AZ

Yüngülvari etirazlar kraliçası olan müğənnimiz Orxan Saffari yazır…

ain.az, Gununsesi portalına istinadən məlumat verir.

Allah var, bir çoxu estetik əməliyyat keçirsə də, Azərbaycanda gözəl xanım müğənnilər yox deyildir. Fəqət o müğənnilərin səslərinə, oxuduğu mahnılara da estetik əməliyyatlar lazımdır. Aralarında elələri var, hətta onları bədxassəli şiş kimi kəsib götürmək lazımdır.

Bu mənada, özü gözəl, amma səsinin bir ay içində ən azı üç əməliyyata ehtiyacı olan müğənnimiz də Nura Suridir.

Düzünü desəm, Nura Surini başa düşmək olmur. Oxumağı bir yana, hərdən onun çox da dərinə getməyən vətəndaş mövqeyi də başa düşülmür.

Ümumiyyətlə, bilmək olmur ki, yüngülvari etirazlar kraliçası Nura Suri kimə, nəyə etiraz edir? Bu feysbuk müxalifətçiliyi onun nəyinə lazımdır?

Çox güman, Azərbaycanda ondan qorxmayan Jek müdiri yoxdur. Bir çox xırdabuynuzlu məmurların monopoliyası onun əlindədir. Qorxurlar ki, birdən Nura Suri əsəbiləşər, ziyalı mövqeyini çıxardıb statusla vurar təpələrinə.

Gəlin etiraf edək ki, heç kim Nura Surini dinləmir, amma hamı ona baxır. Allah var, baxılmalı da xanımdır. Yəni bir kişinin hormon problemi yoxdursa, mütləq baxmalıdır. Üstəlik, əksər xanımlar da paxıllıq etməlidir. Şəxsən mən arzu edərdim ki, elə bir sevgilim olsun. Amma oxumasın. Nura xanım istəsə, məni iki dəqiqəyə bişirər, o dəqiqə əriyərəm. Ancaq oxusa, dərhal onu tərk edərəm, həsrətimi çəkər, mənə də heç kimin dinləmədiyi mahnılar həsr edər.

Qəribədir ki, Nura Suri deyəndə adamın ağlına ancaq samanlıqda zadda edilmiş fotosessiyalar gəlir. Elə bir mahnı yoxdur ki, onun ifasında sevilsin. Ancaq bütün paltarlar onun əyində gözəldir. Onun gözəlliyi də, geyimi də əsl səhnəyə uyğundur, kim nə deyir desin, qadın müğənni elə bu cür olar. Ancaq onun səsi, ifası səhnə üçün deyil. Fəqət duş alarkən oxusa, çox da pis səslənməz.

Duş demişkən, Nura Xanım tez-tez təxminən su idarəsinə, qaza, işığa, dirənən yerə AYNA-ya əsəbiləşir. Elə bilirəm, bu dəqiqə istefa zad qışqıracaq. Üstəlik, çox adam da dərhal tora düşür.

Bəlkə də, Nura xanım istəyir ki, Temudan vurulmuş Flora Kərimova olsun. Amma xəbəri yoxdur ki, Gömrük Xidməti buraxmayacaq.

İnsanlar hər dəfə ona müxalif, sözünü deyən sənətçi kimi baxanda ürəyim ağrıyır. Gör, sənət adamlarımız nə qədər susqundur ki, az qala Bakselə şikayət məktubu yazan müğənniyə də müxalifət kimi baxırlar.

Ümumiyyətlə, Nura xanıma qəfil mikrafon uzadıb müxalifətdən sual versən, deyəcək, dövlətimə qurban olum, ölkəmizdə bomba partlamır, dağılışın.

Ancaq maraqlıdır, görəsən, Nura Suri xanım özünə sual veribmi ki, bu qədər mahnını niyə oxuyuram, klipi niyə çəkdirirəm? Axı qoyulan maya da batır. İrağ olsun, sabah-biri gün həbs etsələr, bir mahnısı da yoxdur ki, paylaşıb duyğu sümrüsü edək, deyək, freeNuraSuri.

Adamın yaxşı pulu ola, dəbdəbəli bir məclis qura, Nura xanımı da dəvət edə, o da otura masanın o biri başında, amma oxumaya, danışmaya. Baxasan, iştahın açıla, reyhan kompotu içə-içə yeməyini yeyəsən. Əks halda, qəfil oxusa, adamın mədəsi də kiçilər.

Bəs Nura xanım özü niyə bunları anlamır? Gərək ona kimsə desin ki, qadan ürəyimə, oxuma?

Ümumiyyətlə, Nura Surinin bu ölkədə qapısını daş ata biləcəyi ən böyük qurum Mədəniyyət Nazirliyidir, onlar da Nura xanıma fikir vermir.

Nura Surinin hazırkı sənəti ilə Mədəniyyət Nazirliyindən diqqət görməsi üçün gərək Əbülfəz Qarayevin, Polad Bülbüloğlunun vaxtı olsun.

Mənə elə gəlir ki, Nura xanım musiqidən başqa hər yerdə uğur qazana bilər. Bu gözəllik ki, onda var, nə desən, edə bilər. Təkcə oxumaqdan başqa. Hətta ondan yaxşı köşə yazarı da çıxar. Nura xanım köşə yazarı olsaydı, ona heç vaxt “Get, dolmanı bük” deməzdim.

Odur ki, yaxşı olar, sosial müxalifətçi Nura xanım gözəlliyini də götürüb Azərbaycan musiqisindən uzaqlaşsın.

Orxan Saffari

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
11
icma.az

1Mənbələr