AZ

Risk, yoxsa imkan: Özəl klinikalar onkoloji xəstələri müalicə edə biləcəkmi?

Cebheinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Onkoloji yardım ixtisaslaşdırılmış dövlət tibb müəssisələri ilə bərabər həm də “Lisenziyalar və icazələr haqqında” Qanununa uyğun olaraq lisenziya almış özəl tibb müəssisələrində (lisenziyanın əlavəsinə uyğun olaraq) həyata keçiriləcək.

Bu, Milli Məclisin iclasında müzakirəyə çıxarılan “Onkoloji yardım haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Onkoloji xəstələrə müalicə-diaqnostika yardımı fərdi müraciət və ya müalicə-profilaktika müəssisəsinin göndərişi əsasında ixtisaslaşdırılmış onkoloji müəssisələrdə göstərilir.

Onkoloji xəstələrin dövlət tibb müəssisələrində müayinəsi və müalicəsi üzrə tədbirlər dövlət büdcəsi vəsaiti hesabına maliyyələşdirilir. “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunun 24-cü maddəsi pasiyentin öz razılığı ilə həkimi, o cümlədən müalicə həkimini və müalicə-profilaktika müəssisəsini seçmək hüququnu təsbit edir.

Yəni pasiyent öz iradəsi ilə dövlət və ya özəl tibb müəssisəsində müalicə almaq hüququna malikdir. Lakin “Onkoloji yardım haqqında” Qanuna əsasən, vətəndaşlar yalnız ixtisaslaşdırılmış dövlət tibb müəssisələrində xidmət ala bilərlər. 

Qeyd edilənlərə əsasən hər hansı özəl tibb müəssisəsi bu fəaliyyətlə məşğul olarsa, lisenziyadan kənar fəaliyyət hesab olunur və məsuliyyətə cəlb edilir. Hazırda ölkədə onkoloji yardım alan xəstələrin çoxluğu, təminatın sırf dövlət büdcəsi hesabına həyata keçirilməsi vətəndaşların ölkə xaricinə üz tutmasına səbəb olur. Halbuki, ölkə ərazisində onkoloji yardım xidməti ilə məşğul ola biləcək müasir avadanlıqlarla təchiz edilmiş və ixtisaslı həkimlərin fəaliyyət göstərdiyi özəl tibb müəssisələri mövcuddur. 

Özəl klinikalar onkoloji xəstələri müalicə edə biləcəkmi?

Parlamentin iclasında deputat Razi Nurullayev bu məsələ ilə bağlı narahatlığını bildirib.

O qeyd edib ki, müzakirə etdiyimiz dəyişikliklərin mahiyyəti sadədir:

“Onkoloji yardım sistemi yalnız dövlət müəssisələri ilə məhdudlaşmamalı, lisenziyalı və tələblərə cavab verən özəl tibb müəssisələri də bu sistemə qoşulmalıdır. Bu, düzgün istiqamətdir. Amma mən hesab edirəm ki, burada əsas məsələ qanunun qəbul olunması yox, onun necə işləyəcəyidir. Çünki səhiyyədə ən təhlükəli şey kağız üzərində ideal görünən, amma praktikada boşluqlarla dolu mexanizmdir. Əgər özəl müəssisələr sistemə qoşulursa, burada 3 əsas mexanizm aydın və sərt olmalıdır".

Deputat qeyd edib ki, lisenziyalaşma formal yox, real olmalıdır. Avadanlıq var deyə yox, onkoloji protokollara uyğun işləyə bilən komanda, laborator baza, reanimasiya imkanı, bacarıqlı həkim heyəti olan müəssisələr buraxılmalıdır:

"Əks halda biz klinika adını daşıyan, amma real onkoloji yükü daşıya bilməyən strukturlar yarada bilərik. Dövlət nəzarəti və vahid standartlar lazımdır. Xəstə dövlət klinikasında hansı protokolla müalicə alırsa, özəl müəssisədə də eyni kliniki qaydalar tətbiq olunmalıdır. Onkologiyada fərdi “təcrübə” yox, protokol işləyir. Əks halda sistem parçalanar, keyfiyyət fərqi yaranar, zərəri isə xəstə çəkər".

R. Nurullayev əlavə edib ki, maliyyə mexanizmi şəffaf olmalıdır:

“Dövlət büdcəsindən ayrılan vəsait xəstənin arxasınca getməlidir, klinikanın arxasınca yox. Yəni məqsəd müəssisəni yox, xəstəni maliyyələşdirmək olmalıdır. Bu zaman sistem sosial ədaləti qoruyar. Amma burada çox həssas bir məsələ var. Biz səhiyyəni bazar modelinə açırıqsa, paralel olaraq onu reklam bazarından qorumalıyıq.

