AZ

Uşaq futbolu və yeni dönəm

futbolpress-az saytına istinadən ain.az xəbər verir.

AFFA uşaq futbolunun inkişafı ilə bağlı addımlar atmağa başlayıb. Yeni İnkişaf Strategiyasında xüsusi diqqət ayrılan aşağı yaş qruplarında yeniliklər tətbiq olunmağa başlayacaq.

Aşağı yaş qrupları üzrə liqaların formatlarında dəyişiklik edilib, müəyyən qaydalar tətbiq olunub. AFFA-nın son qərar etdiyi qərarlar isə AFFA U-8, AFFA U-9, AFFA U-10, AFFA U-11 və AFFA U-12 liqaları ilə bağlıdır:

“Yeni qərara əsasən, hər hansı komanda oyun ərzində 3 top fərqi ilə geridə olarsa, bu zaman əsas heyətə 1 nəfər oyunçusunu əlavə edə bilər. Hesab arasındakı fərq 6 qol olarsa, məğlub durumda olan komanda əsas heyətə daha 1 oyunçu əlavə edə bilər.

Hesab fərqi 4 qola enən zaman meydanda olan əlavə 2 oyunçudan 1-i meydanı tərk etməlidir.

Yekun olaraq, 3 qol fərqi olanda əlavə 1 oyunçu, 6 qol fərqi yaranan zaman əlavə daha bir oyunçu meydana daxil ola bilər.

Qol fərqi 4-ə və 2-yə enərsə, meydana daxil olan oyunçular müvafiq qaydada meydanı tərk etməlidirlər.

Hesab fərqinə görə meydana əlavə olaraq daxil ola biləcək oyunçuların sayı maksimum 2 nəfər olmalıdır.

Bu qaydanı icra etmək məcburi deyil. Hesabda geridə olan komanda oyuna əlavə oyunçu daxil etməyə də bilər və bu, komandanın öz öhdəliyindədir”.

Qəbul edilən qərarlarda bir sıra müsbət məqamlar qeyd edilməlidir. Məğlub komandanın əlavə oyunçu ilə güclənməsi daha bir uşağın şans qazanması deməkdir. Say azlığı ilə olsa belə fərqi artımaq komandanın birinə daha özünəminam gətirəcək. Uşaq liqalarında nəticələrin qeydə alınmaması faktoruna nəzərən belə addımın müsbət tərəfləri olacağı dəqiqdir.

“Sabah” futbol klubunun akademiyasının məşqçisi, U-12 komandasının çalışdırıcısı yeni qərarı qısa olaraq, belə şərh edib:

“Bildiyim qədər, bu qərar komandalardan biri çox qol buraxmasın, azyaşlı uşaqlar həvəsdən düşməsin deyə qəbul olunub. U-12 liqası 11-11-ə keçid istiqamətində son liqadır. Bundan sonrakı yaş qruplarında oyunlar 11-11-ə keçirilir. Buna görə, məncə, yaxşı olardı ki, bu qərar daha aşağı yaş qruplarına tətbiq olunsun və ya ödənişli qruplar öz aralarında çıxış etsinlər”.

Qərarın hansı istiqamətdə təsir göstərəcəyi qarşıdakı dönəmlərdə daha dəqiq bilinəcək. U-8-U-12 aralığı liqalar uşaqlarda futbola sevginin oyadılması, onların ilkin biliklərə yiyələnməsi üçün mühümdür. Uşaq futbolu artıq 14-15 yaşından daha dərin öyrənir, texniki-taktiki biliklərə yiyələnir. İndiki məqamda əsas qərarlar məhz bu yaşdan yuxarı liqalar üçün düşünülsə, daha məqsədəuyğun olar. Hər bir halda, hər qərar, hər yenilik inkişaf üçün atılmış addım hesab edilir. Bu mövsüm bir çox liqada tətbiq edilən yeniliklər artıq uşaq futbolunda təzə eranın, dönəmin başlanmasına da işarədir.

Liqalarda format dəyişikliyi, oyun saylarının artması, komandaların bərabər səviyyədə oyunlar keçirməsi daha əsas amildir. Digər vacib məsələ şəraitlə bağlıdır. Uşaqların erkən yaşlardan asfaltda, süni meydançalarda oynaması sağlamlıqlarına birbaşa ziyandır. Fizikası tam oturuşmamış futbolçunun belə arenalarda top qovması müxtəlif mikro zədələrə yol açır ki, onlar da gələcəkdə bu sarıdan əziyyət çəkir. Bu minvalda neçə-neçə futbolunun karyerasını erkən bitirməsinin şahidi olmuşuq.

Stadion məsələsi isə artıq AFFA-nın qərarları ilə bağlı məsələ deyil. Premyer Liqa, I Liqa klublarının yaxşı bazası, akademiyası olması mütləqdir. Çempionatda oynayıb, dövlətdən aldığım dotasiya ilə yarışlarda iştirak edim, heyət qurum deməklə iş bitməməlidir. Hər klub özlüyündə uşaq futboluna və Azərbaycan futboluna hansısa istiqamətdə fayda verməli olduğunu başa düşməlidir. Klubların aşağı yaş qruplarına laqeydsizliyi ölkə futbolunun gələcəyinə də zərbə vuracaq əsas amildir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
31
futbolpress.az

1Mənbələr