“Araz-Naxçıvan” - “Neftçi” oyunundan sonra başverənlər kaş ki, olmazdı.
Deməli, həmişə olduğu kimi, yenə də matç başa çatandan sonra yeniyetmə azarkeşlər klub avtobusunun ətrafında dayanıb, futbolçuları gözləyirdi. Həmişə olduğu kimi bu dəfə də mühafizəçilər klub rəsmilərinin, tanışlarının övladları deyilsə, azarkeşləri uzaqlaşdırırdı. Əslində bura qədər heç bir problem yoxdu.
Mühafizəçilər bir neçə dəfə “uzaqlaşın” desə də, yeniyetmələrin futbola, futbolçulara sevgisi onlara məhəl qoymamağa gətirib çıxardı. Mühafizəçilər əsəbləşdi və qeyri-etik ifadə işlədərək getmələrini tələb etdilər. Yeniyetmələrdən biri isə daha ağır söyüş işlətməklə cavab verdi. Bundan sonra artıq yaşı 30-u keçən mühafizəçi 15 yaşlı azarkeşin boğazından yapışdı, əvvəl vurdu, sonra isə boğdu. Gördü ki, camaat baxır, digər yeniyetmələr qorxularından qışqırır, “əmi, burax”, “uşaqdı e o, neynirsən?” deyir, saldı içəri və orda gözümün qabağında qırtlağından yapışaraq döydü, qolu ilə boğucu fəndə saldı. Uşaqlar fəryad edirdi. Digər iki-üç mühafizəçi isə uşaqların qarşısını alırdı ki, ayıran olmasın.
Axırda AFFA-nın mühafizə xidmətinin məsul şəxslərindən Mehman bəy xəbər tutdu, müdaxilə etdi, ayırdı. Zərərçəkən yeniyetmə və əl-qoluna sahib çıxmayan mühafizəçi ilə ayrı-ayrılıqda söhbət etdi. Uşaqlara da vəziyyəti normal şəkildə izah edərək stadiondan uzaqlaşdırdı.
Artıq bu hadisə yaşanandan sonra “qəhrəman” mühafizəçi iləazarkeşlərdən birinin arasından olan dialoqa baxın.
Azarkeş: Səndən neçə yaş balacadı, 15 yaşı var. Niyə əl qaldırırsan?
Mühafizəçi: Səhv elədi, mən də başa saldım. Özü də nə uşaq, 15 yaşı var. Mən onun yaşında olanda, bilirsən, nə edirdim?
Azarkeş: Səhv ondadı, söyüş söyüb. Buna heç nə demirəm. Amma elə boğmalı, döyməliydin?
Mühafizəçi: Əəə, nə çox danışdın e, sən, çıx bayıra.
Niyə Mərdəkana gələn bir ovuc azarkeşi də mühafizəçilər döyüb küsdürür stadiondan?
Ümumiyyətlə, döymək, boğmaq nədi? Elə dövrdə yaşıyırıq ki, ata övladına əl qaldırmaqdan çəkinir. Camaatın balasını hansı əsasla döyürsən? Getmir, elə elə ki, getsin. Bu sənin işindi. Söyüş söyür? Səhv edir. Bu ayrı məsələ. Amma uşağı qəddarcasına döymək nə deməkdi? Belə mühafizəçilər stadionlar, futbol, hətta ölkə üçün zərərlidi. Şiddətə bu qədər meyilli olmaq yolverilməzdi!
MÜZƏFFƏR QULUZADƏ
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta