AZ

Las Veqasdan Arizonaya süni intellektin qurduğu səfər proqramı

525.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Ötən ay Las-Veqasdan Arizonaya doğru gedəndə "Gemini" (süni intellekt) məsləhəti ilə fərqli bir səfər planı qurdum. İlk olaraq Veqasa yaxın olan "Valley of Fire State Park"a getdim. Veqasdan 50 mil şimalda yerləşən bu odlar vadisi günəş batımı və çıxışında alovlara bürünən bir görüntü yaradır. Ərazini gəzmək üçün mütləq avtomobil vacibdir.

Nevada sakinləri üçün giriş 10 dollar, kənar ştatlar üçün 15 dollardır. Arizona nömrəli avtomobil ilə hərəkətdə olduğum üçün 15 dollar ödədim. Yolunuz düşsə, mütləq gedin, amma nəzərə alın ki, yolüstü yanacaq, qida, su və internet bağlantısı yoxdur.

Günün birinci yarısını burada keçirdikdən sonra cənuba doğru Arizona ştatında tarixi "Route 66" yolunun üzərində yerləşən "Kingman" şəhərinə gəldim. "Route 66" Böyük Depressiya dövründə insanların yeni həyat ümidi ilə Kaliforniyaya köç etdiyi "ümid yolu" olmuşdur. Yol boyu yaranan ilk motellər və fast-food restoranları ilə Amerika xidmət mədəniyyətinin təməlini qoymuş, azadlıq və macəra simvoluna çevrilmişdir. Müasir magistrallar tərəfindən əvəzlənsə də, bu gün hələ də Amerikanın nostalji ruhunu yaşadan tarixi bir abidə kimi qəbul edilir.

Elə bu məqsədlə bu yolun üzərində yerləşən olduqca məşhur Mr. D'z restoranında həmin illərin ruhunu xatırladan bir axşam yeməyi yedim. Bu restoran özünü Amerikan filmlərində hiss etmək üçün möhtəşəm bir yerdir.

Kingman şəhərində bir moteldə bir gecə keçirdikdən sonra səhər tezdən köhnə "Route 66" yolunu tutub kovboy qəsəbəsi Oatmana getdim. Keçmiş amerikan filmlərini xatırladan bu qəsəbə xüsusi vəhşi eşşəkləri ilə də məşhurdur. Bu eşşəklər illər əvvəl qızıl mədənlərində çalışan eşşəklərin varisləridir. Onlar hər səhər bu qəsəbəyə gəlib, axşam qayalıqlara çəkilirlər.

Ataları vaxtilə bu qəsəbədə qızıl daşımaqla insanlara yardım edib və onlar xüsusi hörmət sahibidirlər. Qəsəbə tamamilə turistikdir. Səhər və günorta qəsəbədə kovboy atışma şouları olur. Bura həqiqətən Qərbin ruhunu hiss etdirir.

Bu qəsəbədə bir az vaxt keçirdikdən sonra “Route 66” üzərində yerləşən başqa bir qəsəbəyə - Seligmana yola düşdüm. Bura "Cars" filminin ilham mənbəyidir. Məşhur cizgi filmindəki "Radiator Springs" və oradakı hadisələr məhz Seligmanın tarixindən və sakinlərindən ilhamlanaraq yaradılıb.

Bu gün qəsəbə köhnə model maşınları, neon işıqları və 1950-ci illərin ab-havasını qoruyan kafeləri ilə turistlərin ən çox dayandığı nostalji mərkəzdir.

Axşam Prescotta yola düşdüm. Bu şəhər əsl Vəhşi Qərbin paytaxtıdır. Kovboy mədəniyyəti, ana küçəsi sayılan "Whiskey Row" inanılmaz nostalji hisslər yaşadır. Burada məşhur kovboy barlarından birində oldum. "The Palace Restaurant & Saloon" Arizonanın ən qədim barıdır və vaxtilə Vəhşi Qərbin əfsanələri Vayatt Erp ilə Dok Hollideyə ev sahibliyi etmişdir.

1900-cü ildəki böyük yanğın zamanı müştərilər tərəfindən küçəyə daşınaraq xilas edilən orijinal palıd bar piştaxtası bu gün də istifadə olunur. Məkan öz kovboy ab-havası və qapıları ilə hələ də 1870-ci illərin ruhunu yaşadır.

Növbəti gün Arizonanın paytaxtı Finiksə doğru yola düşdüm. Yolüstü dünyanın qaya paytaxtı sayılan Quartzsite-a çatdım. Burada yalnız qış aylarında aktiv olan bit bazarını gəzdim. Çox nadir daş-qaş və mədən nümunələri gördüm. Qiymətlər ucuz idi. Açıq səhra şəraitində satış edilirdi. Qəsəbədə ABŞ ordusu üçün dəvə sürən Osmanlı əsilli Hacı Əli (Hi Jolly) adlı bir şəxsin qəbri və onun şərəfinə ucaldılmış dəvə heykəli olan tarixi abidə yerləşir.

Daha sonra Finiks, oradan da Los-Ancelesə doğru yol aldım. Əgər paylaşım və təcrübə maraqlı oldusa, rəylərinizə əsasən səfərdə olan xərclər barəsində də ayrıca post hazır edəcəm.

Fərid Pərdəşünas

Yazı müəllifin feysbuk səhifəsindən götürülüb

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
26
525.az

1Mənbələr