AZ

Eynur Babayevlə bağlı ciddi ittihamlar: Mingəçevirdə xəstə azyaşlı ilə bağlı şikayət

Ali təhsilli müəllimə, autizm və epilepsiya xəstəsi olan azyaşlının anası Qubaxanım Ələsgərova Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin rəisi Eynur Babayevin fəaliyyəti ilə bağlı Prezidentə ünvanladığı açıq müraciətdə ciddi hüquq pozuntuları iddia edir.

Vətəndaş bildirir ki, son iki il ərzində Eynur Babayev tərəfindən barəsində dəfələrlə əsassız təqdimatlar verilib, həbs etdirilməsinə cəhd olunub. Onun sözlərinə görə, bu təqdimatların bir qismi məhkəmələr tərəfindən rədd edilib, bir istintaq işi isə hüquqi əsas olmadığı üçün bağlanıb. Buna baxmayaraq, yenidən istintaqa cəlb olunması üçün davamlı cəhdlər göstərilib.

“Məni aylarla məhkəmə və istintaq qapılarında süründürməklə təkcə mənim deyil, autizm və epilepsiya xəstəsi olan övladımın da həyatını əlimdən alırlar. Mənim uşağımla keçirməli olduğum vaxt zorla oğurlanır,” – deyə Qubaxanım Ələsgərova bildirir.
Müraciətdə azyaşlı ilə valideyn görüşlərinin təmin edilməməsi məsələsi xüsusi yer tutur. Bildirilir ki, Şəki Apellyasiya Məhkəməsi tərəfindən ləğv edilmiş ev görüşü ilə bağlı qətnamə icra və probasiya şöbəsinin rəisi tərəfindən tanınmır və icra edilmir. Son iki il ərzində uşaqla yalnız bir dəfə görüş baş tutub və bu da qarşı tərəf – uşağın atası Fərid Məlikovun çağırışı ilə mümkün olub.

Ana iddia edir ki, icra və probasiya şöbəsinin rəisi uşağın xroniki xəstəliklərini – autizm və epilepsiyanı nəzərə almadan, həkim göstərişlərinə zidd tələblər irəli sürüb, dərmanların əvvəlcədən verilməsini tələb edib və vəziyyət ağırlaşacağı təqdirdə ananın çağırılmasını rədd edib.
“Əgər bir ana həbs ediləcəksə, bu xəstə uşağın taleyini kim düşünür? Atanın rahatlığı və məmurun mövqeyi körpənin sağlamlığından üstün tutulursa, bu artıq hüquq deyil, zorakılıqdır,” – deyə ana vurğulayır.

Şikayətdə qeyd olunur ki, bütün bu proseslərdə atanın – Fərid Məlikovun maraqları üstün tutulur, uşağın sağlamlığı və ananın valideyn hüquqları isə nəzərə alınmır.
Müraciətdə həmçinin Ədliyyə Nazirliyinin bəzi vəzifəli şəxslərinin məsələyə formal yanaşdığı, sübutlu müraciətlərə baxılmadığı, vətəndaşın qəbullara buraxılmadığı və faktiki araşdırma aparılmadığı iddia olunur.

Qubaxanım Ələsgərova bildirir ki, icra və probasiya orqanlarında məmur özbaşınalığına dair video və sənəd sübutları mövcuddur və məsələ obyektiv araşdırılmadığı halda bu materiallar mediaya təqdim ediləcək.
Vətəndaş dövlət başçısından qanunun aliliyinin real şəkildə təmin olunmasını, xəstə azyaşlının hüquqlarının qorunmasını və icra–probasiya sistemində yol verilən mümkün qanun pozuntularına hüquqi qiymət verilməsini xahiş edir.

Seçilən
13
1
editor.az

2Mənbələr