
ABŞ-da yetkinlik yaşına çatmayan qızlara qarşı cinsi istismar və fahişəlik şəbəkəsi qurmaq ittihamı ilə həbsdə olarkən ölü tapılan milyarder Ceffri Epşteynin Rusiya Prezidenti Vladimir Putinlə əlaqə qurmağa çalışdığı məlum olub.
ABŞ Ədliyyə Nazirliyi tərəfindən "Epstein Files Transparency Act" çərçivəsində yayımlanan 3 milyondan çox yeni sənədə əsasən, milyarder Putinlə bir araya gəlmək üçün müxtəlif cəhdlər edib.
Sənədlər bir çox yüksək rütbəli Rusiya rəsmisinin Epşteynlə birbaşa yazışmalar apardığını və Epşteynin illər boyu müxtəlif şəxslər vasitəsilə Putinlə görüş təşkil etmək üçün dəfələrlə təşəbbüs göstərdiyini üzə çıxarıb.
Görüş cəhdləri və vasitəçilər
Epşteynin şəxsi e-poçt yazışmalarında 2010-cu illərdə Norveçin keçmiş Baş naziri Torbyorn Yaqland vasitəsilə Putinlə görüş təşkil edilməsi üçün dəfələrlə müraciət etdiyi və bu cəhdlərin 2018-ci ilə qədər fasilələrlə davam etdiyi görünür. 2013-cü ilə aid bir məktubda Epşteyn Putinlə görüşmək üçün onun "əsl vaxt və məxfilik" ayırmalı olduğunu yazıb.
Ədliyyə Nazirliyinin sənədləri həmçinin göstərir ki, Epşteyn Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Akademiyasının yüksək rütbəli məzunlarından olan Sergey Belyakov, Kremlə yaxınlığı ilə tanınan milyarder Oleq Deripaska və Rusiyanın BMT-dəki keçmiş daimi nümayəndəsi Vitali Çurkin kimi nüfuzlu şəxslərlə də təmasda olub.
Görüş baş tutubmu?
ABŞ Ədliyyə Nazirliyinin dosyelərində bütün bu cəhdlərə baxmayaraq, Epşteynin Putinlə hər hansı bir görüş keçirdiyinə dair heç bir qeyd yoxdur. Kremlin sözçüsü Dmitri Peskov da mövzu ilə bağlı açıqlamasında bildirib ki, Kreml Epşteyndən heç vaxt rəsmi görüş müraciəti almayıb.
Yayımlanan sənədlərdə Putinin adı 1000-dən çox yerdə çəkilir. Lakin bu istinadların böyük əksəriyyəti şəxsi münasibətlərdən deyil, Putin haqqında olan xəbər parçaları və media xülasələrindən ibarətdir.