“Macarıstan NATO müttəfiqlərinin Ukraynaya qoşun göndərmək barədə qərar qəbul edəcəyi halda bu addımı dəstəkləməyəcək”.
Missiya.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri ölkənin Baş naziri Viktor Orban “Kossuth” radiosuna müsahibəsi zamanı bildirib.
Orbanın sözlərinə görə, NATO ölkələrinin hərbi qüvvələrinin Ukrayna ərazisinə daxil olması Rusiya ilə birbaşa müharibə deməkdir.
O qeyd edib ki, bu məsələ təkcə NATO-nun baş katibi Mark Ruttenin açıqlamaları ilə bağlı deyil, həmçinin Fransa və Böyük Britaniya arasında Ukraynaya qoşun göndərilməsi ilə bağlı yazılı razılaşmaların mövcudluğu barədə məlumatlar da var.
Orban vurğulayıb ki, Qərb bu yolla Kiyevə təhlükəsizlik zəmanətləri verməyə çalışsa da, əksinə, bu addım Rusiya ilə münaqişənin genişlənməsi təhlükəsini yaradır. Baş nazir xatırladıb ki, Rusiya tərəfi hər gün xəbərdarlıq edir: Qərb əsgərləri Ukraynaya daxil olarsa, onlar hərbi hədəfə çevriləcəklər.
“Biz açıq şəkildə bəyan etməliyik ki, heç bir şəraitdə nə Rusiya ərazisində, nə də Ukrayna ərazisində Rusiya ilə müharibəyə cəlb olunmayacağıq”, - deyə Orban bildirib.
Xatırladaq ki, Rutte Kiyevə səfəri zamanı Ukrayna Ali Radasında çıxış edərək “istəklilər koalisiyası”nın sülh sazişi imzalandıqdan sonra Ukrayna ərazisində - quruda, dənizdə və havada yerləşdirilə biləcəyini bildirib.