AZ

Taksi fəaliyyətində yeni tələblər

ain.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Məlum olduğu kimi, ölkədə taksilərin fəaliyyətinə buraxılış kartında müəyyən edilmiş ərazi hüdudları daxilində icazə verilir. Sumqayıt və ya Bakı ərazisində sifarişləri yalnız bu şəhərdə qüvvədə olan buraxılış kartı ilə yerinə yetirmək mümkündür. Beləliklə, Sumqayıt üçün buraxılış kartı olmayan maşınlar üçün bu şəhərdə, Bakı üçün buraxılış kartı olmayan maşınlar üçün isə paytaxtda sifarişlər məhdudlaşdırılır.

Yeni tələblərə əsasən, taksi sürücüləri yalnız qeydiyyatda olduqları ərazi üzrə sərnişin daşıya bilərlər. Bu isə Bakıda qeydiyyatdan keçən sürücülərin Sumqayıtda, Sumqayıtda qeydiyyatda olanların isə Bakıda sərnişin götürməsini qadağan edir. Yeni tələblərə görə, sürücü Bakıdan Sumqayıta sifariş aparırsa, əks istiqamətdə - yəni Sumqayıt ərazisində sərnişin götürmək üçün onun bu şəhər üzrə ayrıca buraxılış kartı olmalıdır. Əks halda, həmin ərazidə taksi fəaliyyəti göstərməsi qanunsuz sayılır.

Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlının sözlərinə görə, yeni qaydalara əsasən, taksi fəaliyyəti ilə məşğul olan şəxslər Bakıda qeydiyyatdan keçib Sumqayıta gedib orada xidməti aktiv edə bilməzlər. Sumqayıt şəhərindən götürdüyü müştərisini Bakıya rahat şəkildə gətirə bilər. Sadəcə Bakıdan müştəri götürə bilməz. O, müştərini Bakıya gətirib çatdırıb təzədən Sumqayıta qayıtmalıdır və orada işini davam etdirməlidir. Eyni zamanda Bakıdakı sürücü də Sumqayıta müştəri olsa, rahat şəkildə apara bilər. Tələb yalnız ondan ibarətdir ki, Bakıda qeydiyyatdan keçən sürücü Sumqayıtda xidməti aktiv edə bilməyəcək. Çünki sürücünün qeydiyyatı hansı ərazi üzrədirsə, taksi tətbiqində də fəaliyyəti yalnız həmin ərzi üçün aktivləşir: "Təbii ki, bundan bəziləri narazıdır. Onlar istəyir ki, hər yerdə xidmət göstərsinlər. Amma dövlətin qoyduğu qayda-qanun budur. Bu qaydalara əsasən, Bakı şəhəri üçün taksi kvotası 25 min olaraq müəyyən edilib. Hazırda isə bu rəqəm 40 mini keçib. Dövlət islahatlar aparır ki, Bakıda taksilərin sayı mərhələli şəkildə 25 minə düşsün. Bu, təbii proses olacaq və bu gün-sabah kiminsə buraxılış kartı ləğv edilməyəcək. Nəzərə almaq lazımdır ki, sürücülərin bir qismi Bakıdan kənarda - Sumqayıt, Abşeron və digər ərazilərdə yaşayır. Onlar qeydiyyatda olduqları ərazi üzrə xidmət göstərməlidirlər. Qanunla proses məhz bu cür tənzimlənir. Hazırkı qanunvericiliyin tələbi ondan ibarətdir ki, Bakıda qeydiyyatdan keçmiş taksi Bakıda fəaliyyət göstərsin. Eyni ilə Sumqayıt, Xaçmaz və ya Şirvanda qeydiyyatda olan taksilər isə həmin ərazilərdə işləməlidir".

E.Muradlı hesab edir ki, bu islahatlar qiymətlərə müəyyən təsir göstərəcək: "Əgər Bakıda taksilərin sayı 25 minə endirilsə, qiymət artımı qaçılmaz olacaq. Bu, sürücülərin bir qisminin də arzuladığı məsələdir. Amma 40 minə yaxın taksini birdən-birə 25 minə salmaq mümkün deyil, bu, yalnız zamanla baş verə bilər. Hazırda vəziyyət belədir ki, təxminən 15 min nəfər sadəcə sənəd alıb, amma aktiv fəaliyyət göstərmir. Bəziləri bunu ehtiyat variant kimi saxlayır. AYNA-nın apardığı yoxlamalar göstərir ki, Bakı şəhəri üzrə faktiki olaraq aktiv taksi xidməti göstərənlərin sayı 22 min civarındadır. Məhz bu rəqəmə əsaslanaraq 25 minlik kvota normal hesab olunur. Biz bu məsələni AYNA rəhbərliyi və digər qurumlarla müzakirə etmişik ki, əsas dolanışıq mənbəyi taksi fəaliyyəti olan insanlar kənarda qalmasın. Elə ailələr var ki, bir neçə nəsildir bu peşə ilə məşğuldur. Arzumuz odur ki, kvota təsdiqlənərkən bu cür sürücülərə müəyyən güzəştlər tətbiq olunsun. Axşamlar əlavə qazanc üçün taksi sürənlərlə, günün 12-14 saatını bu işə sərf edənləri eyniləşdirmək düzgün deyil. Təbii ki, daimi peşə kimi taksi fəaliyyətini seçən sürücülərə üstünlük verilməlidir".

Nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədovun sözlərinə görə, kartların ərazi üzrə paylanması və buraxılış qaydalarında ərazilərin məhdud seçilməsi müəyyən narahatlıq yarada bilər: "Çünki ərazi üzrə çatdırılmaların bu cür tənzimlənməsi praktikada əlavə çətinliklər doğurub. Nəzərə almaq lazımdır ki, Azərbaycan əhalisi həm paytaxt daxilində, həm də kənarda aktiv həyat tərzi sürür və gündəlik hərəkətlilik geniş əraziləri əhatə edir. Mövcud məlumatlara, xüsusilə taksi aqreqatorlarının statistik göstəricilərinə baxdıqda aydın olur ki, həm Bakıda, həm də Sumqayıtda sifarişlər müxtəlif və qarışıq istiqamətlər üzrə formalaşır. Şəhər əhalisi ərazi baxımından bərabər paylanmadığı üçün sifarişlərin də konkret rayonlarla məhdudlaşması real vəziyyətə uyğun deyil. Məsələn, Sumqayıtdan Bakıya daxil olan bir taksi sifarişi Yasamal rayonunda bitə, daha sonra isə həmin sürücüyə Pirallahı və ya Qaradağ istiqamətində yeni sifariş verilə bilər. Bu halda yalnız konkret rayon üzrə sifariş qəbul etmək öhdəliyinin qoyulması məntiqi deyil".

Ekspertin sözlərinə əsasən, əgər buraxılış kartı verilibsə və sürücü qeydiyyatdan keçibsə, o, ümumi sistem çərçivəsində fəaliyyət göstərməlidir: "Sürücülərin ərazi üzrə seçim imkanlarının məhdudlaşdırılması sifarişlərin azalmasına, qiymətlərin artmasına və taksi çatışmazlığına səbəb olacaq. Bu baxımdan, kartların buraxılışı və tətbiq edilən prosedurlar real hərəkətlilik, bazar tələbi və vətəndaşların seçim azadlığı nəzərə alınmaqla müəyyənləşdirilməlidir".

Nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev bildirib ki, Bakı və şəhər ətrafı ərazilərin mobilliyinin inkişafı ilə bağlı dövlət proqramı mövcuddur. Bu qaydalar artıq 2023-cü ildə qüvvəyə minib. Hazırda hiss olunan əsas dəyişiklik ondan ibarətdir ki, bu il yanvarın 1-dən etibarən kvota tətbiq olunub. Belə ki, paytaxtda yalnız Bakı qeydiyyatında olan 25 min avtomobil şəhər daxilində taksi fəaliyyəti göstərə bilər: "Sumqayıt şəhərində buraxılış kartı alan sürücü Bakıda fəaliyyət göstərərsə, bu, ümumi hərəkətliliyə təsir edər və müəyyən olunmuş kvota qaydalarını pozmuş olar. Yalnız icazə verilmiş say daxilində olan taksilər Bakıda fəaliyyət göstərə bilər. Məqsəd inzibati qaydalara uyğun olaraq hərəkəti balanslaşdırmaqdır. Bu yolla Bakıya kənardan əlavə avtomobillərin daxil olmasının qarşısı inzibati mexanizmlərlə alınır. Hər zona üzrə hüdudlar müəyyən olunubsa, həmin çərçivədə müəyyən sayda nəqliyyat vasitəsi fəaliyyət göstərəcək. Bu ona görə edilir ki, Bakıya kənardan çox sayda avtomobil daxil olduqda əlavə yüklülük yaranmasın. Bu mövzuda taksi şirkətləri qanunvericiliyə zidd hərəkət etsələr, onların lisenziyasının ləğvinə qədər gedilə bilər. Dövlətin qaydaları hər kəsə aiddir".

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, qanuna əsasən, taksi minik avtomobilləri ilə sərnişin daşımaları yalnız buraxılış kartında göstərilən ərazi hüdudlarında həyata keçirilə bilər. Həmin tələblərin pozulmasına görə İnzibati Xətalar Məcəlləsinə əsasən, sürücülər 50 manat məbləğində cərimə edilə bilər. Sürücülər taksi fəaliyyəti göstərmək istədikləri şəhər üzrə müvafiq buraxılış kartını əldə etmək üçün AYNA-ya müraciət edə bilərlər.

Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, Bakı şəhərinin inzibati ərazi vahidi üzrə taksi minik avtomobilləri ilə sərnişindaşımaları üçün verilən icazələrin əlavələrinin (buraxılış kartlarının) say həddi 25 000 ədəd müəyyən edilib.

Sevinc QARAYEVA

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
31
525.az

1Mənbələr