AZ

Saxta işsizlər ordusu və uşaq pulu tələbi

Dünən “İdrak” liseyində baş verən qanlı hadisə ilə bağlı xəbərlərdə bir nüansa rast gəldim. Saytlardan birində hadusəni törədən məktəblinin atasının bir vaxtlar icra hakimiyyətində vəzifədə çalışdığı, hazırda isə işsiz olduğu qeyd olunmuşdu.


Ata işsizdir, uşağın təhsil aldığı məktəbin illik ödənişi 16.000 manatdır. Bəs bu ata necə işsizdir?

Bu informasiya bəlkə də həqiqət deyil. Lakin mən bu ölkədə yüzlərlə insan var ki, dövlətdən “işsizlik” müavinəti alır, amma bir neçə evi, avtomobili, zəngin həyat tərzi var. Pandemiya vaxtı hətta “işsiz” statusu alıb 196 manat maddi yardımı və ərzaq yardımını alan zənginlər də vardı. Hətta harınlamış bir Yutuber 196 manatı verib qarpız alıb partlatmışdı. Çünki “işsiz” statusu kimə gəldi verilir, heç bir araşdırma aparılmır.

Sosial yardım alanlar arasında hələ də ehtiyacı olmayanlar var. Saxta boşanma edib, bir evdə yaşayıb dövlətin büdcəsini də zəli kimi sümürürlər. Çünki o cür insanlarda vətəndaş mənliyi, milli qürur, milli təəssübkeşlik hissi yoxdur. Hələ də elə insanlara rast gəlirəm ki, yol axtarır, adamı bezdirir ki, “bəlkə tanışın ola, sosial yarıdm düzəldən?” Sosial yardım verilməsi ilə bağlı qaydalar sərtləşməli, vaxtaşırı yoxlamalar həyata keçirilməlidir. Saxta boşanmaların qarşısı alınmalıdır. 

Son illərdə ölkədə uşaq pulu tələb edənlər peyda olub. Əmin olun ki, o pulu tələb edənlərin əksəriyyətinin uşaq puluna ehtiyacı yoxdur. Sadəcə hər şeyə “dövlətdən nə qoparsaq qənimətdir” prinsipi ilə yanaşırlar. İnanın ki, ən kasıb insan belə o tələbləri irəli sürmür.

Adını işsiz yazdırıb, əmlakları yaxın qohumlarının adına sənədləşdirib dövlət büdcəsinə sağmal inək gözü ilə baxanlar ən çox uşaq pulu və s aylıq ödəniş tələbləri edirlər. Hələlik sadəcə uşaq pulu tələb edirlər, lakin o tələb reallaşandan sonra iştahları bir az da böyüyəcək, “miqdarı azdır, neft ölkəsində uşaq pulu 1000 manat olmalıdır” deyəcəklər, 1000 olsa, sonra 5.000 tələb edəcəklər. Bir sözlə “ver yeyim, ört yatım, gözlə canım çıxmasın”. Dövlət büdcəsini bu cür yüklərdən azad etmək lazımdır, hətta çox vacibdir.

Ölkədə vergi polisi yaradılmalı, ona telefon dinləmə, yazışmaları izləmə səlahiyyəti verilməlidir ki, şübhələndiyi şəxsi məhkəmə qərarı əsasında izləyə bilsin, heç kim vergidən yayına bilməsin. Əks halda ölkədə bir qrup insan işləyib vergi ödəyəcək, bir qrup isə adını “işsiz” yazdırıb verilən güzəştlərdən gen-bol yararlanacaq və gizli yolla var-dövlət sahibi olmağa davam edəcək. Buna son qoymağın vaxtıdır. 

Xanlar Xoca
Seçilən
26
yenilik.az

1Mənbələr