Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan keçirdiyi mətbuat konfransında Azərbaycanla hərbi münaqişə riskinin tamamilə aradan qalxdığını bəyan edib.
Nazir iki il əvvəlki hərbi ritorikanın bu gün artıq iqtisadi müzakirələrlə əvəzləndiyini böyük bir nailiyyət kimi qiymətləndirib.
Gündəm müharibədən ticarətə dəyişib
Papoyan bildirib ki, hazırda ölkə daxilində müzakirə olunan əsas mövzular yeni hücum təhlükəsi deyil, bazarlardakı qiymətlər və ticarət dövriyyəsidir. O, vəziyyəti belə izah edib:
“İki il əvvəl hər kəs hər an müharibənin başlaya biləcəyindən danışırdı. Mən nazir təyin olunanda əsas müzakirələr yeni hücumun olub-olmayacağı ətrafında idi. İndi isə hər kəs hansısa malın niyə satılıb-satılmadığını və ya benzinin qiymətinin nə qədər düşdüyünü müzakirə edir. Hesab edirəm ki, bu, artıq çox yaxşı göstəricidir”.
“Sülhün nəticələri real həyatda görünür”
Nazirin fikrincə, bu gün müharibə ehtimalı sıfıra enib və artıq real sülhdən danışmaq olar. O vurğulayıb ki, bir il əvvəl heç kim Ermənistan və Azərbaycanın qarşılıqlı ticarət aparacağını təsəvvür belə etmirdi:
“Sülhün nəticələrini biz müxtəlif qərarlarımızda, o cümlədən qanunvericilik dəyişikliklərində görürük. Artıq Ermənistan və Azərbaycan arasında ticarət aparılması faktı sülhün ən böyük dividendidir”.
Xatırladaq ki, Papoyan bir qədər əvvəl Azərbaycan yanacağının Ermənistan bazarında satıldığını və tərəflərin qarşılıqlı mal siyahılarını mübadilə etdiyini təsdiqləmişdi. Ekspertlər bu bəyanatı iki ölkə arasında sülh müqaviləsinin imzalanmasına hazırlıq mərhələsinin ən müsbət siqnallarından biri kimi dəyərləndirirlər.
Musavat.com