"Aktiv fiziki fəaliyyət gəncliyi uzatmaq və vaxtından əvvəl ölüm riskini azaltmaq üçün elmi cəhətdən sübut olunmuş əsas üsullardan biridir".
Publika.az xəbər verir ki, bu fikri Rusiya Səhiyyə Nazirliyinin baş geriatrı, tibb elmləri doktoru, Rusiya Gerontoloqlar və Geriatrlar Assosiasiyasının prezidenti, professor Olqa Tkaçeva "İzvestiya"ya açıqlamasında deyib.
Mütəxəssisin fikrincə, gündəlik fiziki fəaliyyətdə minimal artım belə orqanizmə əhəmiyyətli faydalar gətirir. Xüsusilə, bina evlərində yaşayanlar liftlərdən az istifadə etmək, bölgələrdə qalanlar isə yoxuşa çıxmaqla vaxtından əvvəl ölüm riskini 32% azalda bilərlər.
Tkaçeva qeyd edib ki, aktiv fiziki fəaliyyət beyin funksiyasına birbaşa təsir göstərir. Aktiv hərəkətlər zamanı orqanizmdə miokinlər meydana çıxır ki, onların da arasında neyroplastikliyi dəstəkləyən neyrotrofik amillər də olur. Elmi araşdırmalara görə, müntəzəm şəkildə idman edənlər hətta Alzeymer kimi ağır xəstəliyin inkişaf riskini azaldırlar.
Geriatr oturaq həyat tərzinin qocalma prosesini sürətləndirdiyini vurğulayıb. Əzələ kütləsini və ümumilikdə sağlamlığı qorumaq üçün həftədə 150-300 dəqiqə fiziki aktivlik göstəmək tövsiyə olunur. Bu aktivliyə əsasən gəzinti, yüngül qaçış, üzgüçülük və ya velosiped sürmə kimi aerobika hərəkətləri adlanan məşqlər aiddir. Bundan əlavə, həftədə iki-üç dəfə nisbətən ağır, güc məşqləri də etmək lazımdır.