AZ

Bakıdan Naxçıvanadək: Şəhərlərimiz hansı mənbələrdən su içir?

Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan və Naxçıvan şəhərlərinin su təchizatı yerüstü və yeraltı mənbələr hesabına formalaşdırılır. Mənbələrdən qəbul edilən xam su sutəmizləyici qurğularda emal olunaraq içməli su səviyyəsinə çatdırılır və təhlükəsizliyi laboratoriyalar vasitəsilə yoxlanılır.

Ölkə.Az-ın məlumatına görə, Bakı şəhəri beş əsas mənbədən qidalanır. Bunlara Ceyranbatan gölü, Şollar-Bakı və İkinci Bakı su kəmərləri, Oğuz-Qəbələ-Bakı su kəməri və Kür çayı daxildir. Ceyranbatan gölündən götürülən su sutəmizləyici qurğularda emal edilir. Yeraltı mənbələrdən gələn Şollar və İkinci Bakı xətləri ilə nəql olunan su paylayıcı stansiyalarda zərərsizləşdirilərək istehlakçılara verilir. Oğuz-Qəbələ-Bakı su kəməri isə subartezian quyularından götürülən suyu 8 rayonun ərazisindən keçməklə paytaxta çatdırır. Kür çayından alınan su Hacıqabul rayonundakı qurğularda emal edilərək Bakı şəhərinin bir hissəsini təmin edir.

Sumqayıt şəhəri Şollar-Bakı, İkinci Bakı su kəməri və Ceyranbatan mənbələrindən su alır.

Gəncə şəhərinin su təchizatında Şəmkirçay sutəmizləyici qurğuları, Göygöl ərazisindəki bulaqlar və Gəncəçay hövzəsində yerləşən Qızılqaya su mənbələri istifadə olunur.

Mingəçevir şəhəri içməli suyu Mingəçevir su anbarından alır. Xam su sutəmizləyici qurğularda süzgəclərdən keçirilərək zərərsizləşdirilir və əhaliyə ötürülür.

Şirvan şəhərinin su təchizatı Kür-Bakı xəttindən ayrılan Şirvan-Muğan qrup su kəməri vasitəsilə həyata keçirilir.

Naxçıvan şəhəri əsasən Heydər Əliyev su anbarından qidalanır. Su sutəmizləyici qurğularda emal olunaraq şəhərin paylayıcı şəbəkəsinə verilir.

Qeyd edilib ki, iri şəhərlərdə yerləşən mərkəzi və məhəllədaxili su anbarları ildə ən azı bir dəfə yuyulur. Anbarların yuyulmasından sonra sudan götürülən nümunələr kimyəvi və bakterioloji göstəricilər üzrə laborator analizlərdən keçirilir.

Seçilən
18
olke.az

1Mənbələr