AZ

Tərcümə təcrübələri , yoxsa tərcümə dərsləri?! Şəfəq Nasir yazır

ain.az xəbər verir, 525.az saytına əsaslanaraq.

Şəfəq NASİRFilologiya üzrə fəlsəfə doktoru

Mənə görə, orijinal əsərlə müqayisədə tərcümənin ədəbi zəhməti daha böyükdür. Tərcüməçinin yazıçı ilə əsərləri vasitəsilə tanışlığı - bədii ədəbiyyata baxış prizması, təmsil olunduğu xalqın özünəxas həyat, davranış tərzinə, yazı manerasına bələdliyi, mətndə təsvir olunan hadisə-əhvalatın səciyyəvi xüsusiyyətlərini, obrazların xarakterini duya bilməsi, bir növ işinin istiqamətini bəlli edən kompasdır. Bir məqam da tərcüməyə aldığı əsərə nə kimi keyfiyyətlərinə görə üstünlük verməsidir. İlk baxışda nəzəri cəlb etməyən digər incəlikləri də gözə alsaq, əsas olan tərcüməçinin hansı qayda və meyarla işləməsi prinsipidir. Nəticə etibarilə, oxucunun görmək istədiyi və sonda qane olacağı tərcümənin səviyyəsidir...

Əslində bu fikirləri düşüncəmdə yaradan tanınmış ədəbiyyatşünas, tərcüməçi, esseist, redaktor Seyfəddin Hüseynlinin yaxın zamanda oxuduğum "Tərcümə təcrübələri" kitabı oldu. Toplu ilə ilk tanışlıqdan aydın oldu ki, onun tərcüməyə seçdiyi ölkələr, müəlliflər, müxtəlif janrlarda qələmə alınmış bədii mətnləri dilimizə çevirməkdə məqsədi, Azərbaycan oxucusunu dünya ədəbiyyatının ən yaxşı nümunələri ilə tanış etmək, diqqəti örnək ola biləcək məqamlara yönəltməkdir. Bu isə Seyfəddin Hüseynlinin tərcümə ədəbiyyatına ciddi, həm də mükəmməl baxışının ən yaxşı göstəricisidir.

Qeyd edim ki, tərcüməyə cəlb olunmuş müxtəlif ölkə yazıçılarının əsərləri ideya və məzmunu, dünyəvilik mahiyyət kəsb etməsi baxımından tədqiq-təhlil üçün əsl xammaldır. Lakin məqsədimiz tərcüməçinin bu mətnləri Azərbaycan oxucusuna hansı səviyyədə çatdırmasına münasibət bildirmək olduğundan fikrimizi bu istiqamətə yönəltdik.

Topluda yazıçıların bir neçə janr və istiqamətdə əsərləri (hekayələr, esselər, söhbətlər) tərcüməyə alınıb. Hər birinin də yazı üslubu, ahəngi fərdilik baxımından maraqlı və cəlbedicidir. Bu halda tərcüməçidən gözlədiyimiz, onun mətnlərə özəl münasibəti, müəlliflərin fərqli yazı üslubuna həssaslıqla yanaşması, səriştəsi, ümumən işinin səviyyədir. Tərcüməçi mətnlərin ifadə formasını, daxili quruluşunu duymalı, "emal etməkdə" müəyyən təcrübəyə malik olmalı, özünün ədəbi potensialına güvənməlidir...

Qeyd etdiyimiz kimi, Seyfəddin Hüseynli müxtəlif ölkə müəlliflərinin və əsərlərin seçimində rəngarəngliyə diqqət edib. Hər bir əsərin tərcüməsi də mətnin doğurduğu prinsiplərə söykənir. Təbii ki, müxtəlif mövzuda və xarakterdə olan əsərlərin zərgər incəliyi ilə işlənməsi tərcümədə ən vacib amildir. "Tərcümə təcrübələri" ilə bağlı ilk başdan onu deyim ki, Seyfəddin Hüseynlinin dünya ədəbiyyatından çevirdiyi çeşidli əsərlər yazıçı, tərcüməçi iddiasında olan gənclərə mövzu seçimində, dil-üslub fərdiliyinə malik olmasında bir növ nümunə olacaq mətnlər kimi qəbul oluna bilər. Fikrimizcə, o, tərcüməyə əsl ədəbiyyat nümunələrini seçməklə bir növ dünya ədəbiyyatının örnəklərindən öyrən(t)məyi də diqqətə almışdı. Unutmayaq ki, ədəbiyyatın başlıca vəzifəsi öyrətmək, ictimai şüura təsir və təlqin etməkdir. Öyməklik olmasın, Xalis Ədəbiyyat Adamı kimi tanıdığımız Seyfəddin Hüseynli bu halal haqqı çoxdan qazanıb... 

