AZ

"Müəllimə silah çəkilən bir mərhələyə gəlib çıxmışıq" - Pedaqoqdan XƏBƏRDARLIQ

Bu gün Bakının Binəqədi rayonunda yerləşən “İdrak” liseyinin şagirdi müəllimi güllələyib. Şagird odlu silahla təhsil müəssisəsinə gələrək orada riyaziyyat müəllimi işləyən 1997-ci il təvəllüdlü Şəhla Kamilovaya atəş açıb. Güllə yarası alan müəllim xəstəxanaya yerləşdirilib.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında açıqlamasında pedaqoq, Valideyn Məktəbinin təsisçisi, "Green Start Academy" Təlim və İnkişaf Mərkəzinin rəhbəri Aysel Rəsulzadə bildirdi ki, bu gün Bakı səhərini çox sarsıdıcı və qorxuducu bir xəbərlə açdı:

"Əslində bu hadisə artıq cəmiyyət olaraq hər birimiz üçün ciddi bir həyəcan siqnalıdır: yeniyetmələrimizin və gənclərimizin psixoloji, ümumi sağlamlıq durumu hansı səviyyədədir sualı hər birimizi maraqlandırmalıdır. Bugünkü hadisə bunu açıq şəkildə göstərdi.

İlk növbədə onu qeyd etmək istərdim ki, bu gün cəmiyyətdə formalaşan ümumi fikir ondan ibarətdir ki, yeniyetmələr arasında böyüyə hörmətin azalması, ümumilikdə isə dəyərlərin itirilməsi prosesi gedir. Çünki biz əvvəl böyüklərimizə, xüsusilə də müəllimə söz deməyi belə təsəvvür edə bilmirdik. Söz qaytarmaq nədir, əl qaldırmaq ümumiyyətlə qəbulolunmaz idi. Bu gün isə təəssüf ki, müəllimə silah çəkilən bir mərhələyə gəlib çıxmışıq. Bu hal bir tərəfdən dəyərlərin aşınması, digər tərəfdən isə nəsillərarası tərbiyə modelinin dəyişməsi ilə əlaqələndirilə bilər. Çünki burada çoxsaylı amillər mövcuddur. Məsələn, əvvəlki dövrlərdə valideyn-övlad, müəllim-şagird münasibətləri daha çox qorxu üzərində qurulurdu. Yəni uşağa söz keçirmək üçün qorxu faktoru əsas vasitə idi, münasibətlərdə avtoritar yanaşma hökm sürürdü və cəzaya əsaslanan tərbiyə modeli mövcud idi".

Pedaqoqun fikrincə, indiki uşaqlar isə əvvəlki nəsildən fərqlənirlər:

"Onlar daha çox söz haqqı tələb edir, emosiyalarını və hisslərini açıq şəkildə ifadə etməyə çalışırlar. Bu vəziyyət bəzən “azadlıq” kimi də dəyərləndirilir. Təbii ki, bu dəyişikliklər fonunda hörmət hissinin azalması, dəyər anlayışının itməsi kimi mənzərə yaranır. Qorxu azaldıqda isə boşluq meydana çıxır və bu boşluq da təəssüf ki, bu cür hadisələrlə özünü göstərir. Halbuki münasibətlər qorxuya yox, sağlam hörmətə əsaslanmalıdır".

Müsahibimiz əlavə etdi ki, digər mühüm məqam ailə daxilində qaydalar və sərhədlərlə bağlıdır:

"Uşaq azadlığını tələb edir, valideyn isə bəzən yanlış yanaşma sərgiləyərək düşünür ki, uşağa hər cür rahatlıq vermək lazımdır, qoy istədiyini etsin. Bu zaman ailədaxili qaydalar pozulur, uşağın sərhədləri müəyyənləşdirilmir. Evdə qaydasızlıq görən uşaq məktəb mühitində müəllim tərəfindən qaydalar qoyulduqda bunu qəbul etmir və nəticədə söz qaytarma, aqressiya, hətta zorakılıq halları ortaya çıxır. Bugünkü hadisə də bu prosesin son nöqtələrindən biridir. Bir sözlə, uşaq evdə sərhəd görmürsə, qaydalara əməl olunmadığını müşahidə edirsə, məktəbdə də bunu qəbul etmir. Halbuki qaydaları öyrədən və tətbiq etdirən ilk növbədə valideyndir. Təəssüf ki, bu gün bir çox valideynlər uşaqlara həddindən artıq icazələr verir, “uşaq inciməsin”, “travma almasın” düşüncəsi ilə lazım olan yerdə “yox” deməkdən çəkinirlər. Bu "azadlıq" isə sonda cəmiyyət üçün böyük travmalara səbəb olan faciəvi hadisələrə gətirib çıxarır. Sosial media və texnoloji vasitələr də bu prosesdə ciddi rol oynayır. Telefon, noutbuk və digər vasitələr vasitəsilə uşaqlar hər cür məzmuna asanlıqla çıxış əldə edirlər. Burada valideyn nəzarətinin zəifliyi açıq şəkildə hiss olunur. Uşaq sosial mediada gördüyünü nümunə götürür, onu real həyatda sınamağa, təkrarlamağa çalışır".

Aysel Rəsulzadənin sözlərinə görə, hadisəyə psixoloji aspektdən yanaşdıqda isə bu cür ağır hadisələrin kökündə illərlə yığılan emosional, sosial və psixoloji problemlərin dayandığını görürük.

"Şagird hansı səviyyədə daxili gərginlik yaşayıb ki, qəzəbini müəllimə silah açmaqla ifadə edib? Bu fakt ailə-məktəb, müəllim-şagird münasibətlərinin sağlam qurulmadığını göstərir. Bu baxımdan valideyn-məktəb əməkdaşlığının gücləndirilməsi son dərəcə vacibdir. Şagirdin psixoloji vəziyyəti daim diqqətdə saxlanılmalıdır. Aqressiv davranış göstərən, zorakılığa meyilli uşaqlarla vaxtında işlənməli, psixoloji dəstək mütləq təmin olunmalıdır. Psixoloqa müraciət, profilaktik tədbirlər və fərdi yanaşma bu cür halların qarşısının alınmasında mühüm rol oynayır. Bugünkü hadisə bunu bir daha açıq şəkildə sübut edir. Ən önəmlisi isə odur ki, şagirdi dərhal günahkar elan etməməliyik. Böyüklər olaraq özümüzə sual verməliyik: uşaq bu nöqtəyə necə gəlib, hansı səbəblər onu buna vadar edib? Əgər biz yenə zorakılıq və sərt cəza yolu seçəcəyiksə, nəticə əldə etmək mümkün olmayacaq. Bu səbəbdən cəza vermək yox, səbəbləri araşdırmaq, həll yolları tapmaq əsas məqsəd olmalıdır. Müəllim-şagird-valideyn münasibətləri sağlam şəkildə qurulmalı, ən xırda detallara qədər bu əlaqələr üzərində işlənməlidir", - deyə o vurğuladı.

Xədicə BAXIŞLI

Seçilən
48
1
redaktor.az

2Mənbələr