Biz özəl sektoru sistemə buraxırıqsa, bu, rəqabət keyfiyyət üzərində olmalıdır, reklam üzərində yox. Ümumiyyətlə, tibb sahəsində dərman və həkimlərin reklamının birdəfəlik qadağan olunmasını təklif edirəm. Bu qanun doğru istiqamətdə addımdır. Amma onun gücü mətnində yox, mexanizmində olacaq. Güclü nəzarət, vahid standart, şəffaf maliyyə və reklamdan uzaq, etik səhiyyə mühiti - yalnız bu halda bu dəyişiklik həqiqətən xəstənin xeyrinə işləyəcək". 

Həm imkan genişlənir, həm də risk artır

Azərbaycanda onkoloji xidmətlərin özəl klinikalara açılması ölkədə səhiyyə sistemində yeni bir mərhələ kimi qiymətləndirilir. Bu, xəstələr üçün seçim imkanlarını artıran və dövlət müəssisələrindəki sıxlığı azaldan addım kimi görünür. Lakin vəziyyətin digər tərəfi də var. Onkologiya yüksək riskli sahədir və müalicə prosesində səhv addımlar xəstənin həyatına birbaşa təsir göstərə bilər. Özəl müəssisələrin də bu sahəyə daxil olması həm imkanları genişləndirir, həm də riskləri artırır.

Belə ki, xidmətlərin kommersiyalaşması xəstələr üçün qiymət artımı ilə nəticələnə, bəzi hallarda isə etinasız yanaşma müalicə seçimlərini müəyyən edə bilər. Hətta bəziləri bu addımı “onkologiyanın biznes modelinə çevrilməsi” kimi qiymətləndirirlər. Yalnız bu sahədə dövlət nəzarətinin güclü olmaması xidmətlərin keyfiyyətinə və əlçatanlığına təsir göstərə bilər.

Belə ki, onkoloji xidmətlərin özəl müəssisələrə də açılması həm şans, həm də məsuliyyət yaradır. Bu addım yalnız kommersiya prinsiplərinə görə deyil, xəstələrin müalicənin keyfiyyətinin yüksəldilməsi baxımından da ciddi şəkildə tənzimlənməlidir.

Bu dəyişikliklər xəstənin keyfiyyətli müalicəyə çıxışını artıracaq, yoxsa sadəcə xidmətlərin qiymətini yüksəldəcək? Onkologiya kimi yüksək riskli sahənin özəl sektora açılması onun tədricən biznes modelinə çevrilməsi təhlükəsi yaradırmı? Onkoloji xəstəliklər icbari tibbi sığortaya daxil ediləcək?

Mövzu ilə bağlı tibb elmləri doktoru, professor Adil Qeybulla "Cümhuriyət"-ə açıqlamasında bildirib ki, özəl klinikalarda belə şəraitin yaradılması xəstələrə kömək olacaq:

“Ümumiyyətlə, təkcə onkoloji xidmətlər üçün deyil, bütün səhiyyə xidmətləri üzrə mülkiyyət formasından asılı olmayaraq özəl sektorun imkanlarından istifadə olunması məqsədəuyğundur. Xüsusilə onkoloji xəstələrin müalicə və ya əməliyyatdan sonrakı dövrdə həyat keyfiyyətinin yaxşılaşdırılmasına yönəlmiş bir sıra xidmətlərin – məsələn, drenajların xaric edilməsi və ya qoyulması, sidik kateterinin yerləşdirilməsi, plevral müdaxilələr və digər çoxsaylı köməkçi prosedurların həyata keçirilməsi üçün özəl klinikaların potensialından yararlanmaq mümkündür.

Hazırda bəzi özəl klinikalarda əməliyyatdan əvvəl və sonra kimyaterapiya, hədəfyönlü terapiya və immunoterapiya kimi müalicə üsulları da tətbiq olunur. Əslində, onkoloji xidmətlərin ilkin mərhələsi, təxirəsalınmaz yardım, eləcə də kombinə olunmuş planlı müalicənin ayrı-ayrı komponentləri daha dəqiq şəkildə müəyyənləşdirilməli və sistemləşdirilməlidir”. 

O qeyd edib ki, diqqət ayrılmalı digər məsələlərdən biri də onkoloji xəstəliklərin icbari tibbi sığorta çərçivəsinə daxil edilməsidir:

“Bu gün kombinə olunmuş onkoloji müalicənin keyfiyyətli şəkildə aparılması üçün əsas ixtisaslaşmış tibb müəssisəsi Milli Onkologiya Mərkəzidir. Burada uşaqlar da daxil olmaqla bütün xəstələrin müalicəsi üçün zəruri imkanlar mövcuddur. Lakin müraciətlərin sayının çoxluğunu nəzərə alaraq, prosesə müəyyən mərhələlər üzrə özəl klinikaların da cəlb olunması məqsədəuyğun hesab edilir.

Bu yanaşma xəstələrin müxtəlif tibb müəssisələrinin imkanlarından daha geniş şəkildə faydalanmasına şərait yaradacaq. Nəticə etibarilə, onkoloji xəstəliklərin icbari tibbi sığorta çərçivəsinə daxil edilməsi məsələsi gündəmdə qalır və bu, yəqin ki, zamanla öz həllini tapacaq”. 

Gülər Həsənli

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
43
1
cebheinfo.az

2Mənbələr