525.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Kamil ƏFSƏROĞLU
Kino afişasını, bir qayda olaraq, qəsəbənin mərkəzindəki qocaman çinar ağacının gövdəsindən asırdılar. Bəlkə də dünyanın heç bir yerində belə cəlbedici afişa yazıla bilməzdi. Kinomexanik Əbülfət nələr uydurmurdu? "Görməyə tələsin", "Yalnız bu gün", "Axırda pələng gədənin dədəsini yeyir", "Fərman müəllim də gələcək".
"Görüş" filmi isə nə müharibə iştirakçısı Fərman müəllimlik idi, nə də hind kinolarında olduğu kimi axırda pələng gədənin dədəsini yeyirdi. Amma bu yeni filmin də reklamı mahiyyətcə digərlərindən geri qalmırdı: qırmızı rəngli yanpörtü hərflərlə "Görüş", aşağıda mötərizə içində isə "Azərbaycanlı oğlanla özbək qızının məhəbbəti - həqiqi Leyli-Məcnun" yazılmışdı.
Bəlkə də afişada yazılanların təsirindən idi ki, axşam yay kinoteatrı ağzınacan tamaşaçılarla dolmuşdu. Yer tapmayan uşaqlar divarın o üzündəki əbrişim ağacına dırmaşmışdılar. Kinoya ağacdan baxmağın ayrı ləzzəti vardı, bir qəbahəti buydu ki, gərək yuxulamayasan, yuxuladın ha, budaqların arasıyla necə sürüşüb düşdüyündən xəbərin belə olmurdu. Bu hallar, ələlxüsus, ikiseriyalı filmlər göstəriləndə baş verirdi.
Film başlayanda biletyoxlayan Hökmalı gəlib kəsdirirdi ağacın altını, uşaqlara hədə-qorxu gəlirdi, deyirdi ya adambaşına 10 qəpik atın aşağı, ya da sürüşün düşün, yoxsa milis çağıracam. Hökmalının hədəsindən sonra asfalta düşən qəpiklərin cingiltisi eşidilirdi. Filmə ağacdan baxmaq üçqat ucuz başa gəlirdi, ona görə böyüklərdən də ağaca dırmaşanlar olurdu. Hamamın ocaqçısı Qara Qədir şax budağı məngirləmişdi.
"Görüş" filmi tamaşaçılara həm də ona görə maraqlıydı ki, bizim rayon da pambıqçılıq rayonu idi və ekranda gördüyümüz mənzərə, hadisələr, insanlar necə deyərlər, bizə bir köynək yaxın idi.
Film boyu ekrandakı hadisələrə münasibət bildirənlər də tapılırdı.
- Ayə, məni qınamayın, deyəsən, bu, bizim tərəflərin kəndidi axı. Vallah, Soltanlı kəndidi, - orta sıradan kiminsə səsi gəldi.
- Böyük Mərcanlıya da oxşuyur, - başqa biri əlavə elədi. - Ona bax, o kepkalı kişini tanıyıram, evləri poçtun arxasındadır... Dinmə, dinmə, sən ölmüyəsən, oxşuyur ki, bu yaşlı kişi də özbək qızına vurulub!
Bu deyilənlərə Vıj-vıj Əli də qoşuldu, xırıltılı səsi manşır idi, film boyu atmacalarından, şərhlərindən qalmırdı. Tamaşaçılar onun dedikləriylə hesablaşırdılar. Kino başlar-başlamaz, Əli filmin nəylə bitəcəyini görürdü, elə bil film çəkəndə onunla məsləhətləşirdilər. Başqalarını bilmirdim, bu sayaq söz-söhbət mənə maraqlıydı. İnanırdım ki, ekranda gördüklərim kino deyil, həyatdır və bəyaz pərdə də dünyaya açılan pəncərədir və mən bu pəncərədən boylanıb dünyaya baxıram.
Yenə Əlinin səsi gəldi:
- Vurulub, o da vurulub özbək qızına. Əlindəki çiçək dəstəsinə fikir verin, siz allah. Sən bunun yerişinə bax, sportsmendi e, sportsmen: bir-iki, bir iki... Təzə ayaqqabı dabanını vurur... Sağ ol, Xasay məllim.
