AZ

“Müəllimə güllə atanlar təkcə şagirdlər deyil, həm də təhsildən uzaq idarəçilərdir... Gəlin müəllimi qoruyaq!..“

Moderator.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

“Hadisəni törədən şəxs hüquqi baxımdan tam məsuliyyət daşıyır. Bunu müzakirə etmək yersizdir. Amma sosial məsuliyyət baxımından sual daha ağırdır:

“Bu şagird niyə müəllimə atəş açmağı mümkün hesab etdi?..””

“Təhsil idarəetməsinin ən böyük səhvi məktəbi menecerləşdirməkdir. Müəllimi hədəf seçənlər, onu topa tutanlar, ona güllə atanlar təkcə şagirdlər deyil, həm də təhsildən uzaq idarəçilərdir...”

“Müəllimə atəş açılan ölkədə təkcə bir müəllim yaralanmır. Orada dövlətin intellektual gələcəyi, məktəbin müqəddəsliyi və cəmiyyətin mədəni sərhədləri yaralanır, sonda 22 ilə qura bilmədiyimiz  insan kapitalı və onun memarı yaralanır…”  

“Bu güllə bir xəbərdarlıq oldu: müəllimi müdafiə etməyən cəmiyyət gələcəyini müdafiə edə bilməz…”

Moderator.az aktuallığını nəzərə alaraq təhsil eksperti, ADPU-nun dosenti İlham Əhmədovun fevralın 6-da Bakıda- “İdrak” liseyində şagirdlərdən birinin öz müəlliməsinə atəş açaraq onu yaralaması ilə nəticələnmiş faciəvi olayla bağlı qələmə aldığı “Müəllimə atılan güllə: gəlin müəllimləri qoruyaq...” başlıqlı növbəti yazısını dəyərli oxucuların müzakirəsinə buraxır:

“Bu faciə şagird-müəllim münasibətlərindəki gərginliyə emosional reaksiya  deyil. Bu, Azərbaycan təhsil sistemində uzun illər yığılıb qalan idarəetmə və müəllim nüfuzunun sistemli aşınmasının “qəfil partlayışla görünən nəticəsidir”. 

Hadisə kriminal fakt ola bilər, amma onun yaratdığı mənzərə sosial və idarəetmə böhranıdır...

Mətbuat yazır ki,  “müəllimə atılan güllə bütün Azərbaycan təhsilinə atılan güllədir”. Amma bu ifadə eyni zamanda gecikmiş bir etirafdır. Çünki bu güllə təhsilə bu gün atılmayıb. Sadəcə bu gün onun səsi eşidildi. Bu günə qədər isə güllə səsi yox idi, lakin illərlə davam edən görünməyən “atəş” vardı: müəllimin nüfuzuna, peşə kimliyinə, sosial statusuna və mənəvi dayaqlarına qarşı sistemli hücumlar...

Bu hadisəni yalnız “şagirdin cinayəti” kimi təqdim etmək məsələni rahat şəkildə bağlamaq üçün əlverişli yoldur. Çünki günahkarı tapmaq, sistemin məsuliyyətini unutdurur. Halbuki problem təkcə bir şagirdin psixoloji durumunda deyil. Problem odur ki, bu şagirdin içindəki aqressiya, nifrət və sərhəd tanımayan davranış sosial mühit tərəfindən formalaşıb və təhsil sistemi bu aqressiyaya qarşı müəllimi qoruya bilməyib...

Əslində baş verən, “təsadüfi hadisə” deyil. Bu, uzun illər ərzində müəllimi qorumaq əvəzinə onu zəiflədən idarəetmə modelinin gec-tez doğuracağı nəticələrdən biridir. Zorakılığın görünməyən forması uzun müddət ərzində müəllimi “ictimai hədəf”ə çevirmək cəhdidir...

Müəllimə qarşı zorakılıq yalnız fiziki hücumdan ibarət deyil. Ən təhlükəli zorakılıq forması müəllimi cəmiyyətin gözündə “günahkar tərəf”ə çevirməkdir.

