AZ

Sənədsiz tikililər problemi: çıxış yolu var?

525.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Uzun illərdir, ölkədə sənədsiz evlərlə bağlı müzakirələr aparılsa da, bu günədək hələ də məsələ öz həllini tapmayıb. Hazırda paytaxt ərazisində sənədsiz evlərin sayı 450-600 min arasındadır. Vətəndaşların belə mənzillərə "Çıxarış" ala bilməmələrinin əsas səbəbi isə ərazi ilə bağlı yaranan problemlərlə əlaqələndirilir. Çünki həyət evləri çox zaman kənd təsərrüfatı, yaxud sənaye əhəmiyyətli, habelə digər kateqoriyalı sahələrdə tikilir. Həmçinin bələdiyyələr tərəfindən bir çox hallarda müxtəlif dövlət mülkiyyətindəki torpaq sahələri vətəndaşlara qeyri-qanuni satılır.

Daşınmaz əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyir ki, ümumilikdə ölkə ərazisində sənədsiz evlərin sayı çoxdur. Təbii ki, bu əmlaklara çıxarışların verilməməsində müxtəlif səbəblər var. Səbəb həmin torpaqların təyinatının fərqli olması, bəzilərində tikinti normativlərinin uyğun aparılmaması, bəzilərində isə həmin tikililərin qadağan olunmuş ərazilərdə yüksəkgərginli elektrik naqillərinin ətrafında tikilməsidir. Bu səbəbdən həmin əmlaklarla çıxarışlar verilə bilmir. Burada itirən tərəf isə vətəndaşdır. Çünki mülkiyyət hüquq tanınmır, həm də dövlət büdcəsi bu sahədən yararlana bilmir. Həmin əmlakların çıxarışı olsaydı, əmlak, torpaq vergisi ödəməli olardı, sığortalana bilərdilər: "Kommunikasiya xətlərinin mühafizə zolağında inşa olunmuş qanunsuz tikililərdən başqa, normativlərə uyğun inşa edilmiş fərdi evlər də sənədləşdirilməlidir".

Ekspertin sözlərinə əsasən, hazırda 40 min qeyri-yaşayış obyekti digər təyinatlı torpaqlarda tikildiyindən onlara çıxarış verilməsi mümkün deyil. Bunun üçün ilk növbədə həmin obyektlərin yerləşdikləri ərazilərdə torpaqların təyinatı dəyişdirilməlidir. Hazırda kənd təsərrüfatlı təyinatlı torpaqlarda inşa edilən evlərə də "kupça" almaq mümkün deyil. Çünki həmin torpağın təyinatı onun üzərində yaşayış məqsədilə fərdi ev tikməyə imkan vermir: "Bunun üçün icra mexanizmi qurulmalı, normativlərə uyğun inşa edilmiş qeyri-yaşayış və fərdi evlərə çıxarış verilməlidir. Bakıda və Bakı ətrafında inşa edilmiş obyektlər illərdir ki, fəaliyyət göstərir. Onların mütləq əksəriyyəti vergi ödəyicisi kimi qeydiyyata da düşüb. Onlar qeyri-yaşayış obyekti kimi kommunal xərclərə daha çox rüsum ödəyirlər. Amma hələ də obyektlərinə çıxarış ala bilməyiblər".

Əmlak məsələləri üzrə ekspert Ramin Osmanlının fikrincə, sənədləşmə həm vətəndaşlar, həm də dövlət üçün müsbət nəticələr verəcək: "Vətəndaşlar indiyədək istifadə edə bilmədikləri hüquqlarını reallaşdıra biləcəklər: evlərdə qeydiyyata düşmək, əmlaklarını girov qoymaqla kreditlər götürmək, əmlaklarına sərəncam hüququ əldə etmək və sair. Dövlət və bələdiyyələr isə əmlak vergisi, sığortası, alqı-satqı əməliyyatlarından rüsumlar və sairlə bağlı gəlirlər əldə edəcək. Təxmini hesablamalara görə, dövlət bu istiqamətlərdə sənədsiz evlər üzrə ildə 50 milyon manata yaxın vəsait itirir. İnventarlaşma prosesi başa çatdıqdan sonra dövlət orqanları sənədsiz evlərin tikilməsinin qarşısını tamamilə almalıdılar ki, gələcəkdə yenidən belə problem yaranmasın".

Sevinc QARAYEVA

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
525.az

1Mənbələr