Bu əsərlərdə ədəbi zövqümüzü oxşayan təhkiyə dilinin rəvanlığı, insanların gündəlik həyatında müşahidə olunan hadisə, davranış tərzi və vərdişlərin bədii təcəssümünün düşüncəmizdə doğurduğu qənaət belədir: tərcüməçi mətnlərin təsir gücünü, ruhunun bir qətrəsini belə itirmədən, ədəbiyyatımızın çoxçalarlı, zəngin epitetlərini yerinə oturtmaqla dilimizə çevirmişdir. Bu da tərcüməçinin işinə peşəkarcasına yanaşması, mətnlərdə dil-təhkiyə gözəlliyini incəliklə qoruması, müəllif və personajları rahatlıqla idrak etməsinin təzahürüdür. 

lll

Seyfəddin Hüseynli Çin ədəbiyyatından etdiyi tərcümələrində bəzi mövzuların digər xalqların ədəbiyyatında bir başqa biçimdə oxşarlığına "Tərcüməçidən" yazısında aydınlıq gətirir. Eləcə də xalqımızın yaratdığı qəhrəman obrazların digər formada təsvirinə çinli yazıçıların, əsərlərində, həmçinin bir çox ölkələrin ədəbiyyatında mövcud olan oxşarlıq və eyniliyi baxış müstəvisinə gətirərək, maddi dəlillər əsasında paralellər aparır: "Alt çənə" novellasını bütün Şərqdə yayılan Molla (Xoca) Nəsrəddin lətifələrinin "çinli əcdadı" saymaq olar. Yaxud "Səfehlər kəndi"ndə baş verənlərə Azərbaycan və dünyanın digər xalqlarının məişət nağılları arasındakı eyniliyi görməmək üçün gərək ədəbiyyatdan, folklordan tamamilə xəbərsiz olasan. "Qabaqcadan bilinən evlilik"də əsas ideya xətti insanın alın yazısından qaça bilməməsi, taleyin, qismətin qarşısında gücsüzlüyüdür. Bu ideyanın təsirilə təxminən min il sonra, xüsusən Latın Amerikası ölkələrindən çıxmış nəhəng yazıçıların qələmilə, bütün zamanların ən dəyərli roman və hekayələri yaradıldı. "Paytaxtlı alimin sərgüzəşti" novellasının müəllifi Xuanfu Şini isə güclü və sağlam yumor hissinə, duzlu qələminə görə tam ixtiyarla, birbaşa böyük Qoqolun və ölməz Mirzə Cəlilin sələfi saymaq olar. Xuanfu Şinin "mən-mən" deyib, sinəsinə döyən, danışanda ağzına çullu dovşan sığmayan, əslində isə miskin, qorxaq personajı Qoqolun "Kolyaska", Mirzə Cəlilin "Qurbanəli bəy" əsərinin qəhrəmanlarının çox-çox əski nümunəsidir".

Mənə görə dünya ədəbiyyatına bu cür izahlı yanaşmanın özü ədəbiyyatşünaslıqda yeni bir istiqamətdən tədqiqat predmetidir. Belə düşünmək olar ki, mövzuya ilkin və orijinal baxış da Seyfəddin Hüseynliyə məxsusdur... 

Tərcümədə peşəkarlığın bir ümdə cəhəti də mütaliə zamanı əsərin tərcümə olunduğunu unutmaqdır. Bu zaman oxucu bütün marağı ilə özünü təsvir olunmuş əhvalatın, həyatın içində və personajın yerində hiss edir. Elə mən də bu əsərləri oxuduqca bəzən onların tərcümə olduğunu unudur, sanırdım ki, mətnlərin müəllifi Seyfəddin Hüseynlinin özüdür. İndi təqdim edəcəyimiz əsərdən müəllifin adını bir kənara qoysaq, oxucu onun orijinal əsər olduğunu düşünər. Belə ki, bədii mətndən duyduğumuz hiss, nəfəs, ifadə-detallar əsərin ana dilimizdə yazıldığı ehtimalını doğurar. 

"Əcnəbiləri niyə sevmirik" hekayəsində bir çox ölkələrdə mövcud olan ciddi qaydalar kiçik hadisələrin fonunda təsvirə alınıb. İlk baxışda hekayədən aldığımız nəticə sadə təsir bağışlayır. İngiltərə yazıçısı Cerom Klapka Ceromun bu hekayədə xalqın həyat-yaşam qaydalarına bədii don geyindirmədən təsvirə alması diqqət çəkir. İngilis adamının təbiətini olduğu kimi açması, tərcüməçi vasitəsilə bu xalqın düşüncə, davranış tərzindən məlumatlı olmağımız maraqlı olduğu qədər də həyat gerçəkliyinin bədii ədəbiyyatda əksinin ən yaxşı nümunəsi kimi diqqət çəkir. Əsərdən aldığımız nəticə isə budur: qanunlara riayət etmək hamının borcudur. 

