AZ

COVID-19-a qarşı olan vaksinlər insanlarda xəstəlik yaradır? - Səhiyyə Nazirliyindən cavab

Peyvəndlərin, xüsusilə də COVID-19-a qarşı aparılan vaksinləmənin sağlamlığa təhlükə yaratması ilə bağlı narahatlıqlar hələ də mövcuddur.

Qeyd olunan hallarla yanaşı, "CBC News" 2025-ci ildə yayımladığı materialda "Pfizer" peyvəndinin tətbiqindən sonra ürək əzələsinin və ürəyi əhatə edən qişanın iltihabı hallarına rast gəlindiyini bildirib.

Maraqlıdır, bəs bu iddialar həqiqətə nə qədər yaxındır?

Baku TV məsələ ilə bağlı paytaxt sakinləri arasında sorğu keçirib.

"Mən vaksin vurdurmuşam. Heç bir problemlə rastlaşmamışam", - sakinlərdən biri söyləyib.

Digər bir vətəndaş isə qeyd edib: "Nənəm vaksindən şikayət edirdi. Peyvənd vurdurmazdan öncə özünü daha enerjili hiss etdiyini, vaksindən sonra isə halsız və gücsüz olduğunu deyirdi".

Həkim Adil Qeybullanın sözlərinə görə, günümüzdə COVID pandemiyası, onun insan orqanizmində buraxdığı izlər, eləcə də vaksinləmənin özü və təsirləri geniş şəkildə araşdırılan məsələlərdir:

"Ona görə də hesab edirəm ki, bu cür qənaətlər, əslində, antivaksin təbliğatının tərkib hissəsidir. Bu iddialar müəyyən şəxslər tərəfindən yayılır. Qeyd olunan dəyişikliklər COVID pandemiyası dövründə keçirilmiş infeksiyanın qalığı kimi də izah oluna bilər. Məsələn, onkoloji xəstəliklərin, yaddaş və digər funksional pozuntuların yaranması və s. Amma bütün bunları peyvənd ilə bağlamaq üçün, məncə, kifayət qədər əsas yoxdur".

Məsələ ilə bağlı Səhiyyə Nazirliyindən bildirilib ki, bu iddialar əsassızdır:

"COVID-19 əleyhinə tətbiq olunan peyvəndlərlə gənclərdə ürək çatışmazlığı arasında birbaşa səbəb-nəticə əlaqəsini təsdiqləyən etibarlı elmi sübutlar mövcud deyil. Bu sahədə aparılan beynəlxalq və yerli tibbi müşahidələr peyvəndlərin təhlükəsiz və effektiv olduğunu göstərir. Ayrı-ayrı sağlamlıq halları peyvənddən asılı olmayaraq müxtəlif tibbi səbəblərlə baş verə bilər və hər bir vəziyyət sübuta əsaslanan tibb prinsiplərinə uyğun olaraq həkimlər tərəfindən fərdi şəkildə qiymətləndirilir".

Nazirlikdən o da vurğulanıb ki, məsələ mütəmadi olaraq nəzarətdə saxlanılır və elmi cəhətdən təsdiqlənmiş yeni məlumatlar əldə edildikcə ictimaiyyətə açıq şəkildə təqdim olunur.

Seçilən
8
8
far.az

9Mənbələr