GlobalInfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Cəmiyyətdə tez-tez səslənən belə bir fikir var ki, qış ayları normadan daha mülayim keçəndə, bunun təsiri yayda özünü daha sərin havalarla göstərə bilər. Bu il Bakıda fevral ayı olmasına baxmayaraq, havanın nisbətən mülayim, arabir küləkli keçməsi də insanlarda yaz və yay fəsillərinin necə olacağı ilə bağlı maraq yaradıb.
Bəs bu cür müşahidələr elmi baxımdan nə dərəcədə əsaslıdır və qarşıdakı aylarda bizi hansı hava şəraiti gözləyə bilər?
Globalinfo.az-a danışan ekoloq Qorxmaz İbrahimli deyib ki, təbiətin, Tanrının qoyduğu qaydalara şübhə etmək olmaz:
“Sadəcə, insan təbiətə zərər vurmamalıdır. Təəssüf ki, biz bunu edirik. Bakı şəhərinin durmadan betonlaşması və genişlənməsi onu göstərir ki, biz təbiətlə mübarizə aparırıq, ona qarşı vuruşuruq. Təbiətin cavabı isə artıq quraqlıq şəklində özünü göstərir. Bakı və Abşeron yarımadası, hər zaman dediyimiz kimi, yarımsəhra ərazidə yerləşir. Bu səbəbdən burada yağıntıların miqdarı tarixən az olub. Min illərdir bu ərazidə eyni iqlim tipi formalaşıb və proseslər də eyni xətt üzrə davam edir. İnsanların bu məsələyə müdaxilə etməyə çalışması, fərziyyələr irəli sürməsi sadəcə fikir dəyişikliyi yaradır”.
Ekoloqun sözlərinə görə, hazırda gedən proseslər göstərir ki, bu əraziyə soyuq hava kütlələri daxil olur:
Qorxmaz İbrahimli
“Bakıda yağıntı az olsa da, hava soyuq keçir. Fevral ayı ərzində bir neçə dəfə yağıntı müşahidə ediləcək, qar yağacağı gözlənilir. Bakı və Abşeron yarımadasında, eləcə də ölkə üzrə ümumilikdə mülayim, normal bir qış havası hökm sürəcək. Məncə, bu məsələdə bir az sakit və səbirli olmaq, prosesi izləmək lazımdır”.
Qorxmaz İbrahimli maraqlı məsələyə toxunub:
“Qışda qarın çox yağması yazda gursululuğa, bolluğa, bulaqların və yeraltı su ehtiyatlarının formalaşmasına səbəb olur. Bu, məlum məsələdir ki, akkumulyativ su ehtiyatları əsasən qar hesabına yaranır. Buzlaqlarımız nə qədər geniş olsa, su ehtiyatlarımız da bir o qədər çox olar. Hazırda dağlarımızda qar var və bu, müsbət haldır. Lakin “qış mülayim keçsə, yay sərin olacaq” kimi fikirlər elmi əsasdan uzaqdır”.
Zaira Akifqızı
Globalinfo.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.