Oxuyuruq: "Anadangəlmə nəciblik - əcnəbilərin ingilisdən üstünlüyü bundadır. İngilisin tayı deyil əcnəbi: yalandan özünü nəcib adam kimi göstərməyə can atmaz. Əcnəbi olan kəs hər yeni il ərəfəsi "bundan belə daha yaxşı adam olmaq" barədə özü-özünə söz verməyə, sonra da bu vərdişinə, uzaqbaşı, yanvarın ortalarınacan sadiq qalmağa vərdiş etməyib. Çünki o, elə bütün il boyu öz nəcibliyində qalır". Burdan belə digər əcnəbi ölkə insanının mədəniyyəti, nəcibliyi ingilislərin həyat tərzi ilə müqayisəli şəkildə təsvir olunur. Və sonuncu cümlədə müəllif müqayisələrin nəticəsində ingilis "nəcibliyinin" yerli-dibli olmadığını açıq-aşkar söyləyir: "Əcnəbilərdə anadangəlmə nəciblik var: bax biz buna görə sevmirik onları!"...

Əsərin dilimizə belə səlis, axıcı, rahat, mənəvi həzlə qavranılacaq tərzdə tərcüməsi, çoxçalarlı detal və ifadələrin yerli-yerində işlənməsi, bədii mətnin ədəbi yükünü çəkə bilməsi Seyfəddin Hüseynlinin işinə son dərəcə məsuliyyətlə yanaşmağının, yüksək peşəkarlığının təzahürüdür. Yeri gəlmişkən, tərcüməçinin layiq olduğu bu fikirləri "Tərcümə təcrübələri"ndə yer almış bütün mətnlər haqqında demək olar... 

Anatol Fransın (Fransa) "Yaxşıca mənimsənilmiş dərs" hekayəsindən iqtibas etdiyimiz bu cümlə isə uzun, mürəkkəb olmasının müqabilində özünün rəvan və rahat oxunuşu ilə diqqətimizi çəkdi: "- Sizə baxanda, xanım, mən Kukurbitus Pigerin Strabona yazdığı şərhlə bizə çatdırdığı bir rəvayətin, yəni qədimdə Parisin və buradakı universitetin Lütesiya, yaxud Levtesiya, ya da yunancadan çevirəndə "bəyaz" mənasını verən "Leuke" sözündən törəmiş hansısa oxşar kəlməylə adlandırılmasının, buranın qadınlarının - sizdəki qədər dümağ və parlaq olmasa da - bəmbəyaz sinələrilə şöhrət qazanmalarının inandırıcı, hətta tamamilə gerçək olduğunu düşünürəm". Bax burda tərcüməçinin öhdəsinə aldığı işin (özü də belə bir uzun mürəkkəb cümlə!) əziyyətini duymamaq, dəyərləndirməmək mümkün deyil... 

Aleksandr Soljenitsının "Qara şam", "İldırım", "Uqliç zəngi", "Qocalmaq", "Zəng qülləsi", "Xəcalət", "Bəd toxum" esselərində müəllifin üslubunu, bədii məntiqini Azərbaycan oxucusuna məharətlə çatdıra bilməsini təkcə Seyfəddin Hüseynlinin deyil, ümumən tərcümə ədəbiyyatımızın mühüm uğuru hesab etmək doğru olar. Şam ağacının xarakteri, təbiəti, quruluşu çoxlarının görə bilmədiyi, fərqində olmadığı bir incəlik, həssaslıqla təsvir olunur. Obraz kimi təqdim olunan bu ağacın yaşamı insanın həyatı ilə qarşılaşdırılır. Müəllif təbiətlə insan arasındakı oxşarlığı məntiqi şəkildə təsvir edir. Mətnin dilimizdə xalq ruhuna uyğun olan ahəngi, yapışıqlığı, səliqəli, rəvan təsviri fikrimi necə sardısa, "Qara şam"dan kiçik bir budaq timsallı hissəni təqdim etməyə bilmədim: "... Sonra da öz səmtinə aşıb, hündür bir "bacı"sının dostyana açılmış haçasına yıxıldı. Biz də eynən belə oluruq: vicdan əzabının zərbəsi haqladısa, içimizi və bütün ömrümüzü boydan-boya dəlib keçir. Ondan sonra kim ölə, kim qala..." Burda bədii detal-tapıntılara diqqət yetirdinizmi... "boydan-boya dəlib keçmək", "bacısının dostyana açılmış haçasına yıxıldı", "ondan sonra kim ölə, kim qala..." Bu bədii parçada insanın qəlbini dələn dərdin, ağrının, mətnin ifadə gözəlliyinin, doğurduğu həyəcanın dilimizin ahəngində zərif, məntiqi və incə detallarla işlənməsi və ustalıqla çevrilməsinin güclü təsiri tərcüməçinin səriştə, bacarıq və peşəkarlığının mükəmməl təzahürüdür. Seyfəddin Hüseynlinin bütün mətnləri orijinaldan, yaxud ikinci dildən etdiyi tərcümələrində həyati detalları incəliyinədək qavraya bilməsi, çətin anlaşılan ifadələrin məna gözəlliyinin qarşılığını tapması və yerində işlətməsi onun ana dilimizin, folklorumuzun zəngin çalarlarına vaqif olduğunu göstərir. Tərcüməçi üçün gərək olan ümdə cəhətlərin zəruri olanı da budur.