Son illər müəllim obrazı iki istiqamətdə aşındırıldı:

1. Müəllimi səriştəsiz göstərmək (hamını savadsız kimi təqdim etmək).

2. Müəllimi  təhsil sisteminin uğursuzluğuna cavabdeh etmək (yəni, təhsildəki problemlərin səbəbkarı müəllimdir).

Bu, həm mediada, həm də idarəetmə tərzində özünü açıq göstərir. 

Müəllim  şəxsiyyəti daima “imtahan nəticəsi” ilə ölçüldü, “kəmiyyət statistikası”na çevrildi, insani tərəfi sayılmadı. Beləliklə, müəllim tədricən dövlətin himayəsində olan peşəkar yox, “ictimai tənqid hədəfi” oldu. Bu isə şagird psixologiyasına bir mesaj verir:  “Müəllim qorunmur, müəllim zəifdir, müəllim toxunulmaz deyil...”

Məhz həmin mesaj bu gün fiziki zorakılığa çevrildi...

Təhsil idarəetməsinin ən böyük səhvi məktəbi menecerləşdirməkdir. Müəllimi hədəf seçənlər, onu topa tutanlar, ona güllə atanlar təkcə şagirdlər deyil, həm də təhsildən uzaq idarəçilərdir...

Bu fikir tənqid kimi emosional səslənsə də, reallıqda strateji həqiqətdir. Azərbaycan təhsil sistemində son illərdə məktəb “müəllim mərkəzli” institutdan çıxıb “menecer mərkəzli” struktura çevrildi. Bu modeldə müəllim qərarverən deyil, müəllim strateji tərəfdaş deyil, müəllim icraçı, hesabat verən, “plan dolduran”  əhəmiyyətsiz bir fiqurdur.

Belə mühitdə müəllim özünü məktəbin sahibi yox, məktəbin muzdlu işçisi kimi hiss edir. Halbuki təhsildə müəllim işçi deyil, təhsil mədəniyyətinin daşıyıcısıdır...

Menecer mərkəzli sistemin ən təhlükəli nəticəsi budur: müəllimin hüquqları və nüfuzu kağız üzərində qalır, real həyatda isə müəllim tənha qalır...

Bu, müəllimin sosial psixoloji müdafiəsini zəiflədir. Müdafiəsi zəif olan müəllim isə sinifdə tək qalır.

Son 5 ildə menecerlər tərəfindən top atəşinə tutulan müəllimə qarşı sosial təzyiqin anatomiyası nədir?..

-Müəllim maaşının həyat standartlarına uyğun olmaması; 

-Repetitorluğun sistemə paralel alternativə çevrilməsi;  

-Müəllimin valideyn qarşısında hüquqsuz qalması;  

-Məktəbdə müəllimin deyil, şikayət mexanizminin üstün olması; 

-Müəllimin sosial mediada asanlıqla hədəfə çevrilməsi; 

-Müəllimin həm təhsil, həm tərbiyə, həm psixologiya, həm “mühasibat”, həm hesabat yükü daşıması…

Bu şəraitdə müəllim cəmiyyətin “intellekt istehsalçısı” rolundan çıxıb “psixoloji cəbhə əsgəri”nə çevrilir. Amma ona özünüqoruma üçün nə "silah verilir, nə də qalxan".

Bunun nəticəsində müəllim yanır, bezir, qorxur, susur. Susan müəllim isə artıq tərbiyə edə bilmir. Çünki tərbiyənin əsas şərti müəllimin daxili gücüdür…

Təhlükənin təzahürü müəllimin toxunulmazlıq statusunun itməsidir.

Təhsil sistemi müəllimi qoruyacaq hüquqi və psixoloji mexanizmləri gücləndirməyəndə, müəllim müqəddəs, “toxunulmaz peşə” statusunu itirir. Bu status itəndə məktəb də məktəb olmur...

Məktəb yalnız bina deyil. Məktəb müəllimin cəmiyyətdəki yeridir. Müəllimin cəmiyyətdəki yeri isə onun sinifdəki gücünü müəyyən edir.

