AZ

“İdrak” liseyi və NATO loqosu: nə baş verir?

Publisist Samir Feyruzov “İdrak” liseyində baş verən silahlı insidentlə bağlı geniş köşə yazısı qələmə alıb. Müəllif yazısında hadisəni təkcə bir məktəbdə yaşanan cinayət kimi deyil, ölkədə illərdir yığılan sosial, hüquqi və institusional problemlərin nəticəsi kimi dəyərləndirib.

Feyruzovun fikrincə, Azərbaycanda sürətlə dərinləşən sosial təbəqələşmə, gələcək perspektivinin olmaması və sosial ədalətsizlik gənclər arasında aqressiyanı artırır. O, cəmiyyətdə “kastalaşma” prosesinin getdiyini, varlı və məmur ailələrinin övladları ilə aztəminatlı ailələrin uşaqları arasında dərin uçurum yarandığını bildirib.
Tribuna.az xəbər verir ki, müəllif yazısında ölkədə kriminal durumun pik həddə çatdığını, zorakılığın gündəlik davranış modelinə çevrildiyini iddia edib. Onun qənaətinə görə, dövlət institutları profilaktik mexanizmlərdən çox, yalnız faciələrdən sonra reaksiya verən strukturlara çevrilib. Məhkəmə-hüquq sisteminə inamın zəiflədiyini qeyd edən Feyruzov, bəzi vətəndaşların problemlərini hüquqi yollarla deyil, qeyri-rəsmi vasitələrlə həll etməyə üstünlük verdiyini vurğulayıb.
Yazıda korrupsiyanın sistemli və xaotik xarakter aldığı, cəzasızlıq mühitinin cəmiyyətdə ümidsizliyi dərinləşdirdiyi də qeyd olunur. Müəllifin fikrincə, bu mühit təhsil sisteminə də sirayət edib, müəllim nüfuzu və məktəb intizamı formal xarakter alıb.
Samir Feyruzov yazısında Təhsil naziri Emin Əmrullayevin fəaliyyətini də sərt tənqid edib və baş verən proseslərdə onun məsuliyyət daşıdığını iddia edib. Müəllif vurğulayıb ki, mövcud problemlər təkcə Təhsil Nazirliyinin səlahiyyətləri çərçivəsində həll edilə bilməz.
Köşə yazısında “İdrak” liseyinin binasının Bəylər Eyyubovun qohumuna məxsus olması ilə bağlı iddialar da səsləndirilib. Müəllif bu faktın təsadüfi olmadığını düşünərək, ölkədə baş verən bir sıra proseslərin müəyyən qruplarla əlaqəli olduğunu irəli sürüb.
Yazının sonunda Feyruzov “İdrak” liseyinin loqosu ilə NATO loqosu arasında oxşarlığa diqqət çəkərək, bunun səbəbləri ilə bağlı suallar ünvanlayıb və bu cür presedentlərin kimə və nə üçün lazım olduğunu sorğulayıb.
Qeyd edək ki, yazıda səsləndirilən bütün fikirlər müəllifin şəxsi mövqeyini əks etdirir.
Seçilən
49
yenilik.az

1Mənbələr