ain.az, Modern.az saytına istinadən bildirir.
Fevralın 6-da Bakı Hərbi Məhkəməsində Ermənistan vətəndaşları üzərində yekunlaşan məhkəmə prosesi və çıxarılan qərar təkcə ayrı-ayrı cinayətkarların cəzalandırılması deyil, bu hadisə tarix, hüquq və beynəlxalq ədalət baxımından əsl dönüş nöqtəsidir.
Uzun illər ərzində Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan xalqına qarşı törədilmiş ağır cinayətlər - soyqırımı, müharibə cinayətləri, sülh və insanlıq əleyhinə cinayətlər, habelə terrorçuluq və terrorçuluğun maliyyələşdirilməsi kimi əməllər beynəlxalq səviyyədə ya görməzdən gəlinib, ya da siyasi ikili standartların qurbanına çevrilib. Bu gün isə Azərbaycan dövləti göstərdi ki, ədalət gecikə bilər, amma itə bilməz.
Bu məhkəmə prosesi revanşizm deyil, qisas deyil. Bu, hüququn aliliyinin bərpasıdır. Bu, beynəlxalq humanitar hüququn, Cenevrə konvensiyalarının və Nürnberq prinsiplərinin milli hüquq müstəvisində tətbiqinin real nümunəsidir.
Bu, hökm “Xocalıya ədalət” deyə onilliklərdir dünyaya səslənən bir millətin səsinin nəhayət eşidildiyi an və Xocalı soyqırımına görə insanlığın alnındakı qara ləkənin silindiyi tarixi məqamdır.
Xüsusilə qeyd etmək istəyirəm ki, hökm oxunan şəxslər yalnız fərdi cinayətlərə görə deyil, təşkilatlanmış, planlı və sistemli hərbi təcavüzün və beynəlxalq cinayətlərin icraçıları və ideoloqları kimi məsuliyyətə cəlb olunublar.
Onların törətdiyi əməllər bir xalqın tarixinə, mövcudluğuna və ləyaqətinə qarşı yönəlmişdi.
Ən önəmli məqam isə budur ki, bu məhkəmə prosesində nə etnik mənsubiyyətə, nə də siyasi baxışlara görə hökm çıxarıldı. Hökm əməllərə, faktlara və sübutlara əsaslandı.
Bu qərar eyni zamanda beynəlxalq ictimaiyyətə açıq mesajdır:
1. Müharibə cinayətləri zaman tanımır.
2. Siyasi himayə cinayət məsuliyyətindən azad etmir.
3. Qurbanların haqqı sonsuzluğa qədər tapdana bilməz.
Sonda onu da vurğulamaq istəyirəm ki, Ermənistan vətəndaşlarının törətdikləri cinayət əməllərinə görə cavab vermələri nə nifrət yaradır, nə də yeni qarşıdurma. Əksinə, ədalət üzərində qurulan sülhün mümkün olduğunu göstərir. Davamlı sülh yalnız həqiqətin tanınması və cinayətin cəzasız qalmaması ilə mümkündür.
Azay Quliyev
Milli Məclisin deputatı
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.