BAKI, TurkicWorld, Orxan Qədirzadə
İsrailin Baş naziri Binyamin Netanyahu çərşənbə günü Vaşinqtonda ABŞ Prezidenti Donald Tramp ilə görüşəcək.
TurkicWorld xəbər verir ki, İsrail Baş nazirinin ofisinin açıqlamasına görə, görüşün əsas gündəm mövzusu İranla aparılan danışıqlar olacaq. Netanyahu hesab edir ki, Tehranla istənilən razılaşma yalnız nüvə proqramı ilə məhdudlaşmamalı, eyni zamanda ballistik raketlərin məhdudlaşdırılmasını və İranın regiondakı silahlı qruplara verdiyi dəstəyin dayandırılmasını da əhatə etməlidir.
Qeyd edək ki, İran və ABŞ nümayəndə heyətləri cümə günü Omanda nüvə mövzusu üzrə danışıqlar aparıblar. İranın xarici işlər naziri Abbas Araqçi bu təmasları “yaxşı başlanğıc” adlandırsa da, vurğulayıb ki, təhdidlərdən və təzyiqlərdən imtina edilmədən real dialoq mümkün deyil. Araqçinin sözlərinə görə, Tehran ABŞ-la yalnız nüvə məsələsini müzakirə edir və digər mövzular danışıqların predmetinə çevrilməyəcək.
Bununla yanaşı, ABŞ tərəfi danışıqların gündəliyinin geniş olmasını istəyir. ABŞ-ın dövlət katibi Marko Rubio bildirib ki, Vaşinqton İranın nüvə proqramı ilə yanaşı, ballistik raket imkanlarını, regiondakı silahlı qruplara dəstəyini və ölkə daxilində idarəetmə praktikasını da müzakirə mövzusu kimi görür.
İran rəsmiləri isə dəfələrlə bəyan ediblər ki, ölkənin raket proqramı müzakirə edilə bilməz və Tehran uranın zənginləşdirilməsi hüququnun tanınmasını tələb edir. ABŞ üçün isə İran ərazisində zənginləşdirmə fəaliyyətinin davam etməsi “qırmızı xətt” sayılır. Tehran isə nüvə yanacağından hərbi məqsədlərlə istifadə etmək niyyətinin olmadığını bildirir.