GlobalInfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Omanda baş tutan İran–ABŞ danışıqlarının ikinci raundu ilə bağlı açıqlamalar diqqət çəkir. İranın xarici işlər naziri Abbas Əraqçi danışıqların müsbət məcrada keçdiyini bildirib.
O, müzakirələrin davam etməsinə dair razılıq əldə edildiyini söyləyib. Nazir danışıqların yeri və vaxtının sonradan müəyyən ediləcəyini vurğulayıb.
ABŞ Prezidenti Donald Tramp da bənzər fikirlər səsləndirib və Vaşinqton üçün prosesin müsbət olduğunu qeyd edib.
Globalinfo.az-a danışan politoloq Qabil Hüseynli deyib ki, Omanda danışıqların başlaması müsbət hadisədir:
“Uzun zamandan sonra ABŞ və İran nümayəndələri bir araya gəldi. İlkin məlumatlara istinad etsək, görüş pozitiv keçib. Danışıqların ardı gələcək, lakin nəticə üçün hələ çox tezdir. Təcrübəyə görə, adətən belə görüşlərin ilk raundları ümumi mövqelərə yaxınlaşmaq, daha asan həlli mümkün olan problemləri ortaya qoymaq və onların həll variantlarını müəyyənləşdirmək məqsədi daşıyır. Prinsipial mövzular isə adətən dördüncü, beşinci və ya altıncı görüşlərdə masaya çıxarılır.
Qabil Hüseynli
İndiki mərhələdə ABŞ-ın, xüsusilə də İsrailin tələbləri kifayət qədər ağırdır. İranın bunları qəbul etməsi çətin görünür. Lakin Tehran da Vaşinqtonla müharibə barədə düşünmür. Buna əmin olmaq olar. Ona görə də hesab edirəm ki, danışıqlar davam edəcək, müəyyən məsələlər üzrə razılaşmalar əldə edilsə də, prosesin tam həllə çatması mümkün olmayacaq”.
Turan Rzayev
Globalinfo.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.