AZ

Qalib Dövlətin Sülh Missiyası: Prezident İlham Əliyevin Liderliyinə Qlobal Etimad



Fevral ayının 4-də Əbu-Dabidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Birləşmiş Ərəb Əmirliklərinin nüfuzlu Şeyx Zayed Fondu tərəfindən 2026-cı il üzrə “Zayed İnsan Qardaşlığı Mükafatı” təqdim olunub. Bu mühüm hadisə müasir beynəlxalq münasibətlər sistemində sülhə və dialoqa xidmət edən liderlərin fəaliyyətinin xüsusi əhəmiyyət daşdığını göstərir. Cənab Prezidentin bu mükafata layiq görülməsi bu reallığın bariz təzahürüdür. Bu qərar Azərbaycanın artan beynəlxalq nüfuzunun, Prezident İlham Əliyevin isə yalnız regional deyil, qlobal miqyasda sülhü təşviq edən lider kimi qəbul edilməsinin göstəricisidir.

Bu fikirləri aia.az-a açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.

Deputat bildirib ki, bu gün dünyada geosiyasi qarşıdurmaların dərinləşdiyi, beynəlxalq hüququn selektiv yanaşmalarla kölgədə qaldığı bir şəraitdə Prezident İlham Əliyevin Cənubi Qafqazda davamlı və ədalətli sülhün təmin olunması istiqamətində atdığı prinsipial addımlar xüsusi önəm kəsb edir. Azərbaycan öz gücünə, beynəlxalq hüquqa və tarixi ədalətə əsaslanaraq ərazi bütövlüyünü təmin etdikdən sonra regionda yeni reallıqlar formalaşdırmış və bu reallıqları qarşıdurma deyil, sülh platformasına çevirməyi bacarmışdır.

Prezident İlham Əliyev mükafatlandırma mərasimindəki çıxışında sülhün miqyasını xüsusi vurğulayaraq qeyd edib:“Bu sülh təkcə iki ölkə üçün deyil, daha geniş region üçün də böyük əhəmiyyət kəsb edir.”Bu fikir Prezident İlham Əliyevin sülh siyasətinin mahiyyətini açıq şəkildə ifadə edir. Azərbaycan–Ermənistan arasında əldə olunan sülh yalnız ikitərəfli münasibətlərin normallaşması deyil, bütövlükdə Cənubi Qafqazın uzun illər davam edən qarşıdurma zonasından əməkdaşlıq və inkişaf məkanına çevrilməsi üçün real fürsətdir. Azərbaycan bu prosesi regional məsuliyyət kimi qəbul edir və sülhü dayanıqlı gələcəyin əsas şərti hesab edir.
Dövlət başçısının çıxışında humanizm və dinlərarası dialoq məsələlərinə verdiyi önəm də xüsusi diqqət çəkir: “Dinlərarası dialoqun inkişafına verdikləri töhfəyə, həmçinin sivilizasiyaların bir-birinə daha da yaxınlaşması istiqamətində göstərdikləri səylərə görə Əl-Əzhərin böyük imamı, doktor Əhməd Əl-Tayyibə və Roma Papası, Zati-müqəddəsləri Leoya minnətdarlığımı bildirmək istəyirəm.” Bu fikirlər Prezident İlham Əliyevin sülhə yanaşmasının yalnız siyasi deyil, eyni zamanda mənəvi əsaslara söykəndiyini göstərir. Azərbaycan multikulturalizm və tolerantlıq dəyərlərini dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevirərək dinlər və mədəniyyətlər arasında dialoqu təşviq edən nümunəvi ölkə kimi çıxış edir. “Zayed İnsan Qardaşlığı Mükafatı”nın fəlsəfəsi də məhz bu prinsiplərə əsaslanır.

Tamam Cəfərova xüsusilə vurğulayıb ki, cənab Prezidentin çıxışının ən mühüm məqamlarından biri isə tarixi reallığın ifadəsi olub:“Biz 30 ildən artıq müddətdə müharibə şəraitində olmuşuq. İndi isə artıq altı aydır ki, sülh şəraitində yaşayırıq.” Bu cümlə Azərbaycan xalqının taleyində yeni mərhələnin başlandığını göstərir. Uzun illər müharibənin ağır nəticələrini yaşamış bir ölkə kimi Azərbaycan bu gün sülhün əsl dəyərini dərk edir və onu qorumağı strateji vəzifə hesab edir.

Prezident İlham Əliyev Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın ev sahibliyi etdiyi tarixi Zirvə Görüşündən sonrakı dövrə də xüsusi toxunaraq qeyd edib: “Vaşinqton Zirvə Görüşündən sonrakı altı ay tərəfdaşlıq, əməkdaşlıq və uzunmüddətli, dayanıqlı sülhə doğru irəliləyiş ayları olmuşdur.”Dövlət başçısının dəfələrlə vurğuladığı kimi, “biz sülh şəraitində yaşamağı öyrənirik” və bu, həm, Azərbaycan, həm də Ermənistan üçün tamamilə yeni bir mərhələdir.

Əminliklə demək olar ki, Prezident İlham Əliyevin “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi təkcə bir liderə verilən mükafat deyil. Bu, Azərbaycanın sülhə, humanizmə və beynəlxalq əməkdaşlığa əsaslanan dövlət siyasətinə verilən qlobal qiymətdir. Bu mükafat ölkəmizin beynəlxalq mövqelərini daha da möhkəmləndirəcək, Cənubi Qafqazda sülh prosesinə yeni impuls verəcək və Azərbaycanın dünya siyasətində etibarlı tərəfdaş kimi rolunu daha da gücləndirəcəkdir. Millət vəkili Tamam Cəfərova belə deyib.



Seçilən
90
aia.az

1Mənbələr