AZ

Bakıda xarici mütəxəssislərin iştirakı ilə Sağlamlıq Həftəsi başlayır

ain.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

"Sağlamlıq Günü tədbiri "Nine Senses Fest"ə dəstək vermək məqsədi daşıyır".

Bu sözləri Oxu.Az-a açıqlamasında "Nine Senses" mərkəzinin akademik rəhbəri Natalya Jukova deyib.

O bildirib ki, festivalın bu il iyunun 12-dən 14-dək keçirilməsi nəzərdə tutulur:

"Artıq ənənəyə çevrilmiş bu festival üçüncü dəfədir ki, təşkil olunur. Biz festivalda iştirak edəcək təlimçiləri, müəllimləri və ziyarətçiləri bir araya gətiririk. Onlar bizim tərəfdaşlarımız, ustadlarımız və bu yolda birgə addımladığımız insanlardır. Hər biri iyun ayında toplaşaraq bədən, ruh və zəkanın inkişafına həsr olunmuş dərin məzmunlu ustad dərsləri (master-klaslar) keçəcək".

Natalya Jukova vurğulayıb ki, festival "body-mind" (bədən və zehin) konsepsiyası əsasında üç əsas xətt üzrə fəaliyyət göstərir:

"Bizimlə əməkdaşlıq edən ustadlar təsadüfi seçilmiş şəxslər deyil. Onlar uzun müddətdir ki, inkişaf yolunda bizimlə bərabər olan, öz bilik və təcrübələrini bölüşən peşəkarlardır.

Bu gün, sadəcə, başlanğıcdır, lakin qarşıda bizi bütöv bir Sağlamlıq Həftəsi gözləyir. Sağlamlıq Həftəsi ustadlarla daha yaxından ünsiyyət qurmaq imkanı yaradır. Bu, həm fərdi seanslar qəbul etmək, həm də ustad dərslərində iştirak etmək üçün bir fürsətdir. Məsələn, Lev İvanov sabah - fevralın 8-də öz master-klasını təqdim edəcək. Üç saat davam edəcək bu seans insanlara sağlamlığın real sirlərini nümayiş etdirəcək. Bu, sadəcə, metafora deyil, sağlamlığın həqiqi sirləridir. Bunlar qədim slavyan praktik texnikalarıdır: diqqət mərkəzini və bədənin ağırlıq mərkəzini necə yüksəltmək, bunu əyani şəkildə necə göstərmək və hətta tətbiq etmək mümkündür. Kişi və qadın kanallarını paralel şəkildə necə formalaşdırmaq, onları bir-biri ilə necə əlaqələndirmək və bu dünya ilə harmoniyada, uyğun şəkildə yaşamaq olar - bütün bunlar sabah nümayiş olunacaq.

Bu gün də onun master-klası baş tutacaq, lakin fərqli formatda; sabahkı dərs isə daha dərin olacaq. Həmçinin Rusiyadan xüsusi dəvət edilmiş ustadlar gəliblər. Mütəxəssislər festivala dəstək vermək üçün öz vəsaitləri hesabına səfər ediblər. Onlar, sadəcə, bilet alaraq, Azərbaycana, əməkdaşlığa və qarşılıqlı inkişafa inandıqları üçün özləri təşrif buyurublar. Bu, tam təmənnasız bir təşəbbüsdür. Buna görə də bu gün iştirak haqqı yalnız nəqliyyat xərclərini qarşılamaq məqsədilə simvolik məbləğ təşkil edib. Bu addım onu göstərir ki, biz Azərbaycanın inkişafı, ölkələr arasında dostluğun möhkəmlənməsi və təcrübə mübadiləsi naminə irəliləyirik".

O, hazırda iştirakçı sayının 150 nəfərə çatdığını əlavə edib:

"Hər kəs öz mütəxəssisinə müraciət edəcək. Bizim həm yerli, həm də rusiyalı müəllimlərimiz var. Hər kəs öz auditoriyası ilə işləyəcək və insanlar məhz öz seçdikləri müəllimə yaxınlaşacaqlar".

Direktor qeyd edib ki, mövzu təkcə yoqa ilə məhdudlaşmır:

"Biz bütün şəfa verən və sağaldıcı praktikalar haqqında danışırıq. Biz bilikli insanlarla maraqlanan şəxsləri birləşdiririk. Missiyamız yalnız sağlamlığı deyil, ümumilikdə həyat keyfiyyətini yaxşılaşdıran istiqamətlər üzrə bələdçi olmaqdan ibarətdir".

Aygün Mirakif

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
oxu.az

1Mənbələr