Son illər regionlarda abituriyentlər ali təhsil müəssisəsi seçimində paytaxt universitetlərinə üstünlük verirlər.
Xezerxeber.az-ın məlumatına görə, mövzu ilə bağlı danışan millət vəkili Mehriban Vəliyeva deyir ki, bu meyil təkcə fərdi seçim deyil, eyni zamanda, iqtisadi, psixoloji və sosial proseslə bağlıdır. Digər əsas səbəb isə təhsilin keyfiyyətidir. Onun sözlərinə görə, paytaxtdakı ali məktəblər daha güclü akademik heyətə, geniş elmi-tədqiqat imkanlarına və beynəlxalq əlaqələrə malik qurumlar kimi qəbul edilir.
Millət vəkili amma onu da əlavə edir ki, bir sıra regional ali təhsil müəssisələri, xüsusilə pedaqoji, aqrar və müəllim hazırlığı sahələrində bəzi Bakı universitetlərindən geri qalmır, hətta üstün mövqedədir. Problemin əsas səbəbi bu universitetlərin uğurlarının kifayət qədər tanıdılmaması və sistemli inkişaf strategiyasının olmamasıdır. Abituriyentlərin regional universitetlərə marağını artırmaq üçün isə dövlət səviyyəsində məqsədyönlü proqramların həyata keçirilməsi uğurlu ola bilər.
“Universitetlərin konkret sahələr üzrə ixtisaslaşması, elmi tədqiqatların stimullaşdırılması və məzunların uğur hekayələrinin ictimaiyyətə təqdim edilməsi akademik nüfuzun formalaşmasına töhfə verə bilər”,- deyə deputat vurğulayıb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.