Əlişir Nəvai – 585
AMEA Rəyasət Heyətində dahi özbək şairi Əlişir Nəvainin anadan olmasının 585 illiyinə həsr olunan “Yaşayan Əlişir Nəvai” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.
AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli məclisi giriş sözü ilə açaraq Əlişir Nəvainin özbək ədəbiyyatının dünya mədəniyyətinə bəxş etdiyi ən qüdrətli simalardan biri olduğunu vurğulayıb, onun ümumtürk ədəbiyyatında söz sənətinin zirvəsində dayanan korifeylər sırasında şərəfli yer tutduğunu qeyd edib.
Akademik bildirib ki, müstəqillik illərində Özbəkistanın Azərbaycandakı Səfirliyi və Özbəkistan–Azərbaycan Dostluq Cəmiyyətinin birgə səyləri ilə Əlişir Nəvainin yubileyləri ölkəmizdə təntənə ilə qeyd olunur. Hər il Özbəkistanda keçirilən Əlişir Nəvai Günlərində AMEA təmsilçiləriləri də fəal iştirak edirlər. Əlişir Nəvai irsinə dair əlyazmaların saxlanıldığı ən böyük mərkəz Daşkənddən sonra Azərbaycandır. AMEA-nın Əlyazmalar İnstitutunda dahi şairin onlarla qiymətli əlyazması qorunur və öyrənilir.
AMEA rəhbəri Nizami Gəncəvi yaradıcılığına ən yüksək dəyər verən böyük sənətkarlardan birinin də Əlişir Nəvai olduğunu xatırladıb: “Əlişir Nəvainin fikrincə, Nizami Gəncəvi elə bir sənət zirvəsidir ki, onunla “pəncə-pəncəyə” gəlmək heç kəsin hünəri deyil. Eyni qarşılıqlı hörmət və məhəbbət ənənəsini Məhəmməd Füzuli də Əlişir Nəvainin timsalında özbək xalqına göstərmişdir”.
Əlişir Nəvainin yubileyinin I Türkoloji Qurultayın 100 illiyi ərəfəsində keçirilməsinin məclisə xüsusi məna gətirdiyini vurğulayan İsa Həbibbəyli beynəlxalq konfransın işinə uğurlar arzulayıb.
Qeyd edilib ki, Azərbaycan xalqı Əlişir Nəvai yaradıcılığına dərin hörmət bəslədiyi kimi, Özbəkistanda Nizami Gəncəvi və Məhəmməd Füzuli irsinə yüksək ehtiram göstərilir. Əlişir Nəvai ortaq mədəni yaddaşımızın, ümumi mənəvi gücümüzün rəmzlərindən biri olaraq tanınır və sevilir. Dahi şairin irihəcmli “Xəmsə”sini bir neçə il əvvəl mərhum professor Ramiz Əskər Azərbaycan dilinə tərcümə edib.
Özbəkistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bəhram Aşrafxanov çıxış edərək Azərbaycan–Özbəkistan münasibətlərinin inkişafından danışıb. Azərbaycanın Əlişir Nəvainin ikinci vətəni kimi qəbul edildiyini söyləyən səfir Bakı şəhərində Nəvainin heykəlinin ucaldılmasını qardaş ölkənin özbək şairinin xatirəsinə ehtiramının ifadəsi olduğunu qeyd edib.
Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri, professor Birol Akgün isə çıxışında Əlişir Nəvainin təkcə XV əsrin böyük şairi deyil, həm də Türk dünyasının böyük söz ustadı və mütəfəkkiri olduğunu söyləyib. Qeyd edib ki, Nəvainin irsi türk dilini mədəniyyət, ədəbiyyat və sivilizasiya dəyərlərinin ötürülməsi vasitəsinə çevirir.
Milli Məclisin deputatları Eldar İbrahimov və Günay Əfəndiyeva Əlişir Nəvai yaradıcılığının xalqları birləşdirən güclü mənəvi körpü olduğunu vurğulayıb, konfransı ortaq irsimizə, bəşəri dəyərlərə və qardaş xalqlarımız arasındakı dərin dostluq və həmrəyliyə töhfə kimi dəyərləndiriblər.
Mərasimdə Özbəkistanın “Vətəndaşlar” İctimai Fondunun İdarə Heyətinin sədri Odiljon Səttarov, özbək alimlər – professor Marufjon Yoldaşev, dosent Burabiya Rajabova və yazıçı Risolat Haydarova Nəvainin yaradıcılığı, poemalarının ideya mahiyyəti haqqında məruzə ediblər.
Q.ƏLİYEV
XQ