AZ

“Belə cinayətlər 14 yaşdan başlayır və yetkinlik yaşına çatmayan şəxslər üçün cəza 10 ildir Vəkildən açıqlama

ain.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

Bakıdakı “İdrak” liseyində silahlı insident baş verib. Bizimyol.info xəbər verir ki, hadisə Binəqədi rayonu ərazisindəki təhsil müəssisəsində qeydə alınıb. Bildirilib ki, 10-cu sinif şagirdi müəllimə silahdan atəş açıb. Dərhal xəstəxanaya çatdırılan müəllimin vəziyyətinin ağır olduğu bildirilib.Lisey ərazisində baş verən bu silahlı insidentə görə kimlər hüquqi məsuliyyət daşıyır: şagirdin özü, valideynləri, lisey rəhbərliyi, yoxsa təhlükəsizlik tədbirlərinə cavabdeh olan digər şəxslər?

Hüquqşünas Əliməmməd Nuriyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bu cür cinayətlər təhlükəli üsulla törədilən cinayətlər sırasına daxildir: “Bakıda məktəb binasında silahdan istifadə edilməsi yalnız cinayət xəbəri kimi qiymətləndirilməməlidir; bu, həm də təhsil müəssisələrinin təhlükəsizlik tədbirlərinin effektivliyinə dair ciddi hüquqi suallar doğurur. Hadisə təhsil müəssisəsinin daxilində baş verdiyindən, məsuliyyət yalnız əməli törədən şəxslə məhdudlaşmamalıdır.

Şübhəsiz ki, şagird cinayət məsuliyyətinə cəlb edilməlidir. Çünki bu cür cinayətlər təhlükəli üsulla törədilən cinayətlər sırasına daxildir və xüsusilə ağır cinayətlərə aiddir. Bu halda, Cinayət Məcəlləsinin 120-ci maddəsinin 2-ci hissəsi tətbiq oluna bilər. Lakin nəzərə almaq lazımdır ki, şəxs yetkinlik yaşına çatmayan biridir. Azərbaycan qanunvericiliyinə görə, belə cinayətlər 14 yaşdan başlayır və yetkinlik yaşına çatmayan şəxslər üçün 10 ildən artıq cəza verilə bilməz. Bu səbəbdən, istintaq orqanlarının işi bu məsələnin hüquqi qiymətləndirilməsini təmin etməkdir.

Əlbəttə ki, şəxs cinayət məsuliyyəti daşıyır. Ancaq şagirdin birbaşa icraçı kimi məsuliyyəti hüquqi baxımdan mübahisə doğurur. Yetkinlik yaşına çatmayan şəxsin ağır zorakılıq cinayətlərinə görə məsuliyyəti qanunda açıq şəkildə nəzərdə tutulur və şəxsiyyət əleyhinə olan cinayətlər sırasındadır. Lakin bu bütövlükdə sualın cavabını tam olaraq müəyyən etmək üçün hüquq yalnız nəticəni deyil, həm də şəraiti qiymətləndirir. Burda əsas və vacib cavab tələb edən sual budur”.

Əliməmməd Nuriyev

Odlu silah məktəbə necə daxil olub?

“Məktəb rəhbərliyi üçün “biz tədris müəssisəsiyik” arqumenti hüquqi əsas sayıla bilməz. Təhsil müəssisəsi, eyni zamanda müəllimlərin, şagirdlərin, hətta valideynlərin həyat və sağlamlığına cavabdeh olan məkandır. Valideynlər övladlarını məktəbə təhvil verərkən onların təhlükəsizliyinə təminat verildiyini düşünürlər. Əgər giriş-çıxış nəzarəti formal xarakter daşıyıbsa, mühafizə yalnız kağız üzərində mövcud olubsa, təhlükəsizlik tədbirləri isə hesabatlardan o yana keçməyibsə, bu artıq texniki boşluq deyil. Bu, vəzifə borcuna biganə yanaşma, ən azı səhlənkarlıq və funksional öhdəliklərin yerinə yetirilməməsi deməkdir. Əgər məktəb binasına odlu silahla daxil olmaq mümkün olubsa, bu, daxili təhlükəsizlik sisteminin işləmədiyini göstərir. Belə olan halda məsuliyyətin yalnız şagirdin üzərində saxlanılması hüquqi baxımdan düzgün yanaşma deyil. Bu prosesdə məktəb rəhbərliyi və təhlükəsizlik tədbirlərinə cavabdeh olan şəxslər də istintaqdan kənarda qala bilməz. Əks halda, istintaq ədalətin bərpasına yox, məsuliyyətdən yayınmağa xidmət edən rahat yol axtarışına çevrilə bilər”-deyə vəkil vurğulayıb.

Əliməmməd Nuriyev qeyd edib ki, bu hadisə pedaqoji problem deyil, səhlənkarlıqdır və birbaşa hüquqi müdaxilə tələb edir: “Psixoloji nəzarət məsələsi də ayrıca qeyd olunmalıdır. Məktəblərdə psixoloq ştatının mövcudluğu özlüyündə heç nə demir. Hüquqi baxımdan əhəmiyyətli olan riskli davranışların olub-olmaması, bu cür halların qeydə alınıb-alınmaması və onlara vaxtında reaksiya verilib-verilməməsidir.

Əgər aqressiya və təhlükə siqnalları mövcud olub, lakin görməməzliyə vurulubsa, bu artıq pedaqoji problem deyil, səhlənkarlıqdır və birbaşa hüquqi müdaxilə tələb edir.

Valideynlərin məsuliyyəti də avtomatik yaranır və tam istisna edilə bilməz. Əgər silah ailə daxilində nəzarətsiz saxlanılıbsa və ya uşağın təhlükəli davranışı əvvəlcədən məlum olduğu halda buna laqeyd yanaşılmışdırsa, valideynlər hüquqi məsuliyyətdən kənarda qala bilməzlər. Uşağa nəzarət valideynin seçimi deyil, onun qanuni öhdəliyidir.

Bu hadisə bir daha göstərir ki, məsuliyyət tək bir ünvana yönəldilə bilməz. Burada paralel hüquqi məsuliyyət mövcuddur: şagird icraçı kimi, valideynlər nəzarət baxımından, məktəb rəhbərliyi və təhlükəsizlik üzrə cavabdeh şəxslər isə təhlükəsiz mühitin yaradılmamasına görə məsuliyyət daşıyırlar.

Əgər istintaq yalnız şagirdin cəzalandırılması ilə yekunlaşarsa, bu hüquqi nəticə deyil, sadəcə statistik hesabat olacaq. Hüququn məqsədi statistika aparmaq yox, təhlükəli şəraitin qarşısını almaqdır. Bu funksiya yerinə yetirilmədikcə oxşar hadisələrin təkrarlanmayacağına real təminat yoxdur.

Bu hadisə ayrı-ayrı şəxslərin deyil, bütövlükdə bir sistemin sınağıdır. Veriləcək hüquqi qiymət isə gələcəkdə məktəblərdə təhlükəsizliyin real təmin olunub-olunmayacağını müəyyən edəcək və kompleks tədbirlərin həyata keçirilməsini zəruri edəcək. Ümid edirik ki, qiymətləndirmə bütün səviyyələrdə aparılacaq”.

Günel Həsənova, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
23
icma.az

1Mənbələr