AZ

İrana mesaj: Trampın nümayəndələri “Avraam Linkoln” aviadaşıyıcısında – FOTOLAR

ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndələri Cerd Juşner və Steven Uitkoff şənbə günü ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının rəhbəri, admiral Brad Kooper ilə birlikdə ABŞ Hərbi Dəniz Qüvvələrinin “Avraam Linkoln” adlı flaqman aviadaşıyıcısına baş çəkiblər.

NOCOMMENT.az xəbər verir ki, məlumata görə, hazırda Ərəbistan dənizində, İrana yaxın ərazidə yerləşən aviadaşıyıcıda keçirilən bu səfər barədə Axios iki məlumatlı mənbəyə istinadla xəbər yayıb.

Cümə günü ABŞ hərbçiləri “Avraam Linkoln” aviadaşıyıcı zərbə qrupunun iki hərbi təminat gəmisi və ABŞ Sahil Mühafizəsinin iki katerinin müşayiəti ilə Ərəbistan dənizində hərəkət etməsini əks etdirən fotoları yayıblar. Kadrların üzərindən isə 9-cu aviasiya qanadına məxsus təyyarələr uçub. Şəkillər “Güc yolu ilə sülh!” şüarı ilə təqdim olunub.

Bu hadisə regionda artan gərginlik fonunda Vaşinqtonun Tehrana verdiyi açıq mesaj kimi qiymətləndirilir.

Bununla paralel olaraq, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Əbdülrəhim Musəvi çıxışı zamanı İslam Respublikasına qarşı mümkün hərbi əməliyyatların ağır nəticələrə səbəb olacağını bildirib.

O, təhlükəsizlik sahəsində artan gərginlik və ABŞ tərəfindən mümkün hücum ehtimalları fonunda açıqlama verərək deyib:

“Hər hansı hərbi addım düşmənlər üçün baha başa gələcək. Onlar yaxşı bilirlər ki, istənilən təcavüz strateji məğlubiyyətlə nəticələnəcək və regionda müharibənin miqyasını genişləndirəcək.”

Mousavinin sözlərinə görə, İran Silahlı Qüvvələri yüksək döyüş hazırlığı vəziyyətindədir və istənilən hücuma cavab verməyə hazırdır.

Bundan başqa, İran xarici işlər nazirinin müavini Kazım Qaribabadi Omanda aparılan danışıqlardan sonra Tehranda Rusiya və Çin səfirləri ilə görüşüb. Görüşdə qarşılıqlı maraq doğuran əsas məsələlər müzakirə olunub.

O, bu barədə X sosial şəbəkəsindəki hesabında məlumat paylaşıb.

Ekspertlərin fikrincə, ABŞ nümayəndələrinin aviadaşıyıcıya səfəri və İran rəsmilərinin sərt açıqlamaları Yaxın Şərqdə gərginliyin yeni mərhələyə keçdiyini göstərir.

Seçilən
28
nocomment.az

1Mənbələr