MÜƏLLİMƏ ATILAN GÜLLƏ: Təhsil menecerlərinin mənəvi iflas hesabatı
O güllə əslində çoxdan atılıb, sadəcə sədası indi gəlir
Bakının ən nüfuzlu təhsil ocaqlarından biri olan "İdrak" liseyində baş verən məlum hadisə cəmiyyətdə şok effekti yaratdı, lakin bu sarsıntı sadəcə bir cinayətin yox, illərdir sızlayan bir yaranın partlaması idi. Liseyin təsisçisi Mönsüm Alışovun illərdir böyük zəhmətlə qurduğu o nizamlı sistemdə belə bir insidentin yaşanması bir daha sübut etdi ki, problem nə turniketlərdədir, nə də mühafizə boşluğunda. Dünənki güllə əslində bir nəticədir; o güllə çoxdan atılıb, sadəcə səsi və qanı indi ortalığa çıxır. Məsələnin kökü Elm və Təhsil Nazirliyində oturub ömrünü sinif otaqlarında qocaltmış peşəkar pedaqoqlara "pedaqoqluq" öyrədən, lakin təhsili sadəcə rəqəmlərdən ibarət bir ticarət sahəsi kimi görənlərin apardığı yanlış siyasətdədir. Cənab nazir Emin Əmrullayevin və onun gəmiçilərdən, “pesoksatanlardan” ibarət komandasının hər fürsətdə müəllimi hədəf alan, onu cəmiyyət qarşısında "savadsız" damğası ilə aşağılayan açıqlamaları bu gün məktəblərimizi mənəvi deqradasiyanın son həddinə çatdırıb. Təhsil siyasətini strateji bir gələcək layihəsi kimi deyil, bir ticarət meneceri məntiqi ilə idarə etdikdə, təbii olaraq nəticə sinif otağında müəllimə atılan atəş olur.
Bu gün Azərbaycan məktəbində qorxunc bir tərəfkeşlik hökm sürür. Müəllim üçün tərtib edilən "Etik savranış qaydaları" tıkır-tıkır işləyir, müəllim ağzını açıb intizam naminə bir söz deyən kimi dərhal cəza mexanizmi amansızlıqla dövriyyəyə girir. Müəllim peşmandır ki, şagirdə "gözün üstə qaşın var" desin. Lakin eyni sistemdə şagirdin etik davranış qaydalarını və ya valideyn məsuliyyətini müəyyən edən nə bir qayda, nə də bir qanun var. Şagird yersiz bir toxunulmazlıq zirehi ilə mərkəzə qoyularkən, müəllim hüquqi bir qəfəsə sıxışdırılıb. Müəllim nüfuzunun bu dərəcədə qurban verilməsi əslində bir millətin gələcəyinin qurban verilməsidir. Nazirlik müəllimi şagird və valideyn qarşısında müdafiəsiz qoyur, onun ictimai statusunu hər gün bir az da aşındırır. "İdrak" liseyində baş verənlər illərdir davam edən "müəllimi yox etmə" siyasətinin qanlı finalıdır.
Biz baş verənləri unutmadıq. Keçən il Sabunçu rayonundakı 71 nömrəli məktəbdə 65 yaşlı müəllimi sinifdə "it kimi hürən", "pişik kimi miyoldayan" şagirdi yüngülcə itələdiyinə görə uşaqların qarşısında diz çökdürüb mənən edam edəndə, əslində bu günün təməli qoyulurdu. O güllə həm də 53 nömrəli məktəbin müəllimi Məryəm xanımın, sadəcə şagirdin qulağını çəkməklə hədələdiyi üçün BŞTİ-nin keçmiş əməkdaşları Bakir və Əfqan tərəfindən zorla istefaya məcbur edildiyi gün atılmışdı. Peşəsindən məhrum edilən bir müəllimənin fikirli halda avtomobil təkərləri altında can verməsi sadəcə bir qəza deyil, sistemin mənəvi qətli idi. 9 nömrəli məktəbin direktoru Zinyət xanıma dəhlizdə nadinclik edən şagirdi nizam-intizama dəvət etdiyi üçün töhmət veriləndə isə sistem artıq öz qərarını vermişdi: müəllim sındırılmalı, şagird isə "hakim-mütləq" statusuna qaldırılmalı idi.
Məktəbdə bir hadisə olan kimi "bəs müəllim hara baxırdı?" deyənlər bilməlidirlər ki, müəllim öz canını qorumağa, şantajdan və qanunsuz "istefa" tələblərindən yayınmağa baxırdı. Müəllimi elə bir qorxu mühitinə salıblar ki, sinifdə bir-birini məhv edən uşaqlara "dayan" deməyə cürəti çatmır, çünki bilir ki, sabah nazirlik gəlib onun çörəyini kəsəcək. Müəllim həftəni sağ-salamat başa vuransa Allaha min dəfə şükür eləyir ki bu həftə təzyiqə, şantaja məruz qalmayıb.
Elm və Təhsil nazirliyinin yürütdüyü siyasət təhsili bir "məhsul", müəllimi "xidmətçi", şagirdi isə "müştəri" kimi görür.
Nazirin efirdən müəllimləri "savadsız" adlandırması, cəmiyyətə verilən ən təhlükəli mesajdır. Bu, şagirdin şüurunda müəllimi "hədəf" halına gətirir.
Təhsil sadəcə sertifikasiya balları və reytinqlərdən ibarət deyil.
Emin Əmrullayev bilmirdimi ki, nizamnaməsi olmayan və ya təsdiq edilməyən bir məktəbdə nizam-intizamdan danışmaq sadəcə illüziyadır? Hüquqi bazası çürümüş bir müəssisədə hansı tərbiyədən söhbət gedə bilər?
Müəllimin "Kaş bu peşəni seçməyəydim" dediyi yerdə, elm bitir, yerini cəhalət və zorakılıq tutur. İdrak Liseyində və ya digər təhsil ocaqlarında baş verən neqativ hallar, əslində illərdir yığılıb qalan bu "səlahiyyətsizlik" və "nüfuzdan salma" siyasətinin acı meyvələridir.
Müəllimə verilən status, ona verilən maaşdan daha önəmlidir. Çünki maaş qarnı doyurar, status və hörmət isə ruhu yaşadır.
Bu mənəvi iflasdan çıxışın yeganə yolu təcili olaraq "Müəllim Statusu Haqqında" qanunun qəbul edilməsidir. Bu qanun müəllimə sadəcə vəzifələr yükləməməli, ona geniş səlahiyyətlər və sarsılmaz bir toxunulmazlıq verməlidir. Müəllimə qarşı edilən mənəvi təzyiq dövlət məmuruna qarşı cinayət sayılmalı, valideynin övladının hərəkətlərinə görə daşıdığı hüquqi məsuliyyət qanunla rəsmiləşdirilməlidir. Şagirdin də etik davranış qaydaları müəlliminki qədər sərt və tətbiq olunan olmalıdır. Müəllimi diz çökdürən sistem, indi şagirdin əlindəki silahın hədəfindədir. Bir nazir ki, rəhbərlik etdiyi sahənin bel sütununu xalqın qarşısında aşağılayır, o, fiziki güllədən daha ağır olan mənəvi gülləni artıq özü atmış olur. Müəllim diz çökdürülən yerdə şagirdin silaha sarılması qaçılmaz bir riyaziyyatdır və bu gün o güllə Azərbaycanın mənəvi sütunlarını darmadağın edib.
Şəmsi Qoca