Kanada və Ukrayna Kiyevə AIM hava hücumundan müdafiə raketlərinin ötürülməsi barədə razılığa gəliblər.
Editor.az xəbər verir ki, bu barədə məlumat Ukraynanın Müdafiə Nazirliyinin rəsmi internet saytında, iki ölkənin müvafiq qurum rəhbərləri — Mykhailo Fedorov və David McGuinty arasında aparılan danışıqlardan sonra dərc olunub.
David McGuinty bildirib ki, Kanada Ukraynanın hava hücumundan müdafiə imkanlarını gücləndirmək və qanadlı raket təhdidlərinə qarşı mübarizəni artırmaq məqsədilə Ukraynaya AIM raketlərinin transferini həyata keçirəcək. Onun sözlərinə görə, silahların Ukraynaya çatdırılması prosesi artıq başlayıb.
Tərəflər, həmçinin pilotsuz uçuş aparatlarının birgə istehsalı və Ukrayna hərbi qulluqçularının hazırlanması sahəsində əməkdaşlıq imkanlarını da müzakirə ediblər. Görüşlər videokonfrans formatında baş tutub.
Ukrayna Prezidenti Volodimir Zelenski dekabr ayının sonunda Halifaks şəhərində Kanada Baş naziri Mark Karni ilə keçirdiyi görüş zamanı münaqişənin həlli istiqamətində əldə olunan irəliləyişlərə diqqət çəkib, eyni zamanda, ölkənin hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsinə olan təcili ehtiyacı vurğulayıb.
Zelenski Kiyevin müasir Qərb istehsalı hava hücumundan müdafiə sistemlərinə sahib olmasının son dərəcə vacib olduğunu birbaşa ifadə edərək diplomatik səylərin hava təhlükələrinə qarşı fiziki təhlükəsizliyi əvəz edə bilməyəcəyini qeyd edib.
//Gülnarə Abasova, Editor.az