AZ

"İdrak"da müəllimini güllələyən şagirdə hansı cəza VERİLƏCƏK?-AÇIQLANDI

Bu barədə 5 saylı vəkil bürosunun vəkili Asim Abbasov Ajans.az-ın suallarımızı cavabalandıraraq bildirib ki, 10-cu sinif şagirdinin öz müəllimini qəsdən həyatdan məhrum etmək niyyətinin olub-olmaması, yoxsa əməlin ehtiyyatsızlıqdan baş verməsinə diqqət etmək lazımdır.
Belə ki, cinayət məcəlləsində hər maddə üzrə cinayət məsuliyyətinin yaranması üçün yaş həddi müəyyən olunmuşdur. Qəsdən adam öldürmək maddəsi üzrə cinayət məsuliyyəti 14 yaşdan başlayır. 10-cu sinif şagirdinin yaşının 14 yaşdan yuxarı olması realdır.  Araşdırma nəticəsində qəsdən başqa şəxsi həyatdan məhrumetmək niyyətinin olması təsdiq olunarsa 10-cu sinif şagirdi 29.120-ci maddəsi(qəsdən adam öldürməyə cəhd)  ilə cinayət məsuliyyətinə cəlb olunacaqdır.
Əgər əməl ehtiyyatsızlıqdan törədilibsə bu zaman şəxsin həyatda qalıb-qalmamasından asılı olaraq məsuliyyət müəyyən olunacaqdır. Belə ki, müəllimə həyatını itirsə əməli törədən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124-cü maddəsi(ehtiyyatsızlıqdan adam öldürmə), əgər sağlamlığına ağır zərər dəysə bu zaman əməl 131(ehtiyyatsızlıqdan sağlamlığa ağır zərər vurma) ilə nəticələnəcək. Bu maddələr üzrə cinayət məsuliyyətinin yaranması üçün yaş həddi 16-dır. Bu səbəbdən əməli törədən şəxsin 16-yaşına çatıb-çatmaması önəmlidir.
Bununla yanaşı odlu silahın qanuni yoxsa qanunsuz əldə edilməsinə diqqət etmək lazımdır. CM-nin 228.1-ci maddəsinə əsasən Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və ya gəzdirmə cinayət məsuliyyəti yaradır. 10-cu sinif şagirdinin silahı qanuni yolda əldə etməsi mümkünsüz ola bilər. Çünki qanunvericilikdə qanuni silah əldə etmənin yaş həddi 18-dir. Hər bir ehtimalda şagirdin yaş həddinə diqqət etmək lazımdır. CM-nin 228-ci maddəsinin subyekti də 16 yaşına çatmış şəxs ola bilər. Yəni, 228-ci maddə ilə məsuliyyətin yaranması üçün şəxsin 16 yaşına çatması şərtdir.


Şagirdin odlu silahı haradan əldə etməsinə də diqqət etmək lazımdır. Belə ki, KİV-də çıxan  məlumatlardan görünür ki, şagird valideyninə məxsus olan odlu silahı məktəbə çantasında gətirmişdir.  Burada valideyninə münasibətdə CM-nin 228 və 230-cu maddələrlə cinayət məsuliyyəti yarana bilər. Belə ki, valideyn odlu silahı qanuni yolla əldə edibsə bu zaman onun əməlində CM-nin 228-ci maddəsi yaranmayacaqdır. Lakin silahı qanuni yoxsa qanunsuz yolla əldə etməsindən asılı olmayaraq odlu silahı diqqətsiz saxlaması real görünür. Çünki valideyn silahı qanuni yolla əldə etsə belə, silahı diqqətsiz saxlaması nəticəsində ağır nəticə baş vermişdir. CM-nin 230-cu maddəsinə əsasən Odlu silahın diqqətsiz saxlanılması ilə yaranmış şərait nəticəsində həmin silahdan başqa şəxsin istifadə etməsi ağır nəticələrə səbəb olduqda- yalnız bu halda cinayət məsuliyyəti yaranır. Hazırkı işdə ağır nəticələrin baş verməsi realdır. Əgər silahı qanunsuz yolla əldə edibsə valideynin əməli CM-nin 228, 230, silahı qanuni yolla əldə edibsə 230-cu maddə ilə tövsif olunmalıdır.
Şagirdin məktəbə çantasında odlu silahla daxil olmasında məktəb nümayəndələrinin əməllərinə münasibətdə bildirirəm ki, əgər məktəbdə mühafizəçi( çantaları yoxlamaq, təhlükəsizlik qaydalarına məsuliyyət daşıyan şəxs) varsa və o, öz vəzifəsini düzgün şəkildə yerinə yetirməmişsə onun əməli CM-nin 314.2-ci maddəsi(səhlənkarlıq ağır nəticələrə səbəb olduqda) ilə tövsif olunacaqdır. Hər bir halda mühafizəçinin vəzifə təlimatlarına diqqət etmək lazımdır.

Seçilən
71
1
Ajans.az

2Mənbələr