Bərdə rayonu, şəhid Abdulla Telman oğlu İsmayılov adına Lənbəran kənd tam orta məktəbində uzun müddətdir ciddi nizam-intizam və idarəetmə problemləri yaşanır.
Publika.az xəbər verir ki, bu barədə Teleqraf-ın Qarabağ bürosuna məktəbin fizika müəllimi Qasım Hümmətov məlumat verib.
Onun sözlərinə görə, xüsusilə 10-11-ci sinif şagirdlərinin dərslərdə iştirak etməməsi artıq adi hala çevrilib və bu proses son dövrlərdə aşağı siniflərdə də müşahidə olunmağa başlayıb.
Müəllim qeyd edib ki, dərs saatlarında şagirdlərin əksəriyyəti məktəbdə olmur: “Xüsusilə 6-cı dərsdə sinifdə iştirak edən şagird sayı 5–12 nəfər arasında dəyişir. Halbuki sinif üzrə şagird sayı 28 nəfərdir. Qalan şagirdlərin harada olması bilinmir, məktəb də buna nəzarət etmir”.
Qasım Hümmətov bildirib ki, bu vəziyyət müəllimlər üçün ciddi məsuliyyət yaradır. Çünki şagirdin dərs vaxtı məktəbdən çıxması və başına hər hansı hadisə gəlməsi müəllimin üzərinə məsuliyyət kimi qoyula bilər.