AZ

Sakinlərin 97% i xoşbəxt olan, yaşıllıqlarla əhatə olunan şəhər Portuqaliyadan reportaj

Oxu.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Braqa Portuqaliyanın üçüncü ən böyük şəhəridir. Ölkənin şimalında yerləşən şəhər eyniadlı rayonun və bələdiyyənin paytaxtıdır. Bir vaxtlar şəhər keltlər, romalılar və mavrlar kimi xalqlara ev sahibliyi edib. Ona görə də tarix bu şəhəri müxtəlif bədii, memarlıq və mədəni hərəkatların çalarları ilə rəngləndirib.

Oxu.Az "Kaspi" qəzetinin Portuqaliyadan hazırladığı reportajı təqdim edir:

"Arxiyepiskoplar şəhəri"

Braqa - ziddiyyətlər şəhəridir. XV əsrdən bəri Portuqaliyanın dini paytaxtı olması burada ənənəvi dindarlığa, dərin kök salmış adət-ənənələrə və vərdişlərə malik qədim bir şəhər formalaşdırıb. Ölkənin əsas dini mərkəzi olması Braqaya zəngin tarix bəxş edib.

Şəhər Portuqaliyanın aparıcı ilahiyyat tədqiqat mərkəzi hesab olunur və "Arxiyepiskoplar şəhəri" adı ilə öyünür. Katolikliyin mərkəzi kimi tanınır və XVI əsrin əvvəllərindən bəri arxiyepiskopun iqamətgahına ev sahibliyi edir. Hər il yüzminlərlə zəvvar və turist buraya axın edir, müxtəlif tarixi dövrlərdə tikilmiş unikal memarlıq abidələrini heyranlıqla izləyir.

Şəhər əfsanə və xurafatlarla dolu cazibədar zadəganlıq və mistisizm atmosferi ilə doludur.

"Bu kafedral o qədər qədimdir ki..."

Braqa Turizm İdarəsinin bələdçisi Tyaqu Pintu şəhər gəzintisi zamanı şəhər haqqında ətraflı məlumat verir. Deyir ki, Braqada olan 200-dən artıq kilsə bu şəhərə "Portuqaliya Roması" ləqəbini qazandırıb. Bu tarixi məbədlərin 60-ı isə katolik kilsəsidir. Xristianlıq III əsrdən bəri şəhərin tarixi və iqtisadiyyatı ilə sıx bağlı olub. Portuqaliyanın ən qədim kilsəsi olan Braqa Kafedralı də burada yerləşir. 1070-ci ildə inşa edilən bu kilsə Portuqaliyanın ilk kralı Afonsu Enrikesin valideynləri Henri və Terezanın dəfn yeri olub: "Braqa Kafedralı əsrlər boyu Portuqaliyanın ən vacib dini mərkəzi olub. Bu kafedral o qədər qədimdir ki, portuqallar bir şeyi çox qədim adlandırmaq istədikdə, adətən "Braqa Kafedralından daha qədim" deyirlər".

XVI-XVIII əsrlər şəhərin tarixində qızıl dövr olub. Bunu əsasən Braqada həm dünyəvi, həm də mənəvi hakimiyyəti həyata keçirən və özünün dediyi kimi, "kəndi şəhərə" çevirən arxiyepiskop Dioqu de Souzanın əməyi ilə reallaşıb.

Mədəniyyət, təhsil və tədqiqat sahəsində etalon

Bu gün Braqa həm də ölkənin ən böyük sənaye və universitet şəhərlərindən biri kimi tanınır. Şəhər hər il Portuqaliyaya gələn miqrantlar üçün əsas məkana da çevrilib. "Bəs bu qədər miqrantı şəhərə cəlb edən nədir?" deyə maraqlanıram: "Braqa həyat keyfiyyətinin ən yüksək olduğu Avropa şəhərlərinin reytinqində üçüncü yerdədir. Avropa Komissiyası tərəfindən aparılan bir sorğu göstərdi ki, Braqa sakinlərinin 97%-i bu şəhərdə yaşamaqdan məmnundur. Çünki Braqa mədəniyyət, təhsil və tədqiqat sahəsində etalon hesab olunur".

Lissabon və Portu ilə müqayisədə daha ucuzluqdur

Braqaya köçməyin digər bir səbəbi ölkənin digər iki böyük şəhəri olan Lissabon və Portu ilə müqayisədə burada əlverişli həyat səviyyəsinin olmasıdır. Daşınmaz əmlakın satışı və ya icarəsi, aylıq kommunal xərclər, uşaqlar üçün xərclər, idman, istirahət və nəqliyyat xərcləri Braqada Lissabon və Portu ilə müqayisədə daha münasibdir. Geyim xərcləri isə Portuqaliyanın digər bölgələrindəki qiymətlərdən aşağıdır.

Standart ərzaq səbətinin qiyməti isə digər Portuqaliya şəhərlərindən əhəmiyyətli dərəcədə fərqlənmir. Ucuz bir kafedə nahar 7-8 avroya başa gəlir.

Yaşıllıqlarla əhatə olunan şəhər

Bələdçi deyir ki, Braqada şəhər üçün lazım olan bütün zəruri infrastruktur mövcuddur: "Şəhərdə uşaq bağçaları, məktəblər, liseylər və universitet, eləcə də uşaqlar və yeniyetmələr üçün müxtəlif əyləncə məkanları və idman klubları var. Metro yoxdur, lakin kifayət qədər inkişaf etmiş avtobus şəbəkəsi mövcuddur. Şəhərdə hipermarketlər, müxtəlif geyim mağazaları və ticarət mərkəzləri var. Bölgəni tanıyanlar bilirlər ki, burada yaşıl rəng üstünlük təşkil edir. Yerləşməsi, iqlimi və təbii sərvətləri sayəsində Braqa yaşıllıqlarla əhatə olunub".

Braqa yüksək məşğulluq səviyyəsi ilə də seçilir: "Şəhərdə böyük şirkətlər fəaliyyət göstərir və bu da iş tapmaq imkanlarını artırır. Burada texnologiya, tekstil və dizayn sənayesi inkişaf edib".

Həmçinin şəhərdə təhlükəsizlik səviyyəsi yüksəkdir. Braqanın mehriban və ünsiyyətcil yerli sakinləri var.

2 250 illik tarixə malik şəhər əhalisinin gənc olması ilə də fərqlənir. Burada çoxlu tələbə olduğuna görə axşama doğru şəhərin küçələrində izdiham yaranır. Gənclərin canlı gecə həyatına qarışan səs-küyü səhərə qədər davam edir…

Braqaya gəncləri cəlb edən səbəblərdən biri Portuqaliyanın və bütün Avropanın ən yaxşı ali təhsil müəssisələrindən biri olan Minyo Universitetinin (Universidade do Minho) burada yerləşməsidir.

Bu ali təhsil müəssisəsi 1973-cü ildə tarixi Minyo əyalətində təsis edilib və 12 fakültədən ibarətdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
oxu.az

1Mənbələr