- Ayə! Aman verin kinoya baxaq! - Xankişioğlu Məhəmmədin iradından sonra sakitlik çökdü, elə bil qurbağa gölünə daş atmışdılar. Hamının diqqəti ekrandaydı.
Gözümü ekrandan ayırmasam da, hiss edirdim ki, sinif yoldaşlarım xəlvətcə məni süzür, öz aralarında nəsə pıçıldaşırlar.
Filmdəki Kamil mənim adaşım idi və qəribəydi ki, familiyamız da eyniydi. Uşaqlar buna elə əhəmiyyət verirdilər, guya filmin qəhrəmanı məndim, guya film mənim həyatımdan bəhs edirdi. Burda nə vardı, bilmirdim, nolar adam adaş olanda. Nə deyim, bəlkə də dostlarım mənimlə ekrandakı Kamil arasında bir xarakter oxşarlığı görürdülər. Bundan əməli-başlı sıxılırdım. Keçən payız bizi - orta məktəb şagirdlərini pambıq yığımına aparmışdılar ki, kolxozçulara kömək eləyək. İlk dəfəydi pambıq tarlası görürdüm, elə bil yerin üzünə ağappaq nəhəng bir xalı sərmişdilər. Gördüyümə heyran olmuşdum. Amma elə ki, başladıq məhsul yığımına, heyranlığım sönükdü, belə ağır işə alışmamışdım. Mənim halımda olanlar az deyildi. Qızlar biz oğlanlara yuxarıdan baxırdılar, əslində buna haqları çatırdı, əllə məhsul toplamaqda yaxşı ad çıxarmışdılar. Qızlara cavabımız bu olurdu ki, əllə pambıq yığmaq kişi işi deyil... Oğlanlardan çoxunun karikaturasını divar qəzetinə vurdular, kinodakı kimi.
Filmin qəhrəmanının - adaşım Kamilin yerinə utanırdım, elə utanırdım, guya onun əməllərindən ötrü mən cavabdeh idim. İşdən yayınmağının, avaralanmağının üstündə onun yerinə mən xəcalət çəkirdim. Düzəlmək bilmirdi, işinin adı motosikleti at yerinə ora-bura çapmaq idi.
"Heç görünən işdi? Gərək mənim adaşım olaydı, özgə ad tapa bilmirdilər ki?", - kinoçəkənləri özlüyümdə qınayırdım. Təcrübə mübadiləsi üçün Özbəkistandan gəlmiş qabaqcıl pambıqçı Lala İsmayılovayla ilk tanışlıqdan Kamilin ona yalan söylədiyini görəndə isə lap bezdim, kinodan yarımçıq çıxmaq istədim.
- Baxarsınız, eşq-məhəbbət bu gədəni axırda haqq yoluna gətirəcək. Məhəbbətin aşırmadığı dağ yoxdur. - Əlinin səsiydi. Onun sözləri məni saxladı, məndə ümid oyandı ki, film maraqlı bir sonluqla bitəcək.
Ekrandan yayılan həzin musiqi Əlinin sözünə qüvvət verirdi sanki. Mahnı adamın qəlbini titrədir, ruhunu oxşayırdı. Bir nisgil vardı bu mahnıda. Baxdım ki, yanımda oturmuş dostum Seyranın gözləri dolub, elə mən özüm də doluxsunmuşdum. Zalda cınqırını çıxaran yox idi, tamaşaçılar aylı gecənin füsunkar mənzərəsi fonunda səslənən ecazkar musiqinin sehrinə düşmüşdülər. Özümün də anlamadığım bir duyğu oyanmışdı qəlbimdə, özbək qızını yalnız ekrandakılara deyil, tamaşaçılara da qısqanırdım və yaxşı bilirdim ki, bu hissləri təkcə mən yaşamıram...
"Görüş" 50-ci illər kəndinin romantikasıydı, Azərbaycan kəndinin mənzərəsini canlandırır, kolxoz təsərrüfatının nailiyyətlərini, xalqlar dostluğu ideyasını tərənnüm edirdi. Bu cür filmlərə ehtiyac vardı. Vacib sənət növü kimi kino insanların cəmiyyətdə öz yerlərini tapmasında, onların formalaşmasında öz sözünü deməliydi.
