AZ

Keçmiş deputata nazirlikdə vəzifə verildi

7 saylı Ordubad–Culfa seçki dairəsindən VI çağırış Milli Məclisin deputatı, Naxçıvan Gənclər Fondunun sabiq icraçı direktoru Cəbi Quliyevə yeni vəzifə verilib. Editor.az xəbər verir ki, Cəbi Quliyev Gənclər və İdman naziri Fərid Qayıbovun əmri ilə Suraxanı Gənclər Evinin direktoru təyin edilib.

Məlumata görə, keçmiş deputat bu vəzifəyə ötən il təyin edilsə də, nədənsə bunu gizlətməyə çalışıb və nail olub. Çünki nə media, nə də C.Quliyevin sosial şəbəkə hesablarında bu haqda məlumata rast gəlmək mümkün olmayıb.

Keçmiş deputat bir neçə gün öncə Naxçıvan Muxtar Respublikasında Gənclər Həftəsi çərçivəsində keçirilən tədbirdə yeni vəzifəsində çıxış edib.

Editor.az xatırladır ki, Cəbi Quliyev deputatlıq fəaliyyəti dövründə daha çox passivliyi ilə yadda qalıb. O, Naxçıvan Ali Məclisin keçmiş sədri Vasif Talıbovun yaxın ətrafına aid şəxs hesab olunub. Cəbi Quliyev məhz Talıbovun dəstəyi ilə gənc yaşlarında deputat və Naxçıvan Gənclər Fondunun direktoru vəzifələrində çalışıb.

Talıbov vəzifəsini itirdikdən sonra C.Quliyev həm Fonddakı vəzifəsini itirib, həm də Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi millət vəkilliyinə namizəd kimi irəli sürülməyib.

Uzun müddət işsiz qalan C.Quliyev sonradan keçmiş həmkarları olan deputatlar və vəzifəli şəxslərin dəstəyi ilə Suraxanı Gənclər Evinə direktor təyin olunub.

//Editor.az

Seçilən
35
editor.az

1Mənbələr