Əgər müəllim küçədə nüfuzdan düşürsə, sinifdə də zəifləyir. Sinifdə zəifləyirsə, şagird qarşısında nüfuzu yoxdur,  o, müzakirə obyektinə çevrilir. Bu isə  təlim-tərbiyənin məhvidir. 

Şagird günahkardırmı? Bəli. Amma təkcə o yox…

Hadisəni törədən şəxs hüquqi baxımdan tam məsuliyyət daşıyır. Bunu müzakirə etmək yersizdir. Amma sosial məsuliyyət baxımından sual daha ağırdır:

“Bu şagird niyə müəllimə atəş açmağı mümkün hesab etdi?..”

Bir insanın cinayət törətməsi üçün təkcə qəzəb yetmir. O, eyni zamanda cinayətin “mümkün” olduğuna inanmalıdır. Bu inamı isə sosial mühit formalaşdırır.

Əgər təhsil sistemi müəllimi qoruyan institut olsaydı, bu şagird müəllimi hədəf seçməyə psixoloji cəsarət tapmazdı…

Deməli, bu hadisə həm də  təhsil sisteminin qoruyucu institut kimi zəiflədiyini göstərir. 

Bu hadisə istənilən məktəbdə, istənilən müəllimə qarşı ola bilərdi…

Təhsil böhranının kökü müəllim mərkəzli sistemdən imtinadır…

Ən böyük yanlışlıq budur: təhsildə islahat adı ilə “müəllimi əsas sima” kimi görməkdən imtina edildi.

Əslində təhsil sisteminin birinci qanunu belədir ki,  müəllim güclü deyilsə, təhsil güclü ola bilməz…

Dünyanın heç bir ölkəsində müəllimi alçaldıb, onu bürokratik mexanizmə çevirib, sonra da yüksək nəticə gözləmək mümkün deyil.

Təhsilin gücü “kurikulum”da deyil, “platforma”da deyil, “rəqəmsal sistem”də deyil. Təhsilin gücü müəllim şəxsiyyətindədir…

Bəs çıxış yolu nədir?  Müəllimin “müdafiə sistemi”ni qurmaq lazımdır…

Bu hadisə bir daha göstərdi ki, Azərbaycan təhsili yalnız dərs proqramı ilə deyil, müəllimin təhlükəsizliyi və statusu ilə xilas ola bilər. Bunun üçün isə  məktəblərdə real təhlükəsizlik qaydaları, müəllimin hüquqi müdafiəsi, valideyn-məktəb münasibətlərində sərhədlərin müəyyənləşdirilməsi, şagird davranışına qarşı psixoloji və intizam mexanizmlərinin yenilənməsi, müəllimə qarşı zorakılığın “cəmiyyətə qarşı cinayət” kimi qəbul edilməsi, ən əsası isə müəllimə münasibətdə  məmur ritorikasının dəyişməsi lazımdır…

Müəllimi yalnız hesabat və statistika ilə idarə edən sistem müəllimi qorumağı bacarmayacaq...

Bu faciə, atılan güllə bir xəbərdarlıqdır.   Bu hadisə “sonuncu güllə olsun”  arzusu ilə bitməməlidir. Arzu lazımdır, amma arzu sistem yaratmır.  Bu güllə bir xəbərdarlıq oldu: müəllimi müdafiə etməyən cəmiyyət gələcəyini müdafiə edə bilməz…

Müəllimə atəş açılan ölkədə təkcə bir müəllim yaralanmır. Orada dövlətin intellektual gələcəyi, məktəbin müqəddəsliyi və cəmiyyətin mədəni sərhədləri yaralanır, sonda 22 ilə qura bilmədiyimiz  insan kapitalı və onun memarı yaralanır…  

Bu gün bir müəllim hədəf oldu. Sabah bu hədəf universitet ola bilər, elm ola bilər, düşüncə ola bilər…

Müəllimi qorumaq təkcə müəllimi qorumaq deyil- bu, ölkənin sabahını qorumaqdır.

Çünki, müəllimdən yüksək ad yoxdur. Gəlin onu qoruyaq…

Dosent İlham Əhmədov"

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
25
2
moderator.az

3Mənbələr