İndi təqdim edəcəyimiz mətnin qəlbə, şüura təsiri isə insanı bir başqa ovqata kökləyir... "O dalğalanan zəng sədaları - böyük Fəlakətin carçısı - Birinci Qarışıqlığın ayaq səsləri idi. İndi mənə də nəsib oldu bu: haradasa altdan-altdan baş qaldıran Üçüncü Qarışıqlığın həyəcan zəngini çaldım. Müqayisədən necə yayınasan: xalqın bəsirətli həyəcanı hakimiyyətin və basılmaz əyanların önündə miskin bir maneədir yalnız - ha dörd yüz il əvvəl, ha indi... " ("Uqliç zəngi"). Mətn hadisələrin baş verdiyi dövrü, zamanı gözəl xarakterizə edir. Amma tərcümə də zordu ha... 

"Qocalıq heç də Tanrı cəzası deyil, o, özü də bir nemətdir və xoş olan cilvələri var... Ağlı başında qocalmaq aşağıya deyil, yuxarıya aparan bir yoldur. Aclıq içində, soyuqda keçən qocalıq nəsib etmə bircə, İlahi. Biz o halda neçələrini tərk etmişik, neçələrini..." ("Qocalmaq").

Təbiətin canlı zümrəsinin həyatından bəhs edən yığcam esselərdə belə, göz önünə yaxşı və pis insan gəlir. Məsələn, alaq otları ilə mədəni bitkilərin xisləti açılanda birinin bədliyi, digərinin zəifliyi  bədii predmet kimi önə çıxır: "... alaq otları çılğın bir əzmlə boy atır: nəinki hansısa bir qayğı-qulluq görmədən, əksinə, - cırnadıcı olan da burasıdır - hər cür qayğıya rəğmən. Bu məsəl də oradan gəlir: bəd toxum torpaqda çətin məhv olar". Yaxud da: "Mədəni bitkilər niyə həmişə zəif olur axı?" ("Bəd toxum") Bu əsərlərin bədii çəkisi ağır olduğu qədər də fəlsəfidir. Tərcüməçi də bu fəlsəfi nizamı pozmadan, mətləbin zərifliyni, həssaslığını saxlamaqla, bir ifadəyə belə, xələl gətirmədən mətni dilimizə mükəmməl çevirmişdir.

Əsərlərdən gətirdiyimiz parçalar, bəzən də onların məzmun və ideyasına varmaqda məqsəd, əslində diqqəti tərcüməçinin ədəbi zəhmətinə çəkməkdir. Biz Seyfəddin Hüseynlini dünya ədəbiyyatında gedən prosesləri izləyən, öyrənən və mütəmadi olaraq onlardan seçmə nümunələri Azərbaycan oxucusuna təqdim edən, mətnlərə ədəbi estetik baxımdan yanaşan mükəmməl ədəbiyyatşünas, ədəbi tənqidçi statusunda görürük. 

Bu əsərlərin mütaliəsi zamanı gördük ki, Seyfəddin Hüseynli mətnlərin ahəngini, çoxçalarlı məna gözəlliyini bədii dəyərini yüksək səviyyədə çatdırmaqdan ötrü tərcüməni dilimizin zəngin çalarları ilə təqdim edir. Onun bədii əsərlərdə əsl tapıntı olan uğurlu cəhdlərini tərcüməyə aldığı bütün mətnlərə şamil etmək olar.

Seyfəddin Hüseynli illərin tərcümə zəhmətinə qatlaşaraq gördüyü işlərə (kitaba) "Tərcümə təcrübələri" adını verib. Mənsə, onun yüksək ədəbi səviyyə və peşəkarlıqla etdiyi tərcümələrini "Tərcümə dərsləri" adlandırardım. Elə həqiqət olan da budur!

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
9
525.az

1Mənbələr