edilib və bu zənglər zamanı məndən məhkəməyə getməməyim, ərizə və şikayətlərimdən geri çəkilməyim təkid olunub. Bu hallar açıq şəkildə məhkəmə prosesinə qanunsuz təsir göstərmək, şahid və zərərçəkmiş qismində olan şəxsə təzyiq etmək və ədalət mühakiməsinə müdaxilə cəhdi kimi qiymətləndirilməlidir”.

Qeyd edək ki, hadisə ötən ilin dekabr ayında Qəbələ Rayon İcra Hakimiyyətində baş verib. İ. Əhmədov iddia edib ki, qəbul zamanı icra başçısının müavini Arif Allahverdiyev ilə mübahisə edərkən qarşı tərəf onu boğmağa cəhd edib. Qəbələ Rayon İcra Hakimiyyətindən isə bildirilib ki, Əhmədov İqrar Sədr oğlu RİH-nin qəbul otağına gələrək əsassız yerə yüksək səslə rayon icra hakimiyyətinin vəzifəli şəxslərini təhqir edərək, nalayiq ifadələr işlədib. Hadisə müvafiq qaydada aktlaşdırılaraq aiddiyyəti üzrə rayon Polis Şöbəsinə təqdim edilib. Nəticədə İ. Əhmədov 10 sutkalıq inzibati həbs cəzası alıb. 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
24
1
qaynarinfo.az

2Mənbələr