BAKI, 7 fevral. TELEQRAF
“Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi olan “Nyukasl” klubu İngiltərə Premyer Liqasında növbəti oyununu keçirib.
Teleqraf xəbər verir ki, “sağsağanlar” XXV tur matçında doğma meydanda “Brentford”u qəbul edib.
Gərgin keçən görüş qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Meydan sahiblərinin heyətində Sven Botman (24) və Brunu Gimaraynş (79, penaltidən) fərqləniblər. “Brentford”un qollarını isə Vitali Yanelt (37), İqor Tiaqo (45+2, penaltidən) və Danqo Uattara (85) vurublar.
Bu məğlubiyyətlə Eddi Haunun komandası daxili turnirlərdəki (Premyer Liqa və Liqa Kuboku) qələbəsizlik seriyasını 6 oyuna çatdırıb. Hazırda “Nyukasl” ölkə çempionatının turnir cədvəlində 33 xalla 12-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, “Nyukasl” və “Qarabağ” arasında ilk qarşılaşma fevralın 18-də Bakıda, cavab oyunu isə fevralın 24-də İngiltərədə keçiriləcək.