ain.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın son illərdə əldə etdiyi uğurlar təkcə hərbi və siyasi qələbələrlə məhdudlaşmadı. Bu qələbələr paralel şəkildə hüquqi müstəviyə daşındı və nəticə etibarilə dövlət suverenliyinin bərpası prosesi beynəlxalq hüquq çərçivəsində tamamlandı.
Məlum olduğu kimi, ötən il yanvar ayının 17-də başlamış və bir ildən çox davam edən məhkəmə prosesində Ermənistanın Azərbaycana hərbi təcavüzü zamanı ağır cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin barəsində yaxın zamanda yekun məhkəmə qərarı (hökm) elan edildi. Məhkəmə qərarına görə separatçı “liderlər” Arayik Harutyunyan, Levon Mnatsakanyan, David Manukyan, Davit İşxanyan və David Babayan ömürlük, Arkadi Qukasyan və Bako Sahakyan isə 20 il müddətinə azadlıqdan məhrum edildi. Bundan başqa, Melikset Paşayan 19 il, Qarik Martirosyan 18 il, Davit Alaverdyan 16 il, Levon Balayan 16 il, Vasili Beqlaryan 15 il, Gurgen Stepanyan 15 il və Erik Qazaryan 15 il müddətinə azadlıqdan məhrum edildi. Bununla da müasir Azərbaycan tarixinin ən mürəkkəb, lakin ən uğurlu mərhələlərindən birinin yekunlaşdığının şahidi olduq.
Əslində bugünkü prosesi tam başa düşmək üçün yaxın tarixə nəzər yetirmək lazımdır. Belə ki, 2020-ci ildə baş vermiş 44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycan dövlətinin tarixi missiyasının icrası baxımından dönüş nöqtəsi oldu. 30 ilə yaxın müddətdə Ermənistan silahlı qüvvələri tərəfindən işğal altında saxlanılan Azərbaycan torpaqları BMT Təhlükəsizlik Şurasının illərlə icra olunmayan qətnamələrinə baxmayaraq, real mexanizmə çevrilməmişdi. Beynəlxalq hüququn selektiv tətbiqi, ikili standartlar və status-kvonun qorunmasına yönəlmiş yanaşmalar Azərbaycanın ərazi bütövlüyünün bərpasını əngəlləyirdi. Bu şəraitdə Azərbaycan dövləti legitim özünümüdafiə hüququndan istifadə edərək, hərbi-siyasi yolla işğala son qoydu və faktiki vəziyyəti beynəlxalq hüquqa uyğunlaşdırdı.
Burada xüsusi ilə qeyd etməli olduğum bir məqam var. Belə ki, Prezident İlham Əliyev bu müharibə ilə yalnız torpaqları azad etmədi, həm də münaqişənin mahiyyətini dəyişdi. Yəni Qarabağ məsələsi artıq “dondurulmuş münaqişə” deyil, beynəlxalq hüquq normaları çərçivəsində həllini tapmış ərazi bütövlüyü problemi kimi tarixə düşdü.
Əlbəttə bu, tarixi bir qələbə idi, lakin proses burada bitmirdi. Çünki hərbi qələbə hər zaman tam siyasi və hüquqi yekun demək deyil. Qarabağda separatçı qurumun qalıqları, qeyri-qanuni silahlı dəstələr və özünü “hakimiyyət” kimi təqdim edən strukturlar Xankəndi və ətraf ərazilərdə qalırdı və bunlar davam edən risk faktorları idi.
Məhz bu mərhələdə Azərbaycan dövləti və Prezident İlham Əliyev ikinci, daha incə və mürəkkəb mərhələyə start verdi. Söhbət 2023-cü ildə həyata keçirilən lokal xarakterli antiterror tədbirlərindən gedir. Qeyd edim ki, bu əməliyyatlar nə müharibə, nə də yeni hərbi eskalasiya idi. Bu, suveren dövlətin öz ərazisində qanunsuz silahlı birləşmələri zərərsizləşdirmək hüququnun icrası idi. Qısa müddətdə və minimal itkilərlə başa çatan bu tədbirlər separatizmin hərbi dayaqlarını tam sıradan çıxardı.
Lakin əsas məqam bundan sonra başladı. Çünki separatizmin yalnız silahla məğlub edilməsi yetərli deyildi. Onun ideoloji, siyasi və hüquqi əsaslarının da dağıdılması tələb olunurdu. Azərbaycan dövləti məhz bu nöqtədə hüquqi müstəvini ön plana çıxardı. Qarabağda uzun illər ərzində terror fəaliyyəti, etnik təmizləmə, mülki əhaliyə qarşı cinayətlər, dövlət çevrilişi cəhdləri və silahlı üsyanlarda iştirak etmiş şəxslərin məsuliyyətə cəlb olunması prosesinə başlanıldı. Yuxarıda adı çəkilən şəxslərə oxunan yekun hökm ilə üçüncü mərhələdə yekunlaşdı. Beləliklə, Prezident İlham Əliyevin üçmərhələli və sistemli strategiyası uğurla başa çatdı.
Hesab edirəm Prezident İlham Əliyev bu tarixi uğur ilə yalnız müharibəni qazanan lider kimi deyil, münaqişəni hüquqi cəhətdən də bitirən dövlət başçısı kimi həkk oldu. Bu gün rahatlıqla deyə bilərik ki, Qarabağ məsələsi hərbi, siyasi və hüquqi baxımdan yekunlaşdı və Azərbaycan dövlət suverenliyini tam şəkildə bərpa etdi.
Bu münaqişənin belə şəkildə yekunlaşması dünya praktikasında bir nümunəyə çevrilib. Necə ki, Azərbaycan ordusunun 2020-ci ildə 44 günlük Vətən müharibəsində, 2023-cü ildə antiterror əməliyyatlarında göstərdiyi peşəkarlıq, fədakarlıq dünya hərb tarixində nümunədir, bu məsələ də eyni şəkildə nümunə kimi göstərilir, öyrənilir.
Azərbaycan liderinin son 5 ildəki fəaliyyəti yalnız Azərbaycanın ərazi bütövlüyü, suverenliyinin bərpası ilə yekunlaşmadı, Cənubi Qafqazda sülhün, əmin-amanlığın yaranmasına gətirib çıxardı.
Turan Rzayev
Globalinfo.az-ın siyasət yazarı
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.