Rusiyanın Ufa şəhərində Repina küçəsi 6 ünvanında yerləşən universitet yataqxanasında bıçaqlı şəxsin hücumu nəticəsində bir neçə nəfər yaralanıb.
APA xəbər verir ki, bu barədə UFA1.RU məlumat yayıb.
Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk bildirib ki, Ufada bir ali təhsil müəssisəsinin yataqxanasında dörd tələbəyə və bir polis əməkdaşına xəsarət yetirən şəxs saxlanılıb.
“Hadisənin detalları dəqiqləşdirilir”, – Volk qeyd edib.
Məlumata görə, yataqxanaya gedən yol polis tərəfindən bağlanıb. Repina küçəsi 6 ünvanında yerləşən bina Başqırdıstan Dövlət Tibb Universitetinin yataqxanasıdır və burada xarici tələbələr də yaşayır.
İlkin məlumatlara əsasən, hücum nəticəsində ümumilikdə beş nəfər, o cümlədən polis əməkdaşı xəsarət ala bilər.
Hadisə ilə bağlı istintaq tədbirləri davam etdirilir.