İkinci Dünya müharibəsindən sonra "yeni kino" ənənələri yaranmaqda, təşəkkül tapmaqda idi və təbii ki, Azərbaycan kinosu da bu yenilikdən, təşəkküldən kənarda qala bilməzdi. Stalinizmin süqutundan sonra demək olar sənətin hər bir sahəsində, o cümlədən kinoda da yaradıcı insanların əli-qolu açılmışdı, az-çox sərbəstlik qazanmışdılar. Sənət adamlarında həyata, cəmiyyətdəki hadisələrə tənqidi yanaşmaq meyli baş qaldırmışdı. Biz bunu 50-ci illər kinosunda, o cümlədən "Görüş" filmində də görürük. Bütün bunlar həm də insanlarda kino sənətinə olan inamı, marağı artırırdı. Tamaşaçı ekrandakı müsbət qəhrəmanlarla yanaşı, həyatdakı mənfi tiplərin, zəhmətdən yayınanların, avaraların ümumiləşdirilmiş obrazlarını da görür, onları tanıyırdı. Kinonun insanların mənəviyyatına, əxlaqına təsiri danılmaz idi.
Kinoya yeni mövzular, yeni qəhrəmanlar, personajlar gərək idi, o qəhrəmanlar, o personajlar ki, tamaşaçı onları ekranda görmək istəyirdi, o mövzunu ki, tamaşaçını düşündürür, maraqlandırırdı. Bu mənada, kino sənətinin potensial imkanları geniş idi.
"İnsanı əmək ucaldır" - o dövrün ən çox yayılmış, dəbdə olan şüarlarından biri də bu ifadə idi. Bu şüar orta məktəbin aşağı siniflərindən başlayaraq təbliğ olunur, uşaqlarda, gənclərdə əməyə məhəbbət hissi oyadırdı. "Görüş" filmində də bu ideya qabarıq şəkildə öz əksini tapır və bu ideya iki gəncin - Kamillə özbək qızı, pambıqçı Lalanın sevgi motivləri fonunda verilməklə sanki çılpaq sovet təbliğatının üstünü malalamaq işinə xidmət edirdi.
Kənddə əhlikef oğlan kimi tanınan Kamili onun Lalaya olan məhəbbəti dəyişdirir. Onadək bacısı - əmək qabaqcılı Bilqeyisin danlağından belə nəticə çıxarmır, yola gəlmirdi. Bu yerdə məhəbbət öz işini asanlıqla görür.
Xalqlar dostluğunun tərənnümü filmin süjetinin əsas xəttidir. Azərbaycanlı gənclə özbək qızının münasibəti, sevgisi də bu ideyanı açmağa xidmət edir, yəni sovetlər birliyində milli ayrı-seçkilik yoxdur, müxtəlif millətlərin nümayandələri birləşə, ailə qura bilərlər.
"Görüş" komediya janrında çəkilmiş filmdir. Müharibədən çıxmış ölkədə xalqın aldığı yaralar təzə-təzə qaysaq bağlayırdı. Əzizlərini, doğmalarını davada itirmiş insanların, Stalin despotizminin dəhşətlərini yaşamış xalqların ovqatını dəyişməkdə, onların əhval-ruhiyyəsini yüksəltməkdə kino ən əlverişli, kütləvi sənət növü idi. Komediya janrında çəkilən filmlərin mövzusu həm şəhər, həm də kənd həyatını əks etdirməliydi. İnsanlar gülüşün acıydılar, o gülüşün ki, sadəcə onları əyləndirmirdi, həm də düşündürürdü.
