AZ

Bakı açıq mesaj verdi – köhnə yanaşmalarla bölgəyə təsir mümkün deyil

Xəbər verdiyimiz kimi, Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Rusiya səfiri ilə görüş zamanı 5 fevral tarixində Rusiya Federasiyası Dövlət Dumasının MDB, Avrasiya inteqrasiya məsələləri və həmvətənlərlə əlaqələr Komitəsinin sədrinin birinci müavini, hakim Vahid Rusiya Partiyasının üzvü Konstantin Zatulinin ölkəmizdə Ermənistan Respublikası vətəndaşlarının məhkum olunması ilə bağlı bəyanatına kəskin etiraz bildirilib və Rusiya tərəfinə müvafiq nota təqdim edilib.

K.Zatulinin uzun müddətdir Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü əleyhinə çıxışlar etməsi, separatizmə açıq dəstək nümayiş etdirməsi, habelə Ermənistanın Azərbaycan Respublikasına qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, eləcə də hərbi cinayətlər törətməkdə təqsirli bilinərək məhkum olunmuş Ermənistan Respublikası vətəndaşları ilə bağlı məhkəmə qərarlarını təhrif etməyə cəhd göstərməsi və qəbuledilməz ifadələr işlətməsi qətiyyətlə pislənib.

Görüşdə Rusiya tərəfi bölgədə sülh və sabitliyə, eləcə də Azərbaycanla Rusiya arasında münasibətlərə zərbə vurmağa çalışan Zatulin kimi şəxslərin destruktiv fəaliyyətinə son qoyulması üçün müvafiq tədbirlər görməyə çağırılıb.

Züriyə Qarayeva

Məsələ ilə bağlı NOCOMMENT.az-a politoloq Züriyə Qarayeva deyib ki, Rusiya səfirinin XİN-ə çağırılması Bakı üçün sıradan diplomatik prosedur deyil, konkret siyasi mövqenin açıq ifadəsidir:

“Azərbaycan tərəfi bu addımla bir daha göstərir ki, ölkənin daxili məhkəmə prosesləri üzərindən təzyiq dili qəbulolunan deyil və üçüncü tərəflərin bu məsələlərə müdaxiləsi suverenlik prinsipinə ziddir. Xüsusilə Rusiya Dövlət Dumasında təmsil olunan şəxsin Azərbaycan məhkəmələrinin qərarlarını siyasi manipulyasiya predmetinə çevirməsi Bakıda haqlı narazılıq doğurur. Nota təqdim edilməsi isə bu narazılığın söz səviyyəsindən çıxaraq rəsmi diplomatik müstəviyə daşındığını göstərir.

Bu hadisə eyni zamanda Azərbaycan–Rusiya münasibətlərində həssas balansın qorunduğu bir dövrdə baş verir. Bakı qarşılıqlı hörmət və tərəfdaşlıq xəttini davam etdirmək niyyətində olduğunu gizlətmir, lakin bu münasibətlərin birtərəfli güzəştlər üzərində qurulmasına da razı deyil. Ermənistanla bağlı mövzuların Rusiya daxilində bəzi siyasi fiqurlar tərəfindən daxili auditoriya üçün alətə çevrilməsi regional sabitliyə xidmət etmir. Azərbaycanın verdiyi reaksiya həm hüquqi, həm də siyasi baxımdan aydın mesajdır ki, bölgədə yeni reallıqlar var və bu reallıqların üzərindən köhnə yanaşmalarla danışmaq mümkün deyil”.

Atilla Rzasoy

 

Seçilən
28
nocomment.az

1Mənbələr