Rejissor Tofiq Tağızadə "Görüş" filmində daha çox tanınmış aktyorlara yer verib. Leyla Bədirbəyli, Həsənağa Salayev, Mustafa Mərdanov, Əliağa Ağayev, Minəvvər Kələntərli, Barat Şəkinskaya və başqaları çəkiliblər. Bu sənətkarlar daha çox teatr aktyorları kimi tanınsalar da, kinoda da özlərini təsdiqləmiş, tamaşaçı rəğbətini qazana bilmişdilər. Sənətdə ilk addımlarını atan, Arif Mirzəquliyevin də rolu uğurlu idi. Məhz bunun nəticəsiydi ki, sonradan biz onu bir neçə ekran əsərində, o cümlədən "O olmasın, bu olsun" filmindəki Sərvər rolunda gördük. "Görüş" filmindəki Kamil rolu, əslində, Arif Mirzəquliyevdən ötrü bir tramplin idi. Peşəkar aktyor olmayan, ixtisasca həkim olan Arif Mirzəquliyev Kamil obrazını tamaşaçıya sevdirə bilmişdi. Çox təəssüf ki, o, kinodan tez ayrıldı.
"Görüş" filmindəki aktyorlardan danışanda, bir sənətkarı da yaddan çıxarmamalıyıq - Lala İsmayılova rolunun ifaçısı Özbəkistanın Əməkdar artisti Nelli Ataullayevanı. Amma o gözəl, istedadlı sənətkarı unutmuşuq, deyəsən. Azərbaycan mətbuatında onun haqqında, az yazılıb.
Nelli Ataullayeva 1931-ci ildə Daşkənddə anadan olub. "Görüş" filminə dəvət alanda onun 23 yaşı vardı. Özbəkistanın üzdə tutulan, populyar aktrisalarından sayılırdı. Tamaşaçıların sevimlisiydi. Tamaşaçılar onun həm teatr, həm də kino personajlarının sorağındaydılar. Nelli sonradan teatrdan uzaqlaşaraq taleyini kinoya bağlayır. Ümumittifaq Kinematoqrafiya İnstitutunun sənədli filmlər rejissorluğu şöbəsini bitirir. Milliyyətcə rus olan tələbə yoldaşı ilə ailə qurur. Oğlanın yüksək mənsəbli valideynləri onların evliliyini qəbul etmədiklərindən, yeni ailənin ömrü uzun sürmür, dağılır. Nelli körpə oğlu Nikitanı da götürüb Moskvadan Daşkəndə qayıtmalı olur. Öz ixtisası üzrə işləyir, iyirmiyədək sənədli film çəkir. Tale burada da bu şən, mehriban qızın üzünə gülmür, o, 1974-cü ildə uzun sürən ağır xəstəlikdən sonra yaradıcılığının çiçəkləndiyi bir vaxtda - 43 yaşında dünyadan köçür. Onun ölümündən sonra keçmiş əri oğlu Nikitanı Moskvaya aparır. Nellinin xatirəsini yaşatmaq üçün uşağa anasının familiyasını verirlər - Ataullayev. İndi Moskvada Ataullayev familiyasını daşıyan bir nəsil yetişir.
Nelli Ataullayevanın ömür yoluna nəzər yetirəndə görürük ki, aktrisanın həyatının özü bir filmdir - qəmli-qüssəli film...
Yadımdadır ki, əllinci illərin sonunda "Görüş" filmindən sonra rayon cavanlarından Orta Asiyaya işləməyə gedənlər oldu. Onların arasında Cahan xalanın adar-madar oğlu Saday da vardı. Yazıq arvad qalmışdı çar-naçar, yanıb-yaxılırdı. Dilinə yiyəlik eləmir, o filmi çəkənlərin qarasına gileylənirdi. Deyirdi o kino mənim başıma bəla oldu, oğlumu yurdundan-yuvasından elədi. Gədənin ağlını başınnan o özbək qızı çıxartdı, özbək qızı. Görüm o qızı...
"Görüş" filminin ekranlara çıxdığı vaxtdan uzun illər ötüb. Nəsillər dəyişir, amma filmə olan maraq dəyişmir, sönmür.
"Görüş" filminə bu gün də həvəslə baxıram, hər dəfə də yeni nəsə tapıram. Xəyal məni qanadlarına alıb ötən illərə aparır. Filmdəki aktyorları xatırlayıram, həyatdan nakam köçmüş özbək aktrisası Nelli Ataullayevanın siması gözlərim önündə canlanır. Cahan arvadın sözləri qulağımda səslənir: "Görüm o qızı..."
Soyuq gizilti keçir ürəyimdən. Yoxsa Cahan arvadın ahı tutmuşdu o aktrisanı?..
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.